“Azərbaycan Respublikasında
müəlliflik hüququ və əlaqəli hüquqların
təminatının gücləndirilməsi məqsədi ilə
potensialın inkişafı” Tvinninq layihəsi
çərçivəsində hakimlər üçün
seminar keçirilmişdir
Aprelin 20-də "Park-İnn Azərbaycan" mehmanxanasında "Azərbaycan Respublikasında müəlliflik hüququ və əlaqəli hüquqların gücləndirilməsi məqsədi ilə potensialın inkişafı" Tvinninq layihəsi çərçivəsində Müəllif Hüquqları Agentliyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə hakimlər üçün seminar keçirilmişdir.
Layihənin benefisiar orqanının - Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin (MHA) sədri, professor Kamran İmanov tədbiri açaraq bildirmişdir ki, seminar çox maraqlı ərəfədə - 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günləri ərəfəsində keçirilir. Hər iki əlamətdar günlə bağlı Azərbaycanda da müvafiq tədbirlər təşkil edilir. Azərbaycanda dövlət tərəfindən müəlliflik hüququna və ümumiyyətlə, əqli mülkiyyət hüququna diqqət və qayğı nəticəsində bizim hüquqlarımıza təminat verən məhkəmə və hüquq-mühafizə orqanlarında yeni mərhələ başlamışdır. Bildiyiniz kimi, dünən aprelin 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Elm və təhsil komitələrinin birgə iclasında "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə olunmuşdur. Qanun layihəsi Prezident İlham Əliyevin tapşırığı və xüsusi sərəncamı əsasında Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanmışdır. Layihənin ikinci fəsli demək olar ki, əvvəldən axıradək müvafiq təminat prosedurlarına aiddir.
Kamran İmanov diqqətə çatdırmışdır ki, Tvinninq layihəsi MHA tərəfindən Yunanıstanda yerləşən Avropa İctimai Hüquq Mərkəzi (EPLC), Beynəlxalq Hüquqi Əməkdaşlıq üçün Alman Fondu (IRZ) və İspaniya İdarəçilik və İctimai Siyasətin Beynəlxalq Fondu (FIIAPP) ilə birgə həyata keçirilir. Məqsədimiz dövlətimizin başçısı İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirməkdir. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun iştirakçılarına ünvanladığı salamlamada qeyd edildiyi kimi, "Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir". Odur ki, dövlətimizin başçısının məşhur "Qara qızılı insan kapitalına çevirək" təşəbbüsü kreativliyə, yaradıcılığa və yenilikçiliyə verilən ən böyük dəstəkdir. Son 20 ildə əqli mülkiyyət fenomeni sürətlə inkişaf edərək əqli fəaliyyət nəticələrinin, kreativliyin və innovasiyaçılığın stimullaşdırılmasına, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, intellektual məhsulların yayılmasında aparıcı amilə çevrilmişdir. Bunun başlıca səbəbi biliklərin və mədəniyyət funksiyalarının əsaslı şəkildə dəyişməsi nəticəsində əqli mülkiyyətin müxtəlif növ dəyərlərin yaradılmasında, ölkələrin iqtisadi inkişafının sürətləndirilməsində və informasiya cəmiyyətinin formalaşmasında güclü alət kimi çıxış etməsindədir. Biliklərə əsaslanan yeni əsr iqtisadiyyatında əqli mülkiyyət və onda cəmlənən intellektual kapital əsas valyuta rolunda çıxış edir.
MHA-da müəlliflik hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışan K.İmanov bildirmişdir ki, qurumda ictimai əsaslarla "Hüquq məsləhətxanası" və "Qaynar xətt" fəaliyyətdədir. MDB məkanında yeganə olaraq agentlik hüquqlarının pozulması ilə bağlı bizə müraciət edən müəlliflər üçün iddialar hazırlayır və məhkəmələrə göndərir. Bütün bunların hamısı dövlətin hesabına edilir. MHA həmin məhkəmələrdə üçüncü tərəf kimi çıxış edir, ekspert rəylərini təqdim edir. Diqqətinizə çatdırmalıyam ki, mülki proseslər üzrə qurumun kifayət qədər təcrübəsi vardır, ancaq inzibati xətalar üzrə təcrübəmiz çox azdır. Ona görə də belə tədbirlərin keçirilməsinə ehtiyacımız böyükdür. Mən bu seminarın keçirilməsində dəstəyə görə Ədliyyə Nazirliyinə minnətdarlığımı bildirirəm.
Seminara sədrlik edən, Tvinninq layihəsi üzrə daimi müşavir İoannis Kikkis bildirmişdir ki, layihənin məqsədi Azərbaycanda əqli mülkiyyət hüququ ilə qorunan məhsulların piratçılığının səviyyəsinin azaldılmasına dair müəllif hüquqları və əlaqəli hüquqların qorunma rejiminin gücləndirilməsidir. Layihəyə ötən ilin avqust ayında başlanılmış və 2013-cü ilin fevralında yekunlaşması nəzərdə tutulmuşdur. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Sonra "Avropa İttifaqının təminat direktivi, onun tətbiqi və praktikası: Baltik ölkələrin təcrübəsi", "Müəllif hüquqlarının online mühitində (internetdə) qorunması və təminatı", "Online mühitində müəllif hüquqlarının təminatı: İspaniya təcrübəsi", "Rəqəmli mühitə dair Avropa Məhkəməsinin qərarları", "Hadopi qanunu, online piratçılığına fransız cavabı" və s. mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 21 aprel.- S. 6.