Azərbaycan BMT Təhlükəsizlik Şurasında Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasına çağırmışdır

 

Azərbaycan beynəlxalq ictimaiyyətin artan nüvə təhlükələri və riskləri ilə bağlı narahatlığını bölüşür. Ölkəmiz müstəqilliyinin ilk günlərindən nüvə təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir.

Bu sözləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev qurumun Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi üzrə brifinqində demişdir.

Hazırda BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik edən Birləşmiş Ştatların təşəbbüsü ilə keçirilən bu brifinq ABŞ-ın 2009-cu ilin sentyabrında nüvə təhlükəsizliyi və kütləvi qırğın silahlarının qarşısının alınması üzrə zirvə toplantısının davamı kimi terrorçuların nüvə materialları və texniki yardıma çıxışını kəsmək üçün BMT-nin üzvü olan dövlətlərə TŞ-nin müvafiq qətnamələrinə uyğun surətdə səmərəli tədbirlər həyata keçirmək vəzifəsini xatırlatmaq məqsədi daşıyır.

Azərbaycan nümayəndəsi bildirmişdir ki, coğrafi yerləşməsini nəzərə alaraq ölkəmiz öz ərazisindən qanunsuz nüvə materiallarının daşınmasının qarşısının alınmasına ciddi diqqət yetirir. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və beynəlxalq standartlara əsaslanaraq Azərbaycan ixraca nəzarətlə bağlı mükəmməl hüquqi baza formalaşdırmışdır. Lakin, təəssüflər olsun ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davamlı işğalı dövlət sərhədinin əhəmiyyətli məsafəsi üzrə nəzarəti mümkünsüz edir. Nüvə təhlükəsizliyi və kütləvi qırğın silahlarının qarşısının alınması məsələlərinin bir-biri ilə bağlı olduğunu diqqətə çatdıran səfir A.Mehdiyev ümid etdiyini bildirmişdir ki, Azərbaycanın Cənubi Qafqaz bölgəsini nüvədən azad zonaya çevirmək təklifi həm qonşu dövlətlər, həm də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcəkdir. Bu baxımdan Ermənistan ərazisində vaxtı ötmüş "Metsamor" Atom Elektrik Stansiyasının mövcudluğu ciddi narahatlıq yaradır. Diplomat diqqətə çatdırmışdır ki, beynəlxalq müşahidəçilərin rəyincə, bu stansiyanın reaktoru köhnə, Sovet İttifaqı və Şərqi Avropada altı sovet reaktorundan ən etibarsızı hesab edilərək  bütün bölgəyə təhlükə yaradır. Bundan əlavə, yüksək seysmik zonada yerləşən "Metsamor"un yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları da mövcud deyildir. Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq, "Metsamor" AES-in fəaliyyətini gələcəkdə hər hansı faciəvi qəzadan qorunmaq üçün dərhal dayandırmağa çağırmışdır.

 

 

 Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 1.