Bəşər mədəniyyətinin inciləri

 

Şuşanın işğalından 20 il ötür

 

Əbədiyaşar ömürlər

 

Deyirlər ki, Şuşanın gecələri çox qəribə olarmış. Ulduzlar göylərə səpilən zaman hər evdə tar-kaman dil açarmış. Bəzən də səhərədək bu qeyri-adi səslər susmazmış. Bu musiqidən coşan qayalar da nəğmə deyərmiş. Nəinki Şuşada doğulmaq, orada böyümək, elə bu şəhəri sevərək onun qonağı olmaq da bəs edərdi ki, sənin də qəlbin musiqi ilə döyünsün. Nəinki Azərbaycana, Şərq aləminə, bütün türk dünyasına məxsus mədəniyyətin, incəsənətin elə bir sahəsi tapılmaz ki, orada Şuşadan gələn musiqiçilər xarüqələr yaradaraq ilkinlər sırasında dayanmasınlar. Şuşa haqqında düşünəndə adamın gözləri qarşısında qəribə mənzərələr yaranır. Bir tərəfdə dağların sinəsində məğrur dayanan doğma şəhər, digər tərəfdə də onun şöhrətini ellərə yayan şuşalılar. Şuşada adlı-sanlı, nüfuzlu nəsillər yaşayıb ki, onların soyadı bu gün də iftixarla çəkilir, ehtiramla yad edilir. Bəşər mədəniyyətinin incilərini yaradan şəxsiyyətlər barəsində verəcəyimiz qısa məlumat Şuşanın yalnız Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Elə nəsillər var ki, onların yalnız soyadları bir tarixdir.

 

Hacıbəylilər

 

XX əsr Azərbaycan musiqisinin inkişafında Hacıbəylilər nəslinin böyük xidmətləri var. Bu nəslin şah damarı Üzeyir Hacıbəylidir. Onun kimliyi barəsində düşünərkən, ilk növbədə, bu dahi insanın sözləri yada düşür: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar. Bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər". Bu müdrik fikrin ahəngindəki məna çox düşündürücüdür. Həqiqətən də elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanaraq müqəddəs əməlləri, yaradıcılığı ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər. Üzeyir Hacıbəyli yaradıcılığının ilk günündən sübut etdi ki, o, nəinki bir ailənin, bir nəslin, bir mahalın, bir xalqın, eləcə də bütün türk dünyasının böyük oğludur. Şuşadan pərvazlanan bu parlaq sima millətinə və ölkəsinə elə bir əbədi şöhrət gətirdi ki, ziyası əbədi günəş kimi işıq salmaqdadır.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi məşhurdur. Məhz onun istedadı sayəsində Azərbaycan milli opera sənətinin tarixi 1908-ci ildə tamaşaya qoyulan "Leyli və Məcnun"dan başladı. İlk nəhəng əsərinin uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca milli operalar yazdı. 1937-ci ildə tamaşaya qoyulan "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" adlanan bu musiqili komediyalara indi də maraqla baxılır. Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yaratmışdır. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi bəstəkara məxsus olmuşdur. Sevinirik ki, dövlət müstəqilliyimizin bərpasından sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində Hacıbəylilərin nəsil şəcərəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Üzeyir bəyin böyük qardaşı Zülfüqar Hacıbəyli Azərbaycanın ilk operalarından olan "Aşıq Qərib"də xalq musiqisi ilə Avropa musiqisinin vəhdətini yaratmağa çalışıb. Onun bir sıra librettolara yazdığı musiqi sadəliyi, aydınlığı və dramaturgiya baxımından seçilirdi. Dahi bəstəkarın kiçik qardaşı Ceyhun Hacıbəyli Üzeyir bəyə bir çox musiqi əsərlərini yaratmaqda yaxından kömək etmiş, hətta "Leyli və Məcnun" operasının ilk tamaşasında İbn Səlam və Nofəl obrazlarını yaratmışdır. Onun ən diqqətəlayiq xidmətlərindən biri də "Azərbaycan" qəzetinin yaradılmasında göstərdiyi böyük xidmətdir. Bu qəzetin ilk redaktoru məhz Ceyhun Hacıbəyli olmuşdur. Təəssüf ki, 1920-ci ildə bolşeviklərin aprel çevrilişindən sonra Fransada olan Ceyhun Hacıbəyli Vətənə qayıda bilməmiş, ömrünü mühacirətdə başa vurmuşdur.

