Akademik Şəfaət Mehdiyev - dünya şöhrətli alim miniatür kitabı çapdan çıxmışdır

 

 Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti tərəfindən "Akademik Şəfaət Mehdiyev - dünya şöhrətli alim" miniatür kitabı "İNDİQO" mətbəəsində nəfis şəkildə çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, miniatür kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 8 noyabr tarixli sərəncamının mətni ilə açılır.

Respublikanın əməkdar jurnalisti İradə Əliyevanın kitabda yer almış "Şərəfli ömrün səhifələri" oçerkində həyatını bütünlüklə xalqına xidmətdə keçirən, xeyirxah əməlləri ilə nəsillərə örnək olan böyük ziyalı və görkəmli alim, akademik Şəfaət Mehdiyevin mənalı ömür yoluna nəzər salınır. Bildirilir ki, dövrünün görkəmli ziyalısı, böyük alim Şəfaət Mehdiyev müxtəlif və gərgin ədəbi-tarixi epoxalarda yaşamış, vicdan və həqiqət, əsl vətəndaş və sənətkar idealına sədaqəti həmişə müqəddəs bilmiş, onu uca tutmuşdur. Bütün addımlarında haqqın qələbəsinə çalışmış, təbiətindəki saflıq, səmimiyyət mənəvi və əxlaqi mübarizə üçün ona yenilməz cəsarət və qətiyyət vermişdir. Daim axtarışda olmaq, hər bir hadisəyə yaradıcı yanaşmaq, mühakimələrində düzgünlük, sərbəstlik, ardıcıllıq, fikrin itiliyi Ş.Mehdiyevin xarakterini səciyyələndirən xüsusiyyətlər idi.

Görkəmli alim və xeyirxah insan Ş.Mehdiyevin həyat və yaradıcılığının əks olunduğu oçerkdə onun bir alim və tanınmış ictimai xadim kimi Azərbaycan elminə və cəmiyyətinə bəxş etdiyi misilsiz töhfələr tam əksini tapmışdır. Oçerkdə qeyd olunur ki, Azərbaycanda neft sənayesinin inkişafına əvəzsiz töhfələr vermiş Ş.Mehdiyev ötən əsrin 50-60-cı illərində təkcə kəşfiyyat işləri ilə deyil, eyni zamanda, Azərbaycan neftinin tərkibi, neft yataqlarının yaranması, onların istismara verilmə imkanları barədə geniş araşdırmalar aparırdı.

Kitabda qeyd olunur ki, yüksək intellektə, yazıçılıq qabiliyyətinə və natiqlik mədəniyyətinə malik olan akademik Ş.Mehdiyev milli mədəniyyətimizin, tariximizin gözəl bilicisi idi. O, eyni zamanda, Azərbaycan cəmiyyətində gözəl dramaturq, şair və nasir kimi böyük ad-san qazanmışdı. Bu böyük alimin gücü təkcə onun 40-dan çox monoqrafiya, 400-dən artıq elmi əsərin, saysız-hesabsız elmi-publisistik məqalələrin, dərslik və dərs vəsaitlərinin müəllifi olmasında deyildi. Onun qüdrəti həm də ürəyindən keçənləri qələmə almağı bacarmasında idi. Elmi məqalələrini sözlə elə cilalayırdı ki, bu görkəmli alimin məşğul olduğu sahədən uzaq ziyalılar, alimlər belə onu həvəslə oxuyur, bu fitri istedad sahibi haqqında xoş sözlər söyləyirdilər.

Kitabda oxucuların diqqətinə çatdırılır ki, dövrünün həm böyük alimi, həm də istedadlı yazıçısı kimi ad-san qazanan Ş.Mehdiyev "Oxu, gözəl", "Ötən ötdü", "Könlümü alsaydın" kimi onlarca gözəl şeiri, "Su pərisi", "Göy adamı", "Usta", "Keçi əhvalatı" hekayələri ilə yanaşı, çoxlu gözəl miniatürləri, "Mirzə Fətəli", "Ərk qalası", "Vicdan yükü", "Sabir" kimi məşhur pyesləri ilə ədəbi-bədii prosesin fəal iştirakçısı olmuşdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda həmçinin  akademik Ş.Mehdiyevin uşaqlıq, gənclik, təhsil illərini, ailə həyatını, onun dünyanın müxtəlif ölkələrində keçirilmiş çoxsaylı elmi konfranslarda, simpoziumlarda və digər nüfuzlu tədbirlərdə iştirakını əks etdirən 51 fotoşəkil və yubiley poçt markası yer almışdır.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 8.