Azərbaycan
İSAF əməliyyatlarına töhfə verməyə davam etməkdə qərarlıdır
Azərbaycan həm qoşun hissələri göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına icazə verməklə, habelə qardaş əfqan xalqına qeyri-hərbi yardım proqramları təmin etməklə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) əməliyyatlarına töhfə verməyə davam etməkdə qərarlıdır.
AzərTAc xəbər verir ki, bu sözləri aprelin 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Şimali Atlantika Şurasının İSAF-a töhfə verən dövlətlərin xarici işlər nazirlərinin Belçikada keçirilən iclasındakı çıxışında demişdir.
Azərbaycan təhlükəsizliyin, habelə nizam-intizamın təmin edilməsi üçün məsuliyyətin Əfqanıstan hakimiyyətinə ötürülməsini dəstəklədiyini bildirən nazir vurğulamışdır ki, ölkə rəhbərliyi və inkişaf etməkdə olan əfqan potensialı keçid prosesinin uğurla tamamlanması üçün əsas amildir.
"Azərbaycan Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin imkanlarının gücləndirilməsi istiqamətində beynəlxalq dəstək məsələsinə böyük əhəmiyyət verir", - deyən E.Məmmədyarov xatırlatmışdır ki, cari ilin fevralında NATO mənzil-qərargahına səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Əfqanıstan Milli Ordusunun Fonduna 1 milyon avro ayrılmışdır. Bu məbləğ artıq fondun hesabına köçürülmüşdür. Nazir vurğulamışdır ki, bu, hələ başlanğıcdır. Biz inanırıq ki, genişmiqyaslı mülki təlim proqramları da digər bir prioritet sahə olmalıdır. Əfqanıstanın spesifik ehtiyaclarını nəzərə alaraq Azərbaycan müxtəlif institutları - Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Sərhəd Xidməti Akademiyası vasitəsilə Əfqanıstanda təhsil və təlim proqramları həyata keçirir.
E.Məmmədyarov bildirmişdir ki, ANAMA bu yaxınlarda Əfqanıstanın məktəblərində istifadə olunması üçün yerli dillərdə mina təhlükəsi barədə nəşrlər hazırlayıb və bu ölkəyə çatdırmışdır. Bu, xüsusilə əfqan dostlarımız tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan ilə NATO arasında sıx siyasi dialoqun və əsaslı praktik əməkdaşlığın vacibliyini vurğulayan nazir qeyd etmişdir ki, bunlar NATO-nun başçılıq etdiyi İSAF əməliyyatlarına və Əfqanıstanda sülh və təhlükəsizliyə başlıca töhfə verən amillər olmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 20 aprel.- S. 6.