Ağdamda birinci rübün yekunları müzakirə olunmuşdur

 

 Ağdam Rayon İcra Hakimiyyətində 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. AzərTAc xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Allahverən Əliyev Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrası, 2012-ci ilin üç ayında rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etmişdir.

Bildirmişdir ki, 2012-ci ilin birinci rübündə Ağdam rayonunda ümumi məhsul istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 12 milyon 102 min manat olmuş, 1 milyon 499 min manatlıq sənaye məhsulu, 5 milyon 430 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əsas kapitala 2 milyon 850 min manat vəsait yönəldilmişdir. 293-ü daimi olmaqla 414 yeni yeri açılmışdır.

Hesabat yığıncağında daha sonra bildirilmişdir ki, birinci rübdə rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilmişdir. Bu dövrdə 180 şagird yerlik Səfərli tam orta məktəbinin binası, Birinci Dördyol qəsəbəsində ictimai "xeyir-şər evi" istifadəyə verilmiş, Birinci Yüzbaşılı kənd uşaq bağçası və Quzanlı Olimpiya İdman Kompleksinin zalı təmir olunmuş, "Aqroservis" kompleksinin tikintisi başa çatdırılmışdır. Hazırda YAP rayon təşkilatının inzibati binasının əsaslı təmiri yekunlaşmaq üzrədir. Alıbəyli kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir.

Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qazsu ilə təminatı sahəsində tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Rüb ərzində Sarcalı, Şükürağalı, Orta Qışlaq, Ayaq Qərvənd, Əhmədağalı, Mirəşelli, Kolqışlaq, Çıraqlı kəndlərinə və Bənövşələr qəsəbəsinə təbii qaz verilmişdir. Baharlı qəsəbəsinin, Xındırıstan və Üçoğlan kəndlərinin qazlaşdırılması davam etdirilir.

Rayonda rabitə xidmətinin səviyyəsinin yaxşılaşdırılması istiqamətində xeyli görülmüş, Quzanlı, Birinci Dördyol yeni köçkün qəsəbələri, Qaradağlı kəndi yüksək sürətli internetlə təmin olunmuşdur.

Kənd təsərrüfatı sahəsindəki inkişafdan danışan natiq bildirmişdir ki, 2012-ci ilin birinci rübündə 1854 hektar tərəvəz, 440 hektar kartof, 39 hektar yem çuğunduru və 1358 hektar təzə yonca əkilmişdir. İribuynuzlu qaramalın baş sayı artaraq 34 min 467 başa, qoyunların sayı 102 min 978 başa çatdırılmışdır. Ət istehsalı 191 ton artaraq 853 tona, süd istehsalı 363 ton artaraq 6873 tona çatdırılmışdır. 179 baş inək və düyə süni yolla mayalandırılmış, 196 baş sağlam cins buzov alınmışdır.

Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrində görülmüş işlər ətraflı təhlil olunmuş, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilmiş, onların həlli üçün təkliflər irəli sürülmüşdür .

Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov qarşıda duran vəzifələrdən danışmış, idarə və müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 6.