Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə
keçirilmişdir
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilmişdir.
AzərTAc xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sədrliyi ilə keçən müşavirədə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında, ilk növbədə, insan amilinin dayanması xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, bu siyasətin icrasına layiqli töhfələr verilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir.
Nazirliyin Aparat rəhbəri Elnur Kələntərov Dövlət İnvestisiya Proqramının icrası ilə əlaqədar nazirlik tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, birinci rübdə Bakıətrafı qəsəbələrdə gözdən əlillər üçün tədris bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzi və sosial sığınacağın, həmçinin Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) əsaslı təmir işləri ilə yanaşı, pansionat üçün yeni 170 nəfərlik beşmərtəbəli korpusun inşasına başlanılmışdır.
Saray və Şağandakı internat evlərində nümunəvi şərait yaradılmışdır. Hazırda Buzovnadakı 9 nömrəli internat evində əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Ramanadakı gənc əlillərin əmək və istirahət evində təmir və yenidənqurma işləri davam edir. Yaxın günlərdə Bakı Şəhər Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmirinə başlanılacaqdır. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər üçün sosial adaptasiya, Çernobıl əlilləri üçün ixtisaslaşmış reabilitasiya, insan alveri qurbanlarına yardım mərkəzlərinin inşası, nazirliyin tabeliyindəki bərpa-müalicə və sosial xidmət müəssisələrinin əsaslı təmiri üçün texniki sənədlər hazırlanır.
Qeyd olunmuşdur ki, əlil və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. 1997-ci ildən indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Hazırda həmin kateqoriyadan olanlar üçün Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Nərimanov rayonunda isə gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli binalar inşa olunur. Yaxın günlərdə ayrı-ayrı rayonlarda 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli, 1 ədəd 12 mərtəbəli 96 mənzilli binaların tikintisinə başlanılacaqdır.
Nazirliyin sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Qeyd edilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilmişdir. Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət sahələri də müəyyən olunmuşdur. Nazirliyin rəsmi internet informasiya resursu üzərindən 11 növ üzrə elektron xidmətin tam tətbiqi üçün texniki hazırlıq işləri artıq başa çatmaq üzrədir.
"Ünvanlı sosial yardımın alınması üçün e-müraciət", "Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı", "Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator" xidmət bölmələri artıq fəaliyyət göstərir. Bununla yanaşı, 2011-ci il avqustun 1-dən cari ilin aprelinədək "E-müraciət" xidməti vasitəsilə vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə əlaqədar ümumilikdə 1003 müraciəti qəbul edilərək aidiyyəti şöbələr tərəfindən baxılmış və cavablandırılmışdır.
Nazirlikdə yaradılan videokonfrans sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulu təşkil olunur. Hazırda Gəncə, Göyçay və Qusarda mövcud olan bu sistemin gələcəkdə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur. Müşavirə zamanı nazirlik tərəfindən əhaliyə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin tətbiqi ilə bağlı texniki məsələlər müzakirə olunmuşdur.
Müşavirədə nazir Füzuli Ələkbərov elektron xidmətlərin tətbiqi işlərinin qısa müddətdə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, elektron xidmətlərin tətbiqi həyata keçirilən sosial müdafiə tədbirlərində şəffaflığın təmin olunmasına, dövlət qayğısının aztəminatlı vətəndaşlara çatdırılmasında məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və rüşvətxorluğa şərait yaradan halların institusional səviyyədə aradan qaldırılmasına, əhaliyə xidmətin müasirləşdirilməsi və dövlət xidmətlərindən istifadə mexanizminin vətəndaşlar üçün daha rahat və sadə şəkildə qurulmasına, nazirlik tərəfindən xidmət göstərilən 1,5 milyona qədər əhali kontingenti ilə daimi qarşılıqlı ünsiyyətin daha çevik və operativ qurulmasına öz müsbət təsirini göstərəcəkdir.
Vurğulanmışdır ki, birinci rübün yekununa əsasən, 566 min 472 nəfər ailə üzvünü əhatə edən 127 min 234 ailə yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir.
Birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək" proqramı ötən il Tovuz rayonunun Vahidli kəndində sınaqdan keçirilmişdir. Layihənin digər pilot rayonlar olan Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonlarında icrasına hazırlıq işləri aparılır. Cari ilin ilk rübündə Füzuli rayonunda icrası davam etdirilən bu proqram cəbhəyanı bütün kəndlərimizdə, ümumən ölkənin hər bir rayonunda icra olunacaqdır.
Cari ilin yanvarında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılmışdır. 2011-ci il və cari ilin ötən dövrü ərzində nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə ümumilikdə 800 nəfərə yaxın vətəndaş qəbul edilərək müraciətləri araşdırılmışdır.
Nazir Füzuli Ələkbərov görülən işlərdə səmərəli, müasir yanaşmaya əsaslanan iş üsullarından istifadəyə daha geniş yer verilməsi, yeni inşa olunan sosial müəssisələrdə kadr potensialının formalaşdırılması üçün müvafiq işlərin yerinə yetirilməsi, fəaliyyətini dövlətin sosial siyasətinə uyğun qurmayan əməkdaşlar barədə ciddi tədbirlərin görülməsi və s. ilə bağlı tapşırıqlar vermişdir.
Müşavirədə Mingəçevir Şəhər
Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorunun
müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmaqla
mərkəzin fəaliyyətinin araşdırılması, 4
rayon (şəhər) əhalinin
sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinin
işdən azad olunması, 13 rayon (şəhər) əhalinin
sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinə
töhmət verilməsi barədə əmrlər elan
olunmuşdur.
Azərbaycan.- 2012.- 21 aprel.- S. 4.