Birləşmiş
Ştatların Dövlət Departamenti iqtisadi əməkdaşlıq
üzrə Azərbaycan-ABŞ Hökumətlərarası
Komissiyanın iclasını strateji dialoq kimi dəyərləndirmişdir
Birləşmiş Ştatların Dövlət Departamenti iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın Vaşinqtonda keçirilən üçüncü iclasının yekunlarına dair rəsmi bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats və Azərbaycanın maliyyə naziri Samir Şərifovun həmsədrliyi ilə keçirilən iclas iki ölkə arasında strateji dialoq ruhunda keçmişdir. İclasda Azərbaycan və ABŞ tərəfdən yüksək səviyyəli rəsmilər iştirak etmişdir.
Dövlət Departamentinin açıqlamasında vurğulanır ki, iclasda ABŞ və Azərbaycan arasında gələcək iqtisadi və ticarət əməkdaşlığının imkanları araşdırılmışdır.
Sessiyalarda öz işini davam etdirən iclasda nümayəndə heyətləri iqtisadi şaxələndirmə, maliyyə xidmətləri, enerji, ticarət və sərmayə, eləcə də yeni əməkdaşlıq təşəbbüslərini müzakirə etmişlər. Bununla yanaşı, Azərbaycan Hökumətinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkəmizdə həyata keçirdiyi inkişaf layihələrinin həmmaliyyələşdirilməsi üzrə müqavilənin genişləndirilməsi ilə bağlı təklifi də diqqət mərkəzində olmuşdur.
Xatırladaq ki, aprelin 19-da iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın işi yekunlaşdıqdan sonra Vaşinqtonun tarixi "Hey-Adams" mehmanxanasında keçirilən ziyafətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin administratoru xanım Loekadiya Zak iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişini imzalamışlar.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın üçüncü iclasının nəticələrindən razı qalan komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov AzərTAc-a bildirmişdir ki, növbəti iclasa Bakı ev sahibliyi etməli olsa da, Vaşinqtonun təşəbbüsü ilə müzakirələr Dövlət Departamentində keçirilmişdir. Bu haqda xahişini Amerika tərəfi Davos Dünya İqtisadi Forumu zamanı Prezident İlham Əliyevə çatdırmış, dövlətimizin başçısı isə bunu müsbət dəyərləndirərək ölkəmizin yüksək səviyyəli nümayəndə heyətini ABŞ-la iqtisadi və ticarət münasibətlərini genişləndirmək, əlaqələrə yeni təkan vermək məqsədilə Vaşinqtona göndərmişdir. S.Şərifov demişdir: "ABŞ tərəfi təsdiqləmişdir ki, Azərbaycan qısa zamanda xeyli inkişaf etmiş, bütün sahələr üzrə iqtisadi göstəriciləri yaxşılaşmış, əhalinin maddi rifahı artmışdır. Biz onun şahidi olduq ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olduğu regional əhəmiyyətli infrastruktur layihələri Vaşinqtonda böyük dəstəklə qarşılanır. Məsələn, ilk dəfə olaraq Bakı-Tbilisi-Qars layihəsinə ABŞ yüksək səviyyədə dəstəyini ifadə etmişdir. Onlar başa düşürlər ki, bu cür layihələr Yeni İpək yolu konsepsiyasının əhəmiyyətli və əvəzedilməz hissəsinə çevrilərək ABŞ-ın birbaşa marağındadır. İclas zamanı biz iqtisadi münasibətlərimizin inkişafına əngəl törədən amilləri, o cümlədən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş və Cekson-Venik düzəlişinin aradan qaldırılması, eləcə də bir sıra layihələrə təsir göstərməyə çalışan ermənipərəst maraq qruplarının fəaliyyətinin qarşısının alınması məsələlərinə də toxunduq".
Komissiya üzvləri növbəti iclasın gələn il Bakıda keçirilməsi haqqında qərar qəbul etmişlər.
Azərbaycanın maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona işgüzar səfəri çərçivəsində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik yaz iclaslarında da iştirak etmiş, hər iki təşkilatın rəhbərliyi ilə görüşərək Azərbaycanın beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlığını nəzərdən keçirmişdir.
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 21 aprel.- S. 6.