Nazirlər Kabineti dörd yeni qərar qəbul etmişdir

 

Nazirlər Kabineti  dörd yeni qərar qəbul etmişdir.

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli  fərmanına  uyğun olaraq  Nazirlər Kabineti "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında" qərar qəbul etmişdir.

Qərar aprelin  13-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"nin 16-cı bəndinə əsasən, Müəllif Hüquqları Agentliyinin təklifini nəzərə alaraq  Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında" qərar qəbul etmişdir.

Qərar aprelin 17-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli  sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti  özünün 2005-ci il 31 mart tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

"Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli  sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Təhsil Sektorunun İnkişafı Layihəsinin "Maliyyələşdirmə və büdcə islahatları" alt komponentinin icrası haqqında"  özünün 2007-ci il 22 fevral tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Hər iki qərar aprelin 19-dan - imzalandıqları gündən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda  tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 1.