Maestro Niyazi Üzeyir Hacıbəylinin qardaşı Zülfüqarın oğludur. Görkəmli dirijor, ictimai xadim, xalq artisti, beynəlxalq mükafatlar laureatı Niyazinin musiqiçi kimi formalaşmasında ailə mühitinin böyük təsiri olmuşdur. O, Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmiş, Azərbaycan bəstəkarlarının, xüsusilə də Üzeyir Hacıbəylinin "Koroğlu" operasındakı qeyri-adi dirijorluq istedadı ona şöhrət gətirmişdir. Niyazinin dirijorluq etdiyi əsərlər Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir. Çingiz Hacıbəyli isə Niyazinin qardaşıdır. Azərbaycanın əməkdar incəsənət xadimi olub. O da dirijor idi. Yaradıcılıq fəaliyyəti əsasən Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin Simfonik Orkestri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur.

Görkəmli Azərbaycan bəstəkarlarından biri olan Soltan Hacıbəyli Üzeyir bəyin əmisi nəvəsidir. O, məşhur "Karvan" simfonik əsərini Üzeyir Hacıbəyliyə həsr etmişdir. Soltan Hacıbəyli "Gülşən" baletinin, "İsgəndər və çoban" operasının, eləcə də bir sıra simfoniya, üvertura, mahnı, romans və digər musiqi əsərlərinin müəllifidir. 1924-cü ildə Şuşada anadan olan Osman  Hacıbəyli, Soltan Hacıbəylinin qardaşıdır. Milli teatrın inkişafında özünəməxsus xidmətləri var. Ömrünün 40 ilini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayan Osman Hacıbəyli 100-dən çox rol yaratmışdır. Soltan bəyin oğlu İsmayıl Hacıbəyli isə əməkdar mədəniyyət və incəsənət xadimi idi. Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri var. Uzun illər musiqi kadrlarının yetişməsində fədakarlıqla çalışıb.

 

 Bədəlbəylilər

 

Elmin, mədəniyyətin, maarifin inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər elə şöhrətli, nəcabətli və möhtəşəm nəsildir ki, onları həmişə dərin ehtiramla, minnətdarlıq duyğuları ilə yad edirik. Bədəlbəylilərin digər məşhur soyadlarla da qohumluq əlaqələri var ki, məhz həmin nəsillər (Qacarlar, Əliverdibəylilər, Hacıbəylilər) Azərbaycanın tanınmış simalarıdır. Şuşada doğulan Bədəlbəy XX əsrin lap əvvəllərində maarif fədaisi olmaq şərəfinə çatdı. O, sonralar Bakıya köçərək paytaxtın keçmiş Sovetski küçəsində hələ də yaddaşlardan silinməyən "Bədəlbəyin məktəbi" adlanan bir binada uzun illər müəllimlik etmişdir. Bədəlbəyin qardaşı Əhmədbəy Azərbaycan səhnəsində qadın rollarının ilk ifaçısı olmaq məsuliyyətini boynuna götürdü. Belə bir ziyalı və fədakar ailədə doğulan övladlar təkcə öz nəsillərinə deyil, Şuşadan gətirdikləri ağayanalıqla Azərbaycan mədəniyyətinə şərəf və şöhrət bağışladılar. Əfrasiyab Bədəlbəyli müsəlman Şərqində ilk baletin ("Qız qalası") yaradıcısı oldu. Şəmsi Bədəlbəyli Azərbaycan Musiqili Komediya Teatrının qurucusu kimi adını mədəniyyət tarixinə həkk etdi. Bu nəslin davamçısı olan, xalq artisti, pianoçuların beynəlxalq müsabiqələr laureatı, dünya şöhrətli mədəniyyət xadimi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə ata-babalarından ona etibar edilən missiyanı ləyaqətlə davam etdirməkdədir.

Ömürləri boyu incəsənətə yüksək amalla xidmət edən, onu zənginləşdirən, şöhrət qazandıran Bədəlbəylilər həqiqətən də xalq üçün yaratdılar, çalışdılar. Bədəlbəylilər mədəniyyət tariximizin əbədiyaşar simalarıdır.

