Elnur ASLANOV: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsi Azərbaycanın müasir tarixində ən böyük uğurlardan biridir

 

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun APA-ya müsahibəsi

 

- Mart ayında ATƏT-in Minsk qrupunun təsis olunmasının 20 ili tamam oldu. Üzərinə münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını götürmüş Minsk qrupu kifayət qədər müddət keçməsinə baxmayaraq, konfliktin həllində ciddi irəliləyişə nail ola bilməyib. Azərbaycanın nizamlanma prosesini bu formatda davam etdirməklə bağlı mövqeyində dəyişiklik varmı?

- Əlbəttə, bu gün Minsk qrupunun fəaliyyəti ilə bağlı uğurdan danışmaq olmaz. Qəribə bir vəziyyət yaranıb, amma bu vəziyyətin qəribəliyi bir neçə amillə izah edilə bilər.

Birincisi, Minsk qrupu yaradılanda ATƏT özünün yeni transformasiya dövrünü yaşayırdı və Avropada əsas təhlükəsizlik institutuna çevrilmək məqsədi güdürdü. Münaqişələrin tənzimlənməsi sahəsinin əsas fəaliyyət istiqamətlərindən biri kimi təyin edərək ilk dəfə əsas səylərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltdi. Missiyanın ilkin məqsədləri də göstərir ki, söhbət məhz münaqişənin tənzimlənməsindən gedirdi. Bu, böyük səylər və siyasi, diplomatik rıçaqlar tələb edirdi. Belə bir dəstək almayan missiya zamanın axarında adi vasitəçiliklə məşğul olmağa başladı.

İkincisi, ATƏT-in üzərinə götürdüyü missiyanın beynəlxalq sülh və təhlükəsizlik üçün hansı dərəcədə əhəmiyyət kəsb etməsinin fərqində olmamasıdır. Dünya birliyinin sülh uğrunda apardığı mübarizə fonunda təcavüzün və işğalın acı nəticələrinin aradan qaldırılması və belə halların təkrar edilməsinin Millətlər Liqasının, sonradan isə Birləşmiş Millətlər Təşkilatının sənədlərinə qadağan edilməsi, vahid bir baxışın formalaşmasına təkan versə də, hələ də eqoist maraqların daşıyıcıları ümumi mövqelərin ortaya qoyulmasına mane olurlar. Lakin beynəlxalq hüququn fundamental prinsip və normalarının pozulması yeni dünya nizamının formalaşmasında inamsızlığa səbəb olur. Təcavüz dünya birliyi tərəfindən qınanılması zəruri olan, bəşəriyyətin gələcəyi naminə, onun sülh və təhlükəsiz şəraitdə firavan yaşaması üçün dünya liderlərinin indidən düşünəcəyi bir məsələdir. Bu gün Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı Ermənistanın təcavüzü yaxın keçmişdə az sayda müşahidə edilən beynəlxalq hüquq pozuntusudur.

Digər tərəfdən, Minsk qrupunun həmsədrləri, siyasi, iqtisadi, hərbi və texnoloji baxımdan dünyanın ən aparıcı dövlətləridir. Necə olur ki, zəruri təsir imkanlarına malik olan bu dövlətlər Ermənistanı qarşılıqlı güzəştə gedib regionda sülhü bərqərar etməyə vadar edə bilmirlər? Həqiqətən onlar Ermənistan qarşısında acizdirlər?

Üçüncüsü, ATƏT-in adekvat mexanizmlərlə təchiz edilməməsidir. Dəfələrlə Azərbaycan təcavüz və işğal faktını ATƏT qarşısında qaldırıb, lakin lazımi qərarların qəbul edilməsi müəyyən əngəllərlə rastlaşıb. Ermənistan qüvvələri tərəfindən Ağdamın işğalından sonra Minsk qrupunun sədri hazırladığı hesabatda bu aktı qınayıb, tədbirlərin görülməsini zəruri hesab edib. Lakin Ermənistan hər zaman konsensus əldə edilməsinə mane olub, "konsensus minus bir" qaydasından istifadədə isə digər ermənipərəst dövlətlərin dəstəyindən faydalanıb.

