“Moody’s” Beynəlxalq
Reytinq Agentliyi dövlətimizin reytinqini investisiya səviyyəsinə
yüksəltmişdir
Üçüncü Beynəlxalq Reytinq Agentliyi Azərbaycana investisiya səviyyəli kredit reytinqini vermişdir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari il aprelin 19-da "Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə yüksəltmişdir.
Agentliyin mətbuat üçün açıqlamasında deyilir ki, Azərbaycanın reytinqinin investisiya səviyyəsinə qaldırılması ölkənin son illərdə neftdən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və respublikada qeyri-neft sektorunda gedən sürətli inkişafını əks etdirir.
Agentlik Azərbaycanda artıq güclü və çoxsahəli iqtisadiyyatın yaranmasını və ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə dayanıqlılığını da xüsusi qeyd etmişdir.
Beləliklə, dünyanın bütün nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycan Respublikasının kredit reytinqi investisiya səviyyəsinədək qaldırılmışdır. Belə ki, "Fitch" Beynəlxalq Reytinq Agentliyi 2010-cu ilin mayında, "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi 2011-ci ilin dekabrında və nəhayət, "Moody's" Beynəlxalq Reytinq Agentliyi isə cari il aprelin 19-da Azərbaycan Respublikasının reytinqini investisiya səviyyəsinə yüksəltmişdir.
Dünya iqtisadiyyatında suveren borc
böhranının davam etdiyi bir vaxtda Azərbaycan
Respublikasının kredit reytinqinin yüksəldilməsi
heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən və iqtisadiyyatın
bütün sahələrini əhatə edən
ardıcıl və çoxsahəli islahatların beynəlxalq
miqyasda qiymətləndirilməsinin təzahürüdür.
Azərbaycan.- 2012.- 21 aprel.- S. 2.