Azərbaycan
Respublikasının Baş Prokurorluğu ilə Rusiya
Federasiyasının İstintaq Komitəsi
arasında informasiya-kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıq
genişlənir
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında 2010-cu il sentyabrın 28-də imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində komitənin əməkdaşlarından ibarət nümayəndə heyəti aprelin 16-dan 19-dək Baş Prokurorluqda olmuşlar.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Baş Prokurorluq və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, sistemin əsas parametrləri və funksionallığı barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Xüsusi olaraq qeyd edilmişdir ki, Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin informasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanmış "Elektron Sənəd Dövriyyəsi" Proqramına ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələri qoşulmuşdur. Növbəti mərhələdə isə Respublika Hərbi Prokurorluğunun, Bakı Şəhər Prokurorluğunun, Bakı şəhərinin rayon prokurorluqlarının, daha sonra isə rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının qoşulması nəzərdə tutulmuşdur. Hazırda Baş Prokurorluğun hər bir idarə və şöbələrində elektron arxivlər yaradılmaqla sənədlərin elektron dövriyyəsi və idarə daxili mübadiləsinin geniş tətbiqi, eyni zamanda Baş Prokurorluq və bütün tabe prokurorluqlar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edə biləcək müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində konkret tədbirlərin həyata keçirildiyi bildirilmişdir.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olmuş, mərkəzin kafedra və laboratoriyalarında istifadə edilən müasir avadanlıqla tanış olmuş və onlara prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə yaradılmış "İmtahan" sistemi, həmçinin xüsusi məlumatların verilməsi nəzərdə tutulan cinayət xarakterli faktlar barədə operativ məlumatların uçotu üzrə "Xüsusi məlumat" informasiya sistemi barədə məlumat verilmişdir.
Rusiya İstintaq Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prokurorluğunda müasir informasiya texnologiyalarının tətbiqini yüksək qiymətləndirmiş, "Elektron Sənəd Dövriyyəsi" Proqramını təqdirəlayiq addım kimi dəyərləndirmişlər.
İnformasiya texnologiyalarının, o
cümlədən "Elektron Sənəd
Dövriyyəsi" Proqramının tətbiqi ilə əlaqədar
Azərbaycan Prokurorluğunun müsbət
iş təcrübəsinin Rusiya İstintaq Komitəsində
tətbiqi ilə bağlı ətraflı fikir
mübadiləsi aparılmış, həmçinin bu istiqamətdə qarşılıqlı
səmərəli əməkdaşlığın
inkişafı və davam etdirilməsinə
əminlik ifadə olunmuşdur.
Azərbaycan.- 2012.- 21 aprel.- S. 5.