Azərbaycan Prezidenti İlham Əliyev
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının
açılışında iştirak etmişdir
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə istifadəyə verilmişdir. Beynəlxalq standartlara cavab verən aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1999-cu ildə istismara buraxılmışdır. Son illərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır. 2003-cü ildən isə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bundan sonra bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələ hava limanları işə salınmışdır. Sərnişin və yükdaşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Qarşıdakı iki ildə ən müasir təyyarələrin alınması nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendlərə baxdı.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yenidənqurma işlərinə 2011-ci ilin aprelindən başlanılmışdır. İstifadəyə hazır olan yeni uçuş-enmə zolağı dünyanın ən ağır və müasir təyyarələrini qəbul edə biləcəkdir.
Qeyd edildi ki, yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eni isə 60 metrdir. Ən müasir standartlara cavab verən perronun sahəsi 309 min kvadratmetrdir. Ərazini yağış və qrunt sularından mühafizə etmək üçün açıq yağış kanalı, drenaj və kollektor xətləri, o cümlədən təzyiqli su xətti və üç nasos stansiyası inşa olunmuşdur.
Prezident İlham Əliyev yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı açılış münasibətilə sifarişçi - "Azərbaycan Hava Yolları" QSC-nin və yenidənqurma işlərini həyata keçirən "Azvirt" MMC-nin kollektivlərini təbrik etdi.
Azərbaycan Prezidenti yeni uçuş-enmə zolağı ilə
tanış oldu. Tanışlıq avtomobil ilə davam etdirildi.
Yeni uçuş-enmə
zolağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə mövcud aerovağzal kompleksində
aparılan yenidənqurma
işlərinin gedişi
barədə məlumat
verildi.
Bildirildi ki, dövlət başçısının tapşırığına
uyğun olaraq mövcud aerovağzal kompleksinin fasadında əsaslı bərpa və yenidənqurma işləri görülmüşdür. Başa çatmaq
üzrə olan yenidənqurma nəticəsində
aeroport binası daha da müasir
görkəm almışdır.
Diqqətə çatdırıldı ki,
müvafiq marşrutlar
üzrə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn təyyarələrdəki sərnişinlərin
yüklərinin qəbulu
bölməsində ən
müasir avadanlıq quraşdırılmışdır. Mövcud aerovağzal
kompleksinin gömrük
sahəsində də
əsaslı yenidənqurma
işləri görülmüşdür.
Kompleksin
döşəməsi və
tavanı tamamilə yenilənmişdir. Bütün işlərin
yüksək zövq və ən son elmi-texniki yeniliklər əsasında aparıldığı
kompleksdə sərnişinlərin
rahatlığı üçün
hər cür şərait yaradılmışdır.
Burada xidmət sahələri genişləndirilmiş, texniki
baxımdan müasirləşdirilmişdir.
İşıqlandırma sistemi də
orijinallığı və
müasirliyi ilə diqqəti cəlb edir. Viza və pasport
qeydiyyatı şöbələri
də müasir görkəm almışdır.
Prezident İlham Əliyevə gömrük bəyannaməsinin
elektron formatda doldurulması üçün
yeni quraşdırılan
avadanlığın üstünlükləri
barədə məlumat
verildi.
Bildirildi ki, gömrük sahəsində yüklərin
qəbulu prosesi təkmilləşdirilmiş və
ən müasir standartlara uyğunlaşdırılmışdır. Sərnişinlər gömrük sahəsindəki
Azərbaycan və paytaxt Bakının xəritələri vasitəsilə
respublikamızın turizm
imkanları, mehmanxanalar,
metro stansiyaları, ölkəmizdəki
mövcud aeroportlar və onları maraqlandıran digər suallar barədə dolğun məlumat əldə edə biləcəklər. Kompleksdə yeni
monitorlar quraşdırılmış,
çıxışların sayı iki dəfə
artırılmışdır. Gözləmə salonları əsaslı
şəkildə genişləndirilmiş,
sərnişinlərə təklif
olunan xidmətlərin
sayı artırılmış
və keyfiyyəti daha da yaxşılaşdırılmışdır.
Ümumilikdə, mövcud aerovağzalın
istər "Cənub",
istərsə də
"Şimal" terminallarında
hərtərəfli yenidənqurma
işləri görülmüş,
sərnişin və yükdaşımalarla bağlı
xidmətin səviyyəsinin
yüksəldilməsi üçün
kompleks tədbirlər
reallaşdırılmışdır.
Daha sonra yeni aerovağzal
kompleksində tikinti işlərinin gedişi ilə tanış
olan dövlət başçısının diqqətinə
çatdırıldı ki,
inşaat işləri
cədvəl üzrə
aparılır və dünyadakı ən son yeniliklərə əsaslanır.
İstər yeni layihəsinin
orijinallığına, istərsə
də ən son elmi-texniki yeniliklərə
əsaslanmasına görə
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada nadir hava limanlarından biri olacaqdır.
Bildirildi ki, 58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni
aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə
xidmət göstərəcəkdir. Yenidən qurulan
mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcək və
ildə 3 milyon sərnişinə xidmət
göstəriləcəkdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, yeni terminalın
binasının tikintisi
ilə yanaşı, ümumi sahəsi 63 min kvadratmetrə çatacaq vağzalətrafı meydan
da tamamilə yenidən qurulacaqdır. Bundan başqa,
uçuşları idarə
edəcək yeni naviqasiya qülləsi, yanğından mühafizə
binası, enerji mərkəzi və digər tikililərin inşası aparılır,
yeraltı və yerüstü kommunikasiya xətləri yeniləşdirilir.
Yenidənqurma işləri ilə
yaxından tanış
olan dövlət başçısı müvafiq
tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 21 aprel.- S. 1.