Dördüncüsü, münaqişənin həlli prinsipləri ətrafında Ermənistanın süni polemikalar yaratmasıdır. Hələ 1996-cı ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti və inadkarlığı sayəsində ATƏT-in Lissabon sammitində qəbul edilən prinsiplər beynəlxalq hüququn mahiyyətindən irəli gələn bir zərurətin ifadəsi idi. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və tarix boyu Azərbaycan ərazisində formalaşan müxtəlif dövlətlərin tərkibində olub. Hətta 1919-cu ildə əldə edilən razılığa əsasən, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Demokratik Respublikasının tərkibində mədəni muxtariyyət statusu qazanıb. Bu gün isə müasir Azərbaycan Respublikası ADR-in varisi kimi həmin ərazilərə sahibdir. Ermənilərin öz müqəddəratını təyinetmə ilə bağlı fikirləri heç bir sağlam düşüncəyə və elmi əsaslara malik deyil. Bu hüquq ərazi bütövlüyü prinsipinə zərər gətirməməklə yanaşı, Dağlıq Qarabağda yaşayan erməni milli azlığına şamil edilmir və edilə bilməz. Dünya birliyini Lissabon prinsipləri ətrafında səylərini gücləndirməsi, müxtəlif təşkilatların bu istiqamətdə qərarlar qəbul etməsi sülh prosesinə təkan vermiş olar.

- Azərbaycan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmiz bu yeni statusundan kifayət qədər faydalana bilibmi? Azərbaycan bu statusundan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamənin qəbulu üçün istifadə edəcəkmi?

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsi Azərbaycanın müasir tarixində ən böyük uğurlardan biridir. Əgər biz əvvəllər Azərbaycanın təcrid edilmiş vəziyyətdən çıxmasına çalışırdıqsa, bu gün artıq dünyanın ən mötəbər tribunalarından öz haqq səsimizi ifadə etməklə yanaşı, dünyada gedən proseslərin tənzimlənməsində əsas rol oynayan aktyorlardan birinə çevrilmişik. Bu, Azərbaycanın regionda malik olduğu statusun, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində oynadığı rolun məntiqi nəticəsidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasında fəaliyyəti dövründə həm xüsusi əhəmiyyət kəsb edən beynəlxalq məsələlər ətrafında gedən müzakirələrdə fəal iştirak edəcək, öz mövqeyini qətiyyətlə bildirəcək, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüququn prinsipləri əsasında həll edilməsinə çalışacaqdır. Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib və işğal faktını qınayıb. Bu məsələni Azərbaycan daim diqqətdə saxlayır və BMT Baş Assambleyasında qəbul edilən qətnamələr bunun bariz nümunəsidir. Azərbaycan malik olduğu imkanlar sayəsində beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinə həssas yanaşmasını təmin edib, ən əsası isə Ermənistan dövlətinin və diasporunun yalanlarını üzə çıxarmağa nail olub.

- Azərbaycan Prezidenti Şuşanın işğal olunmasının 20 illiyinin ölkə miqyasında anım tədbirləri ilə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu çərçivədə hansı tədbirlərin keçirilməsi gözlənilir?

