Dubay nümayəndə heyəti Azərbaycanın investisiya imkanları ilə tanış olmuşdur

 

 Aprelin 19-da Azərbaycanda səfərdə olan Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının baş icraçı direktoru, Dubay Bankının sədri, Dubay İslam Bankının idarə heyətinin sədri Məhəmməd Əl Şaybaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın investisiya imkanları ilə tanış olmuşdur. AzərTAc xəbər verir ki, əvvəlcə İqtisadi İnkişaf Nazirliyində olan qonaqlar nazir Şahin Mustafayevlə görüşmüşlər. Görüşdə mövcud iqtisadi əlaqələr və qarşılıqlı investisiya imkanları müzakirə olunmuşdur.

Sonra qonaqlar "Bakı şəhər" ofisinin binasında keçirilmiş tədbirdə iştirak etmişlər. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov tədbirdə Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər, ölkədə yaradılmış əlverişli biznes mühiti, eləcə də ölkəmizin investisiyaturizm imkanları barədə məlumat vermişdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Gülşən Rzayeva, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin direktoru Toğrul Köçərli və digər şirkətlərin nümayəndələri investisiya layihələri barədə ətraflı məlumat vermiş, təqdimatlarla çıxış etmişlər.

"Bakı şəhər" layihəsinin direktoru Ruslan Sadıxov  layihə üzrə görülən və görüləcək işlər barədə qonaqlara məlumat vermiş, "Bakı şəhər"in dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri müasir layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, neftneft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasirböyük yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. "Bakı şəhər"də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.

Təqdim olunan investisiya layihələri Dubay nümayəndə heyəti tərəfindən maraqla qarşılanmışdır.

Dubay Əmiri Administrasiyasının rəhbəri Məhəmməd Əl Şaybani jurnalistlərə müsahibəsində bildirmişdir ki, sizin doğrudan da, valehedici ölkəniz vardır. Əlbəttə ki, biz Azərbaycana investisiya yatırmağı nəzərdən keçirəcəyik. Buraya səfər etməyimiz sizin ölkəyə olan marağımızın göstəricisidir.  Biz düşünməzdik ki, burada belə sürətli inkişaf vardır. Bu, Azərbaycanın uğurudur.

"Bakı şəhər" layihəsinə gəldikdə isə, bizim şəhərsalma sahəsində böyük təcrübəmiz vardır. Bu layihə çox möhtəşəmdir. Azərbaycanın turizm imkanları haqqında da çox eşitmişik. Ölkənizin turizm potensialı ilə daha yaxından tanış olmaq üçün səfərimizin proqramını dəyişmişik. Bu isə, Azərbaycanın böyük turizm potensialına malik olması ilə əlaqədardır. Ona görə də Azərbaycanın digər şəhərlərinə də səfər edəcək, turizm imkanlarını araşdıracağıq. 

"O ki qaldı layihələrə, biz təqdim olunan investisiya layihələrini təhlil edəcək və hansı sahəyə sərmayə qoyacağımız barədə qərar verəcəyik", - deyə Məhəmməd Əl Şaybani vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 5.