Beynəlxalq təşkilatın
qəbul etdiyi sənədlərdə
Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini
tapmasının çox böyük
əhəmiyyəti vardır
"İstənilən beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini tapmasının çox böyük əhəmiyyəti vardır. Bunlar Azərbaycanın diplomatik sahədə uğur əldə etməsi üçün bünövrə yaradır. Bu baxımdan Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunan qətnamənin çox böyük əhəmiyyəti vardır".
AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin Sədr müavini Bahar Muradova Avropa Parlamentinin assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı arasında danışıqlara dair qətnamə qəbul etməsinə münasibət bildirərək demişdir.
Bu sənədin qəbul edilməsi ilə Azərbaycan tarixi irəliləyişə nail olmuşdur. Qətnamədə qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Həll olunmamış münaqişə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi Cənubi Qafqaz regionunda sabitliyi sarsıdır, inkişafa əngəl törədir. Bu münaqişə Avropa qonşuluq siyasətinin tam inkişafına maneçilik törədir. Sənəddə Avropa İttifaqı münaqişənin həllində daha fəal rol oynamağa çağırılmışdır. Vurğulanır ki, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmayacağı, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməyəcəyi təqdirdə assosiativ saziş həyata keçirilə bilməz.
B.Muradova bildirmişdir
ki, qətnamə bütövlükdə
Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün kifayət etmir, amma onun
həllində müəyyən cığırların
yaranmasına şərait yaradır: "Nə
qədər çox belə sənədlər
qəbul olunarsa və nə qədər çox münaqişə ilə bağlı
həqiqətləri özündə əks etdirən sənədlər
ortada olarsa, gələcəkdə
bizim imkanlarımız daha
da genişlənəcəkdir".
Azərbaycan.- 2012.- 21 aprel.- S. 2.