- Azərbaycanın bu füsunkar şəhəri 20 ildir ki, erməni qoşunları tərəfindən işğal edilib, bir çox mədəni abidələr dağıdılıb. Bu, Azərbaycanın mədəni irsinə zərbə vuran qanun pozuntusudur. Azərbaycan bu qeyri-qanuni vəziyyəti daim dünya ictimaiyyətinin diqqətinə çatdırır. Cənab Prezidentin imzaladığı sərəncamdan sonra Administrasiya rəhbəri tərəfindən tədbirlər planının təsdiq edilməsi ilə atılacaq addımlar və həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Bu sənədlər işin daha səmərəli və mütəşəkkil təşkil edilməsinə, Şuşa şəhərinin beynəlxalq səviyyədə təbliğinə təkan verəcək. Qeyd etmək lazımdır ki, fevral ayında Xocalı soyqırımının 20-ci ildönümü münasibəti ilə həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə tədbirlər həyata keçirilib, dünya ictimaiyyəti obyektiv məlumatlandırılıb. Ermənilər nəinki Azərbaycan ərazilərini işğal edib, eyni zamanda, azərbaycanlılara qarşı misli görünməmiş genosid, bəşəriyyətə qarşı cinayət aktları törədiblər. Dünya birliyinin birmənalı şəkildə qınadığı bu cinayətlər cəzasız qalmamalıdır. Şuşanın işğalı ilə bağlı həyata keçiriləcək tədbirlər Azərbaycanın kommunikasiya işinin davamıdır və dünya ictimaiyyətinin erməni təcavüzünə qarşı həssaslığını artırmaq məqsədi daşıyır.

- Ermənistan təhlükəsizlik amillərini əsas gətirərək "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina edib. Buna rəğmən Ermənistanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin üzvləri qurumun Bakıda keçirilən ikinci plenar sessiyasına qatılıblar. Ermənistanın atdığı addımlardakı bu paradoksu necə izah etmək olar?

- "Eurovision", sadəcə, mahnı müsabiqəsidir və xalqlar arasında mənəvi körpü rolunu oynayır, onların yaxınlaşmasına, bir-birini başa düşməsinə töhfə verir. Azərbaycan isə təşkilatçı ölkə kimi bütün iştirakçıların təhlükəsizliyini təmin edir və edəcəkdir. Bu baxımdan Ermənistan təmsilçilərinin iddiaları heç bir sağlam məntiqə əsaslanmır. Ermənistan bununla öz qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirir, sülh danışıqlarından yayındığı kimi, sülhə və dialoqa çağırış edən belə mötəbər tədbirdən də yayınır. O ki qaldı Bakıda keçirilən AVRONEST Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin üzvlərinin iştirakına, düşünürəm ki, onlar yalançı iddialarla Avropa siyasətçilərini aldada bilməyəcəklərini anladıqları üçün bu tədbirə qatıldılar. Eyni zamanda, Ermənistan zəif iqtisadiyyata malik olan kasıb ölkədir. Avropadan gələn yardımlara və ianələrə böyük ehtiyacı olduğu üçün bu siyasi təbirdə iştirakdan imtina edə bilməyib. Bu, bir daha onu göstərdi ki, Azərbaycan dövləti öz beynəlxalq öhdəliklərinə uyğun olaraq, mötəbər tədbirlərin yüksək səviyyədə keçirilməsini və iştirakçıların təhlükəsizliyini təmin edə bilər. Bizim sivilizasiya və dinlərarası dialoq sahəsində həyata keçirdiyimiz tədbirlər buna misal ola bilər.

- Müxalifət partiyaları və bu partiyalara bağlılığı olan gənclər təşkilatları son bir ayda mitinqlər keçirib. Keçirilən mitinqləri ictimai rəyə təsir baxımından necə qiymətləndirirsiniz?

- İlk olaraq qeyd etməliyəm ki, liberal demokratiyanın hakim olduğu Avropa məkanına inteqrasiya edən Azərbaycan bütün vətəndaşlarının hüquq və azadlıqlarını təmin edir, onların öz fikir və istəklərini azad şəkildə ifadə etməsi üçün zəruri şərtlər yaradır. Hər hansı bir təşkilata üzv olan Azərbaycan vətəndaşlarının toplaşması, mitinq keçirməsi, onların Konstitusiyada təsbit edilmiş hüquqlarıdır. İctimai rəyə təsirə gəldikdə isə, yaddan çıxarmaq olmaz ki, bu, uzun və mürəkkəb bir prosesdir. Kiçik bir qrupun mitinq təşəbbüsü ictimai rəyə təsirdən daha çox ictimaiyyətin diqqətini özünə cəlb etmək səyidir. İctimai rəy obyektiv amillər əsasında formalaşır.

