Vyanada ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclası keçirilmişdir

 

 Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova  Avstriyanın Vyana şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclasında iştirak etmişdir.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, iclasda E.Süleymanova  Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təqdimatını keçirmişdir.

Böyük marağa səbəb olan təqdimatda müstəqilliyimizin 20 ili ərzində ölkəmizdə insan hüquqları sahəsində qazanılmış nailiyyətlər, bu sahəyə töhfə verən mühüm sənədlər barədə ətraflı məlumat verilmişdir.

Müvəkkil ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən islahatlar, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi istiqamətində ombudsmanın dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, KİV və beynəlxalq qurumlarla yaratdığı sıx əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir.

İnsan hüquqları üzrə müvəkkil  Azərbaycanın sülhməramlı dövlət olduğunu vurğulamış, iştirakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək bu münaqişə nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlının hüquqlarının kobudcasına pozulduğunu qeyd etmişdir.

ATƏT-in İnsan Ölçüsü Komitəsinin sədri, İsveçrənin ATƏT yanında daimi nümayəndəsi səfir Tomas Qreminger geniş və məzmunlu təqdimatına, tədbirdə maraqlı dialoq yaratdığına görə Azərbaycan ombudsmanına  təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 2.