Ötən ilin müvafiq dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə olan cinayətlərin sayı təxminən 5 faiz azalmışdır

 

Aprelin 20-də Daxili İşlər Nazirliyində (DİN) "2008-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlığının İnkişaf Konsepsiyasının həyata keçirilməsinə dair Proqram"ın icrasının, "Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər"in və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri general-polkovnik Ramil Usubov əsası ulu öndər tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın regionda lider dövlətə çevrildiyini, beynəlxalq nüfuzunun daha da yüksəldiyini, bunun nəticəsi kimi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini, bu faktın hər bir azərbaycanlı üçün böyük qürur mənbəyi olduğunu qeyd etmişdir. Ölkəmizdə dayanıqlı sabitliyin, əmin-amanlığın nəinki vətəndaşlarımız, həmçinin xarici adamlarının təhlükəsiz və rahat şəraitdə yaşamaları üçün əlverişli zəmin yaratdığını, bunun əyani təzahürü kimi paytaxtımızda bir sıra önəmli kütləvi tədbirlərin, dünyaAvropa çempionatlarının təşkil olunduğunu xatırladan nazir "Eurovision-2012" mahnı müsabiqəsi kimi mötəbər musiqi yarışmasının Azərbaycan dövlətinin və xalqının dünyada daha yaxşı tanıdılması istiqamətində çox önəmli vasitə və addım olacağını diqqətə çatdırmışdır.

Daxili işlər naziri artıq ilin birinci rübünün arxada qaldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını bildirmişdir. O demişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılması bir qədər də yaxşılaşmış, şəxsiyyət əleyhinə olan cinayətlərin sayı isə təxminən 5 faiz azalmışdır.

Xüsusi qeyd olunmuşdur ki, ümumilikdə cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai asayişin nümunəvi təmini sahəsində uğurlar dövlət başçısının rəhbərliyi ilə daxili işlər, digər hüquq-mühafizə və təhlükəsizlik orqanlarının birgə səyləri ilə əldə edilmişdir.

R.Usubov müstəqilliyimizin bərpasından sonra daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin dairəsinin genişləndiyini, cinayətlərin, xüsusilə onun transmilli mütəşəkkil növlərinin qarşısının alınmasında, insan hüquq və azadlıqlarının qorunmasında beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi işinin əsas prioritetlərdən birinə çevrildiyini vurğulamışdır.

Respublikada kriminogen durumu, o cümlədən cinayətkarlığın vəziyyətini və tendensiyasını şərtləndirən başlıca amillərdən birinin də mülkiyyət əleyhinə törədilən cinayətlərin olduğunu deyən nazir onun qarşısının alınması və açılmasının, bütövlükdə bu sahədə həyata keçirilən tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını xatırlatmışdır.

Gündəlikdəki üçüncü məsələyə toxunan Ramil Usubov insanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının, milli genefondun qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə neqativ təsirin qarşısının alınmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ixtisaslı mübarizənin əhəmiyyətini qeyd etmiş, son illər bu sahədə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırmışdır.

Sonra nazirliyin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi polis polkovniki Əbdül Zərgərli gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış etmişdir. O demişdir ki, ötən müddət ərzində 40-a yaxın dövlətin aidiyyəti qurumları ilə 53-ü ikitərəfli, 29-u çoxtərəfli olmaqla hökumətlərarası və idarələrarası saziş, memorandumprotokol imzalanmışdır. Həmin beynəlxalq hüquqi sənədlərin predmetini transmilli cinayətkarlığın müxtəlif növləri, narkotik vasitələrin, psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qeyri-leqal miqrasiya, mədəni sərvətlərin qaçaqmalçılığı və digər cinayətlər ilə mübarizədə qarşılıqlı fəaliyyət əsasında məlumat və təcrübə mübadiləsi, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, təlim və təhsil sahəsində əməkdaşlıq məsələləri təşkil edir. Dövlət başçısının 2006-cı il 12 iyun tarixli müvafiq fərmanına uyğun olaraq, Azərbaycanın Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstandakı səfirliklərində, eləcə də Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələrinin fəaliyyətə başlaması sözügedən istiqamətdə xidməti vəzifələrin həllində operativliyin daha da artması ilə səciyyəvi olmuşdur. Qarşıda duran məqsədlərə nail olunmasında ikitərəfli əməkdaşlıq çərçivəsində yaradılmış müştərək komissiyaişçi qrupların da rolu danılmazdır.

