Misirin nüfuzlu “Əl-Şuruk” və “Əl-Məsəyə” qəzetlərində
Azərbaycan həqiqətlərinə dair
geniş məqalələr dərc edilmişdir
Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryanın Misirin "Əl-Məsəyə" qəzetində Xocalı faciəsi və Sumqayıt hadisələri haqqında faktları saxtalaşdıran yazısına cavab olaraq Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin məqaləsi dərc edilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, azərbaycanlı diplomatın Misirin nüfuzlu "Əl-Məsəyə" və "Əl-Şuruk" qəzetlərində dərc edilmiş məqaləsində səfir erməni xarici işlər naziri müavininin bu məqaləsini Ermənistanın saxtakarlıq və Azərbaycana qarşı təcavüzünün məsuliyyətindən qaçmaq cəhdinin daha bir uğursuzluqla nəticələndiyi bildirilmişdir. Diplomat Xocalı faciəsinin dünya mətbuatı və hadisənin şahidləri tərəfindən sənədləşdirildiyini, Ermənistanın özünün yüksək səviyyəli rəsmiləri tərəfindən etiraf olunduğunu xatırlatmışdır.
Məqalədə Ermənistanın xarici işlər nazirinin müavininin o vaxtkı müdafiə naziri və hazırda isə ölkənin prezidenti Serj Sarkisyanın Xocalı faciəsi ilə bağlı etiraflarının üzərindən sükutla keçdiyi qeyd edilmişdir. Səfir, həmçinin erməni terrorçu Monte Melkonyanın və erməni ideoloqu olan Zori Balayanın faciə ilə bağlı etiraflarını, "Human Rights Watch" təşkilatının hesabatını və Ermənistanın Xarici İşlər Nazirliyinə göndərdiyi məktubu barədə də məlumat vermişdir.
Yazıda Sumqayıt hadisələrinin təşkilatçısı olmuş Edvard Qriqoryanın əməlləri, onun barəsində açılmış cinayət işi və Sumqayıt hadisələrinə dair SSRİ DTK-nın sabiq sədri V.Kruçkovun etirafları oxucuların diqqətinə çatdırılmışdır. Səfir Sumqayıt hadisələrinin məqsədyönlü şəkildə təşkil olunduğunu bildirmişdir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünü "xalqların öz müqəddəratını təyin etmə" hüququ altında pərdələməyə xidmət etdiyini qeyd edən diplomat təcavüzkar ölkənin bu iddialarının beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olduğunu vurğulamışdır.
Yazıda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında İslam mədəniyyəti və dini abidələrinin məqsədyönlü və sistematik şəkildə məhv edildiyi oxucuların diqqətinə çatdırılmışdır.
Bundan əlavə, məqalədə Ağdam məscidinin tövləyə çevrilməsi, müqəddəs Qurandan olan nümunələrin silinməsi faktı və onun yerinə erməni dilində təhqirlərin yazıldığı qeyd edilmiş, İslam Əməkdaşlıq Təşkilatının qəbul olunmuş qətnaməsinin Ermənistanın etinasızlıqla qarşıladığı bildirilmişdir.
Məqalənin tam mətni
http://www.shorouknews.com/menbar/view.aspx?cdate=12042012&id=51c2d8e5-0894-4a0d-b39f-9f423f4d40a1
linkindən tanış olmaq mümkündür.
Azərbaycan.- 2012.- 20 aprel.- S. 6.