Əfqanıstan
Dağlıq Qarabağ münaqişəsinin
həlli məsələsində Azərbaycanın ədalətli
mövqeyini tam dəstəkləyir
Azərbaycanın Pakistanda, eyni zamanda, Əfqanıstanda akkreditə olunmuş səfiri Daşqın Şikarov Əfqanıstan Milli Assambleyasının sədri Alhac Abdul Rauf İbrahimi ilə görüşmüşdür.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə diplomat ölkələrimiz arasında münasibətlər, Azərbaycanın uğurlu daxili və xarici siyasəti, iqtisadi islahatlar, həyata keçirilən strateji layihələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımı haqqında sədrə ətraflı məlumat vermişdir.
Səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və xaricdə həyata keçirilən humanitar layihələrdən danışaraq fond tərəfindən Kabildəki "Avisenna" uşaq evinə də yardımın göstərildiyini qeyd etmişdir.
Milli Assambleyanın sədri
isə xalqlarımız arasında dostluq əlaqələrindən,
mövcud oxşarlıqlardan
danışaraq Əfqanıstanın çətin günlərində
dəstəyə görə Azərbaycana minnətdarlığını
bildirmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan sədr ölkəsinin bu məsələdə Azərbaycanın ədalətli
mövqeyini tam dəstəklədiyini
vurğulamışdır. O, özünün
də türk mənşəli olduğunu bildirərək hər zaman azərbaycanlı qardaşlarının
yanında olduğunu bəyan etmişdir.
Azərbaycan.- 2012.- 21 aprel.- S. 3.