 

 Əmirovlar

 

Şuşalı Məşədi Cəmil Əmirov dövrünün görkəmli musiqi xadimlərindən biri olub. Hələ 1910-cu ildə Riqada "Qrammofon" firması Məşədi Cəmilin Azərbaycan musiqiçiləri ilə birgə ifa etdiyi muğam və xalq mahnılarını vala yazmışdır. 1911-1912-ci illərdə Məşədi Cəmil İstanbulda "Heyratı" muğamını nota köçürərək nəşr etdirmişdir. Tədqiqatçılar söyləyirlər ki, Məşədi Cəmil adi tarzən deyildi. O, muğamlarımızın, xalq mahnılarımızın dərin bilicisi sayılırdı. O, təkcə ifa etmirdi, həm də iri musiqi əsərləri yaradan bir sənətkar kimi fəaliyyət göstərirdi. Cəmil Əmirov "Seyfəlmülk" operasının (1915) və "Namuslu ər" dramının (1923) müəllifidir. Şuşada doğulan Məşədi Cəmil sonralar bir müddət Gəncədə fəaliyyət göstərmişdir. Elə Fikrət Əmirov da bu şəhərdə dünyaya gəlmişdir. Musiqi məktəbinin tar sinfini Gəncədə bitirən Fikrət Əmirovun gənclik illəri ağır repressiya dövrünə təsadüf etdiyindən Bakıda təhsil almaq arzusuna çox gec çatdı. Qəfil başlayan İkinci Dünya müharibəsinin ağır səngərlərində faşistlərlə döyüşmək məcburiyyətində qaldı.

Müharibədən sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Fikrət Əmirov musiqi sənətimizin demək olar ki, bütün sahələri üzrə öz qabiliyyətini uğurla sınadı. O, istedadlı və hərtərəfli bəstəkar idi. Səhnə əsərləri üçün musiqi bəstələyirdi. Professional musiqi tariximizə nəzər salsaq, onun inkişafında xidmətləri olan korifyelərin sırasında Fikrət Əmirovun yeri əvəzsizdir. Azərbaycan musiqisində simfonik muğam janrının banisi olan Fikrət Əmirov eyni zamanda instrumental konsert janrında da yazan ilk bəstəkarımızdır. Bəstəkarın simfonik əsərləri ona daha çox şöhrət və məhəbbət gətirmişdi. Simli orkestr üçün "Nizami" simfoniyası Fikrət Əmirovun bu sahədə gələcək nailiyyətlərini təsdiqləyən ilk uğurlu əsərlərdən biri oldu. "Şur", "Kürd ovşarı" və "Gülüstan-bayatı Şiraz" simfonik muğamları ilə Fikrət Əmirov simfonik musiqi tarixində qeyri-adi bir yeniliyin müəllifi kimi mədəniyyət tariximizin təzə səhifələrini yazdı. Fikrət Əmirov Azərbaycan mədəniyyətində iki nəhəng musiqi abidəsi ucaldıb. Bunlardan biri 1953-cü ildə səhnəyə vəsiqə almış "Sevil" operası, ikincisi isə müəllifinə dünya şöhrəti gətirən "Min bir gecə" (1979) baletidir. Fərəhlə deyək ki, Əmirovlar şəcərəsinin yolu bu gün də davam etməkdədir.

 

Minçalarlı, minçiçəkli musiqilər

 

