Joze Qratsiano da Silva: Gələcəkdə Azərbaycan kənd təsərrüfatının inkişafına görə dünyanın lider dövlətlərindən biri olacaqdır

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aprelin 19-da Bakıda keçirilmiş Avropa üzrə 28-ci regional konfransının nəticələrinə həsr edilmiş mətbuat konfransı olmuşdur.

 Aprelin 20-də "Hilton" mehmanxanasında keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında birgə əməkdaşlığa dair sənəd imzalanmışdır.

Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət AbasovBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva imzalamışlar.

Sənəddə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər əksini tapmışdır.

Məlumat verilmişdir ki, Bakıda keçirilmiş konfrans FAO çərçivəsində regionun ən böyük tədbiridir. Bakı konfransı ilk dəfə olaraq 46 dövlətin nümayəndəsi, o cümlədən 11 nazir, 17 nazir müavini və digər vəzifəli şəxsləri bir araya gətirmişdir.

Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində donor ölkə kimi fəaliyyət göstərəcəkdir.

Nazir demişdir ki, ölkəmiz FAO-nun reallaşdırdığı layihələrə və digər ölkələrdə keçirdiyi tədbirlərə maliyyə və texniki dəstək verəcəkdir. Bu onu göstərir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuşdur.

FAO-nun baş direktoru Joze Qratsiano da Silva vurğulamışdır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda regional ofisini açacaqdır. Qonaq demişdir ki, Azərbaycan dünyada ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynaya bilər. Azərbaycanın yerləşdiyi regionda təbii resurslar mövcuddur. Burada başqa regionlardan fərqli olaraq, torpaqsu qıtlığı yoxdur. Azərbaycan Prezidenti də ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasında qətiyyətli mövqe tutur. Gələcəkdə Azərbaycan kənd təsərrüfatının inkişafına görə dünyanın lider dövlətlərindən biri olacaqdır.

Joze Qratsiano da Silva qeyd etmişdir ki, FAO-nun Azərbaycandakı prioritetləri heyvanların sağlamlığı, balıqçılıq təsərrüfatı, kiçik fermerlərin dəstəklənməsi üçün siyasətin müəyyənləşdirilməsi məsələləridir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 6.