- Azərbaycan dövlətinin gənclər siyasətində hansı yeniliklər var? Bu il çərçivəsində hansı tədbirlərin keçirilməsi gözlənilir?

- Bildiyiniz kimi, 2011-2015-ci illəri əhatə edəcək və bir çox layihələrin həyata keçirilməsinə zəmin yaradacaq Gənclər Proqramı artıq fəaliyyətdədir. Bu proqram çərçivəsində müxtəlif tədbirlərin reallaşması uğurlu başlanğıcdır. Gəncə şəhəri Azərbaycanın gənclər paytaxtı elan edilib. Prezident İlham Əliyev bu yaxınlarda bir sıra Gənclər mərkəzlərinin açılışında iştirak edib və Astarada region gənclərinin fəal nümayəndələri ilə görüşüb. Bununla yanaşı, artıq gənclər Fondu fəaliyyətə başlayıb və cənab Prezident tərəfindən fonda beş milyon manat vəsait də ayrılıb. Fond müxtəlif layihələrin maliyyələşməsinə ən yaxın zamanlarda başlayacaq və gənclərin fəaliyyətinin dəstəklənməsində mühüm amilə çevriləcək.

- Gənclərin sosial şəbəkələrdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda 800 000- dən çox "Facebook" istifadəçisi var. Twitter-də isə ondan bir az azdır. Bu, əlbəttə, böyük rəqəmdir. Beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycan əhalisinin 60 faizindən çoxunun internetə çıxışı var. Bütün bunlar Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin geniş yayılmasının ifadəsi ilə yanaşı, azərbaycanlıların müasir qloballaşan dünyanın inkişaf tendensiyaları ilə uzlaşdığının, onların həyat tərzinin transformasiyaya uğradığının və keyfiyyətcə yaxşılaşdığının bariz göstəricisidir. Məlumatların sürətlə yayılması həyatımızın ayrılmaz tərkib hissəsidir. Sosial şəbəkələr artıq bir xəbər mərkəzinə çevrilir. İnsanlar, xüsusilə gənclər onları maraqlandıran məlumatları və məsələləri sosial şəbəkələr vasitəsilə müzakirə edir və paylaşırlar. Lakin sosial şəbəkə bir intellektual diskussiya məkanı obrazını da itirməməlidir. Burada əyləncəli mövzularla yanaşı, insanın intellektual potensialını artıran imkanlardan da geniş istifadə etmək lazımdır. Digər tərəfdən, sosial şəbəkələr ölkəmizi xaricdə əcnəbilərə tanıtmaq üçün gözəl fürsətdir. Azərbaycanın regional inkişafın aparıcı qüvvəsinə çevrilməsi fonunda və "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində bəzi ermənipərəst qüvvələr Azərbaycana qarşı məkrli kampaniya aparırlar. Onlar müasir Azərbaycanın uğurlarını, qədim köklərə malik olan Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğini qəbul edə bilmirlər, hər vasitə ilə buna mane olmağa çalışırlar. Gənclər sosial şəbəkələrdə buna qarşı mübarizə aparmalı, öz tarix və mədəniyyətlərini təbliğ etməlidirlər. Eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsi faktları ilə bağlı sosial şəbəkələrdə daim ətraflı məlumatlar yerləşdirilməlidir. Bu, Azərbaycan xalqının ən ağrılı problemidir və bizim hər birimizin borcu öz tarixi torpaqlarımızı azad edib regionda sülhü bərqərar etməkdir. Bunun üçün hər kəs bacardığı sahədə və malik olduğu vasitələrlə ümumi işə öz töhfəsini verməlidir. Gənclər həmçinin unutmamalıdırlar ki, 8 may tarixi Şuşanın işğal edilməsi günüdür. Biz ümid edirik ki, onlar sosial şəbəkələrdə lazımi maarifləndirmə işi aparacaqlar.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 4.