Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

 

 Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi yad olunmuşdur.

AzərTAc xəbər verir ki, ayrı-ayrı qurumların nümayəndələrinin,  Milli Məclis deputatlarının, ali məktəb rektorlarının, Türkiyədən ölkəmizə gəlmiş təhsil işçilərinin iştirak etdikləri tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Nazir Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 10 əməkdaşının "Tərəqqi" medalı ilə təltif olunması və 28 əməkdaşına müxtəlif fəxri adların verilməsi barədə Prezident İlham Əliyevin bu il aprelin 18-də imzaladığı sərəncamlarını oxumuşdur.

ADPU-nun təhsilimizə böyük töhfələr verdiyini qeyd edən M. Mərdanov əlamətdar gün münasibətilə universitetin müəllim və tələbələrini təbrik etmişdir.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın  təhsilimizin, mədəniyyətimizin inkişafına xüsusi əhəmiyyət verdiklərini vurğulamışdır. 

Rektor Azərbaycan Dövlət Pedaqoji Universitetinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Rəhbərlik etdiyi ali məktəbin inkişaf mərhələlərindən danışan Y.Məmmədov xatırlatmışdır ki, ADPU respublikamız üçün müxtəlif ixtisaslar üzrə 150 minədək müəllim kadrları hazırlamışdır. Universitetin respublikamızın təhsil ocaqları üçün kadr hazırlığı ilə yanaşı, həm də xarici ölkələr üçün elmi-pedaqoji mütəxəssis  hazırlığı sahəsində mühüm rolu olmuşdur. ADPU-nun məzunları arasından respublikamızda və xaricdə tanınan alimlər, ictimai-siyasi xadimlər, yazıçı və şairlər, bəstəkarlar çıxmışlar. Azərbaycan Milli Elmlər Akademiyasının 9 prezidentindən 3-ü ADPU-nun məzunu olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 12 fakültənin fəaliyyət göstərdiyini xatırladan rektor qeyd etmişdir ki, bu ali məktəbdə 9 minədək tələbə təhsil alır. Universitetin magistraturasının əyani şöbəsində 11 istiqamət, 39 ixtisas üzrə 390 nəfər, qiyabi şöbəsində isə 8 istiqamət, 23 ixtisas üzrə 412 nəfər magistr oxuyur. Ali məktəbin 52 kafedra və 7 elmi-tədqiqat laboratoriyasında 800-dək professor-müəllim çalışır.

Ümummilli lider Heydər Əliyevin ADPU-ya daim xüsusi diqqət göstərdiyini vurğulayan rektor ulu öndərin 5 dəfə bu ali məktəbə  gəldiyini, professor-müəllim heyətini və tələbələri mükafatlandırdığını, kollektivə dəyərli tövsiyə və məsləhətlər verdiyini xatırlatmışdır.

Y.Məmmədov bildirmişdir ki, son illər ADPU-da təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, universitetin maddi-texniki bazasının  möhkəmləndirilməsi, təhsilin idarə edilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində böyük uğurlar qazanılmışdır.

Universitetin beynəlxalq əlaqələrindən bəhs edən rektor ADPU-nun Türkiyə, Fransa, Rusiya və digər ölkələrin müvafiq qurumları və ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirdiyini diqqətə çatdırmışdır.

Ulu öndər Heydər Əliyevin təhsilimizə, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinə göstərdiyi diqqət və qayğıdan bəhs edən film nümayiş etdirilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin təhsilimizə göstərdiyi qayğıdan bəhs etmiş, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.

Azərbaycanın təhsil tarixində xüsusi yeri olan ADPU-nun fəaliyyəti barədə fikirlərini qeyd edən natiqlər universitetin müəllim və tələbələrinə yeni nailiyyətlər arzulamışlar.    

Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 5.