Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa Şurası Venesiya Komissiyasının üzvləri ilə görüş keçirilmişdir

 

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa Şurası Venesiya Komissiyasının üzvü Veronika Bılkova, Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının QHT qanunvericiliyi üzrə ekspert şurasının sədri Tsiril Riçi, Şurada Azərbaycan üzrə rəyin müəllifi Ceremi Makbrayd, Avropa Şurasının Demokratiya Baş Direktorluğunun vətəndaş cəmiyyəti şöbəsinin müdiri xanım Yuta Gützkovla görüş keçirilmişdir.

Görüşdə Azərbaycanda QHT-nin qanunvericilik bazasının təkmilləşdirilməsi, QHT standartları ilə bağlı Şura tərəfindən hazırlanmış normativ sənədin təkmilləşdirilməsində Venesiya Komissiyası ekspertlərinin iştirakı və digər məsələlər müzakirə edilmişdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, QHT-lərin maliyyələşdirilmə prosedurları və istiqamətləri, Şura tərəfindən hazırlanmış qanun layihələri ilə bağlı ətraflı məlumat vermişdir.

QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən A.Quliyev bu sahədə Şuranın əldə etdiyi nailiyyətlərin bir sıra dövlətlərin vətəndaş cəmiyyəti qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.

Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Venesiya Komissiyasının müvafiq strukturları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.    

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 3.