Xarici ölkələrdən olan həmkarlarla yaradılmış faydalı peşəkar əlaqələr sayəsində çoxsaylı razılaşdırılmış əməliyyat-axtarış tədbirləri və xüsusi əməliyyatlar keçirilmiş, onlarla təhlükəli cinayətkar dəstə zərərsizləşdirilmiş, beynəlxalq axtarışa elan olunmuş yüzlərlə təqsirləndirilən şəxsin yeri müəyyən edilmişdir.

Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər barədə Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini polis polkovniki Arzu Daşdəmirov çıxış etmişdir. O demişdir ki, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması istiqamətində ötən il həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu növ 1310 cinayət törətmiş 495 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 689 nəfər tutulmuşdur. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, habelə "102" və "Təhlükəsiz şəhər" xidmətlərinin köməyi ilə 413 oğurluq, 94 soyğunçuluq, 85 nəqliyyat vasitəsinin qaçırılması, 63 oğurluğa cəhd, 38 quldurluq və digər cinayətlərin üstü "isti izlər"lə açılmışdır. Mülkiyyət əleyhinə olan cinayətlərə dair istintaqı tamamlanmış işlər üzrə dəymiş ziyanın 75 faizi ödətdirilmişdir. Buya digər məqsədyönlü tədbirlər sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin üç ayında respublika, o cümlədən paytaxt üzrə mülkiyyət əleyhinə cinayətlərin açılması 10 faiz yaxşılaşmışdır.   

 Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov  gündəlikdəki üçüncü məsələ ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə ötən il respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2636, o cümlədən satışı ilə bağlı 817 fakt aşkarlanmış, 131 nəfərdən ibarət 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə, o cümlədən 164,8 kiloqram həşiş, 52,2 kiloqram heroin, 14 kiloqram  tiryək, 298,8  kiloqram marixuana, 27 kiloqram sair vasitələr götürülmüş, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmış, ümumi çəkisi 366 ton 777 kiloqram olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir. Narkotiklərlə əlaqəli cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 53,9 kiloqram müxtəlif növ narkotik vasitə götürülmüşdür. Narkotiklərin külli miqdarda satışı ilə bağlı 2011-ci ildə 392 cinayət aşkar edilmiş, 295 nəfər, o cümlədən 3 əcnəbi cinayət məsuliyyətinə cəlb olunmuşdur.   

Məruzələrdə və çıxışlarda nöqsan və çatışmazlıqlara da toxunulmuş, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışılmışdır.

İclasa yekun vuran nazir R.Usubov kollegiya iştirakçılarının diqqətini qarşıda duran vəzifələrə yönəltmişdir. Daxili işlər orqanlarının cari il üzrə fəaliyyətinin təməlinin birinci rübdə qoyulduğunu, yekun nəticələrin görülən tədbirlərin səmərəliliyindən, şəxsi heyətin peşəkarlığının, döyüşfiziki hazırlığının yüksəldilməsindən, mənəvi-psixoloji durumun daha da sağlamlaşdırılmasından çox asılı olduğunu deyən nazir kriminogen duruma təsir edən ictimai-siyasisosial amillərin vaxtında müəyyən edilməsini, bütün bunlarla əlaqədar adekvat idarəçilik qərarları qəbul olunmasını, hər bir əməkdaşın tapşırılmış sahəyə cavabdehliyinin artırılmasını, icra intizamına nəzarətin gücləndirilməsini baş idarə, idarə, xidmət və ərazi polis orqanlarının rəislərindən tələb etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının bütün dövlət qurumlarının  iki həftə ərzində elektron xidmətam keçirilməsi barədə göstərişini xatırladan general-polkovnik Ramil Usubov korrupsiyaya qarşı mübarizədə çox böyük amil olan bu xidmətin DİN-in aidiyyəti qurumlarında da tam şəkildə göstərilməsinin zəruriliyini nəzərə çatdırmışdır.

Nazir Avropanın ən nüfuzlu mahnı yarışmasına hazırlıq işlərinin  şəxsən Prezidentin nəzarətində olduğunu xatırladaraq bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü, bu istiqamətdə xüsusi Tədbirlər Planının hazırlanaraq uğurla icra edildiyini bildirmişdir. O, "Eurovision-2012" mahnı müsabiqəsinə iştirakçılardan əlavə minlərlə əcnəbi qonağın, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin qatılacağını, polisin qarşısında duran əsas vəzifənin qonaqların ölkədə hərəkət marşrutları, paytaxtda qalacaqları, istirahət edəcəkləri, gəzintiyə çıxacaqları yerlərdə ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulamışdır.

Nazir əmin olduğunu bildirmişdir ki, şəxsi heyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək,  sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 5.