İtaliyanın “Charta Minuta” jurnalında Ermənistanın Azərbaycan ərazilərinin
işğalı faktına geniş yer ayrılmış materiallar
dərc olunmuşdur
Bununla bağlı İtaliya parlamentində konfrans keçirilmişdir
İtaliya parlamentində "Farefuturo
Fondazione" fondunun rüblük xarici məsələlər jurnalı
olan "Charta Minuta"nın son buraxılışına
həsr edilmiş konfrans keçirilmişdir.
Fondun 236 səhifəlik
buraxılışı "Unudulmuş müharibələr"
adlanır və Avropada həll edilməmiş münaqişələrə
həsr olunmuşdur. Buraxılışda Ermənistanın Azərbaycan
ərazilərinin işğalı
faktına, Xocalıda
törədilmiş soyqırımına
geniş yer ayrılmışdır.
Bu barədə AzərTAc-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım
Assosiasiyasından (AVCİYA) bildirilmişdir.
Tədbirdə iştirak edən
AVCİYA-nın vitse-prezidenti
Vəli Əlibəyovun
verdiyi məlumata əsasən, Avropa və İtaliyanın nüfuzlu QHT-lərindən
biri olan "Farefuturo" AVCİYA-nın
tərəfdaşıdır. Bu ilin əvvəllərində
Bakıya səfər
etmiş "Farefuturo"nun
prezidenti, İtaliya parlamentinin üzvü
Adolfo Urso ilə aparılan danışıqlar
nəticəsində iki
təşkilat arasında
əməkdaşlığa dair razılıq əldə olunmuşdur.
İtaliya parlamentində keçirilmiş
konfransda 75-ə yaxın
deputat, elmi işçilər, işgüzar
şəxslər və
vətəndaş cəmiyyəti
nümayəndələri iştirak
etmişlər.
Jurnalda beynəlxalq münasibətlər
və beynəlxalq hüquq məsələlərini
işıqlandıran amerikalı
Kristofer Bodenin "Ermənistanın Azərbaycana
təcavüzü və
Xocalı soyqırımı"
məqaləsi, BMT-nin
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı qəbul etdiyi qətnamələrə dair
Azərbaycanın BMT-dəki
daimi nümayəndəsi
Aqşin Mehdiyevin şərhi, AVCİYA prezidenti,
Milli Məclisin deputatı Elxan Süleymanov və iqtisadiyyat elmləri üzrə fəlsəfə
doktoru Vurğun Süleymanovun "Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü
və işğalın
ağır nəticələri"
adlı kitabından beş bölmə (24 səhifə) yer almışdır. Bu kitabda
ilk dəfə olaraq Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarının, hərbi
təcavüzünün, Dağlıq
Qarabağ bölgəsinin
və onun ətrafındakı rayonların
işğalı nəticəsində
Azərbaycana dəymiş
ümumi maddi zərərin məbləği
elmi metodoloji əsaslarla hesablanmış,
Azərbaycanın təzminat
alma hüququ əsaslandırılmışdır.
Hesablamalara əsasən, işğal
nəticəsində Azərbaycana
dəymiş maddi ziyanın məbləği
2011-ci ilin əvvəllərinə
431,592 milyard ABŞ dollarından
artıq təşkil
edir və işğal aradan qaldırılmayanadək ilbəil
artır.
Konfransda
parlamentin sağ-mərkəzyönümlü
üzvü və siyasət, iqtisadiyyat və vətəndaş cəmiyyəti məsələlərini
araşdıran "Farefuturo"
fondunun prezidenti Adolfo Urso, sosialist deputat Stefania Kraksi, parlamentin üzvü və sağ-mərkəzyönümlü FLİ partiyasının Deputatlar
Palatasının sədri
Benedetto Delle Vedova, AVCİYA-nın xarici əlaqələr departamentinin rəhbəri
Fuad Süleymanov çıxış etmişlər.
S.Kraksi Azərbaycanın 20 ildir ki, müstəqil olmasına baxmayaraq, hələ də torpaqlarının 20 faizinin
Xocalı soyqırımı
kimi kütləvi qırğında günahkar
olan Ermənistanın
işğalı altında
olduğunu vurğulamışdır.
O demişdir: "Təəssüf
ki, beynəlxalq təşkilatların bir sıra ittihamları və ATƏT-in Minsk qrupunun
işi hələ də bir nəticə
verməmişdir. İndi Avropa
İttifaqının hərəkətə
keçməsinin vaxtıdır".
A.Urso isə Fransanın
ATƏT-in Minsk qrupundakı səmərəsiz fəaliyyətini
tənqid edərək
demişdir: "Fransanın
daxili siyasətinin xarakterini başa düşmək olar, lakin biz Avropanın bu müzakirədə bu dərəcədə iştirak etməməsini
başa düşə
bilmərik. BMT, Avropa Şurası Parlament Assambleyasının
və digər bir sıra nüfuzlu
qurumların qeyd etdiyi kimi, Dağlıq
Qarabağda Azərbaycanın
qurban olduğuna şübhə yoxdur".
O, Ermənistanın işğal
edilmiş Azərbaycan
ərazilərindən geri
çəkilməyə çağıran
çoxsaylı BMT qətnamələrinə
əməl etməməsini
"təəssüfləndirici hal" adlandırmışdır.
İtaliya parlamentinin üzvü B.Vedova çıxış
edərək Avropanın
öz sərhədlərində
geniş və dinc iqtisadi məkan
yaratmağa töhfə
vermək və inkişafı artırmaq məqsədi ilə ticarət və investisiyanı daha da artırmaq istiqamətində birlikdə
fəaliyyət göstərməli
olduğunu bildirmişdir.
Konfrans iştirakçıları qeyd
etmişlər ki, Avropa, o cümlədən
İtaliya Dağlıq
Qarabağ regionunda Azərbaycan ərazisinin
20 faizinin Ermənistan
tərəfindən işğalı
ilə bağlı sülh və ədalətə nail olmaqda
Azərbaycana kömək
etmək üçün
addımlar atmalıdır.
Hələ də həll edilməmiş münaqişəyə
son qoymaq üçün səfərbər
olmalıdır.
Azərbaycan.- 2012.- 21 aprel.- S. 3.