Sosial proqramların uğurlu icrası ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnib

 

Cari ilin birinci rübünün makroiqtisadi göstəriciləri də bunu deməyə əsas verir

 

 İqtisadi inkişaf müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən başlıca amil kimi çıxış edir. Hər bir ölkənin, xalqın problemlərinin ən optimal yolu da məhz iqtisadisosial tərəqqidən keçir. Təsadüfi deyildir ki, ötən 9 ildə ölkədə həyata keçirilən siyasətin əsas ağırlıq mərkəzi də məhz bu sahənin üzərinə salınmışdır. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması isə bir tərəfdən insan amilinə, insan hüquqlarına yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır.

Azərbaycanda hər bir vətəndaşın mənafeyinə cavab verən, təminatlı gələcəyə etibarlı zəmin yaradan təkmil siyasi kursun davam etdirilməsi bugünkü uğurlarımızı şərtləndirmişdir. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə böyük uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Azərbaycanın son illərdəki büdcəsinə nəzər saldıqda həyata keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır.

Qlobal maliyyə böhranının tam səngimədiyi bir şəraitdə ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda artımın müşahidə olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirdi. Bir çox dövlətlərdən fərqli olaraq, ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilmiş, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilmişbütün bunların əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. Bu sırada paytaxta Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisini xüsusi vurğulamaq olar. Bütün bunlar məhz Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "Makroiqtisadi göstəricilər müsbətdir. İnflyasiya cəmi 3,1 faizdir. Əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu da ümumiyyətlə, son illər ərzində ənənəvi bir balansdır. Çünki inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz. Əhalinin pul gəlirləri inflyasiyanı on faiz, ondan da çox üstələyir. Bütövlükdə bu onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqamlar uğurla icra edilir. Xüsusilə sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır".

Cari ilin birinci rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsü irəli sürülmüşdür. Məlumat üçün bildirək ki, sovet dövründə 2 milyon 400 şəxsi hesab olmuşdur. Əmanətlərin qaytarılması istiqamətində atılan əməli addımlar Azərbaycan dövlətinin güclü sosial siyasət yürütdüyünü insan amilinin daim diqqət mərkəzində saxladığını bir daha sübut edir.

Azərbaycanın son illərdə büdcə zərfində sosialyönümlü xərclərin prioritetliyi iqtisadiyyatda bu sahənin üstünlüyünü bir daha təsdiqləyir. Bu siyasətin real nəticələri isə insanların gündəlik həyatında öz təcəssümünü tapır. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Son 9 ildə Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi Dövlət Proqramının həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ünvanlı sosial yardımların verilməsində dövlətin məqsədi heç də insanları ələbaxımlığa, dövlətin himayəsinə öyrətmək deyil, əksinə, onların maddi rifah hallarının yüksəldilməsinə nail olmaqdır.

Ölkəmizdə ünvanlı sosial yardım proqramının uğurla həyata keçirilməsi, respublikamızda yeni açılan iş yerlərinin sayının ildən-ilə artması sosial siyasətin praktik nəticələri kimi diqqət çəkir. Bu ilin birinci rübü ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 miylon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Ötən il orta pensiya təxminən 40 faiz artırılmışdır. Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 150 manat, orta maaş isə 370 manatdır.

Dövlət başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsidir. Aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılması da bunun tərkib hissəsidir.

Prezident İlham Əliyev hökumətin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "Birinci rübdə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Mənim bölgələrə mütəmadi səfərlərim də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və iştirak etdiyim zavodların, fabriklərin açılışlarında həmişə maraqlanıram ki, nə qədər yeni iş yeri açılır və açılacaqdır. Qərb bölgəsinə son səfərim də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir".

Azərbaycanda uğurla aparılan iqtisadi islahatlar kompleks inkişafa gətirib çıxarmışdır. Respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə  həyata keçirilən sosialyönümlü siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 1.