Mahnı janrından başlayaraq opera kimi böyük musiqi əsərləri yazan Süleyman Ələsgərov bəstəkar, dirijor, pedaqoq kimi zəngin yaradıcılığa malik olub. 1924-cü ildə Şuşa şəhərində anadan olan Süleyman bu yerlərin saf havasından, dağlarının ucalığından, çəmənlərinin ətrindən elə bəhrələndi ki, ömrü boyu ilhamının ünvanı Şuşa oldu. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. Xalq melodiyalarının zənginliyindən, ritmik çalarlarından, dramaturji inkişafın prinsip və üsullarından istifadə edərək estetik dəyərini həmişə saxlayan əsərlər yaratmışdır. Unudulmaz Üzeyir Hacıbəyli yolunun ən layiqli davamçılarından olan Süleyman Ələsgərov "Bahadır və Sona", "Solğun çiçəklər" operalarını bəstələdi, eləcə də Azərbaycan professional musiqisinin əksər janrlarında gözəl əsərlər yaratdı. Süleyman Ələsgərov 12 musiqili komediyanın, 2 operanın, 2 simfoniyanın, "Bayatı-Şiraz" adlı simfonik muğamın, uvertüraların, simfonik poemaların, 6 kantatanın, bir sıra kamera instrumental nümunələrin, 300-ə yaxın mahnı və romansın, eləcə də digər janrda yazılan əsərlərin müəllifidir. Tamaşalara, kinofilmlərə onun dəst-xəttini yaşadan musiqilər bəstələyib Süleyman Ələsgərov. O, yalnız bəstəkar deyildi. Uzun müddət Dövlət Musiqili Komediya Teatrında baş dirijor, direktor vəzifələrində çalışıb. A.Zeynallı adına Musiqi Məktəbinin direktoru, eləcə də Dövlət Radio və Televiziya Xalq Çalğı Alətləri Orkestrinin dirijoru olmuşdur. Süleyman Ələsgərovun məşhur "Bayatı-Şiraz" muğamı bu janrda olan "Şur", "Kürd ovşarı" (Fikrət Əmirov), "Rast"dan (Niyazi) sonra yazılan gözəl nümunədir. Mütəxəssislər onu "minçalarlı, minçiçəkli musiqi çələngi" adlandırıblar. Buna səbəb də əsərin monumentallığı, eləcə də kamil formaya, dərin melodik dolğunluğa malik olmasıdır. Onun bütün əsərləri Azərbaycan musiqisinin inciləri sayılır.

 

İlk uşaq baletinin müəllifi

 

Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus xidmət göstərmiş görkəmli bəstəkar, xalq artisti, professor Əşrəf Abbasov da Şuşa şəhərində doğulmuşdu. Elə ilk musiqi təhsilini də burada almışdı. Doğrudur, o, tar ixtisasına yiyələnmişdi. Amma elə uşaqlıqdan özü müəyyənləşdirmişdi ki, bəstəkar olacaq. Musiqiyə olan marağı onu gənc yaşlarında tar üçün kiçikhəcmli birsəsli texniki pyeslər yazmağa həvəsləndirib. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli gənc musiqiçinin yaradıcılığı ilə tanış olduqdan sonra onu konservatoriyada oxumağa dəvət etmişdi. Beləliklə, Şuşadan qanadlanan arzular Bakıda reallığa çevrildi.

Çoxcəhətli yaradıcılığa malik olan Əşrəf Abbasov gözəl romanslar müəllifi idi. Bununla bərabər, onun yaradıcılığında simfonik əsərlərin də xüsusi yeri var. Əşrəf Abbasov ən çox simfonik poemaya üstünlük verib. "Şuşa", "Gələcək gün", "Dramatik poema" bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün bir sıra süitalar da yazmışdır. Yaradıcılığının zirvəsi isə "Qaraca qız" baletidir. Bu balet həm də uşaqlar üçün yazılan ilk böyük səhnə əsəridir. Maraqlıdır ki, balet şuşalı Süleyman Sani Axundovun "Qaraca qız" adlı hekayəsi əsasında hazırlanmışdı. Elə libretto müəllifi də şuşalı Əfrasiyab Bədəlbəyli idi. Tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdu. Əşrəf Abbasov Azərbaycan musiqi tarixinə ilk uşaq baletinin müəllifi kimi adını əbədi həkk etdirmişdi.

...Elə insanlar var ki, onların adları çəkiləndə ürəyimiz əsir, çünki yada  o şəxsiyyətlərin doğulduqları yurd düşür. Bu unudulmaz sənətkarların yaddaşlara iz salan adlarının sırasında bir nisgilin yeri var. Bu, Şuşadır. Hərdən o musiqilərin qəmli notları duyğularımızı haldan-hala salır. Sanki ruhların naləsini eşidirik. Xan Şuşinskinin böyük ehtiramla, dərin mənalarla oxuduğu bir mahnının nəqarəti ürəyimizə köz kimi sıxılır: "Şuşanın dağları, başı dumanlı". Belə yerdə adamın nitqi tutulur. Görəsən, o dumanlar, o qara buludlar dağlarımızın başından nə vaxt çəkiləcək?!

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 7.