Bakıətrafı kənd və qəsəbələrin inkişafına dövlət qayğısı artırılır

 

  Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı  Bakıətrafı qəsəbə və kəndlərdə də cari ilin birinci rübündə nəzərdə tutulmuş işlərin yüksək səviyyədə icra olunduğunu, bu sahədə qarşıda duran vəzifələrin  növbəti aylarda da uğurla həyata keçiriləcəyinə əminliyini bildirib; "Bakının kənd və qəsəbələrinin inkişafı Proqramı icra edilir. Bu məsələ ilə bağlı biz ayrıca yığışacağıq, danışacağıq. Deyə bilərəm ki, bu, çox ciddi, vaxt baxımından çox məhdud Proqramdır. Bu Proqram 2013-cü ilin sonuna qədər icra edilməlidir. Çox böyük məsələlər vardır. İnfrastruktur, yollar, su-kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətləri, xəstəxanalar, tibb məntəqələri, məktəblər - yəni biz bütün qəsəbələrdə bu layihələri kompleks icra edirik. Burada da nəzarət həm şəhər icra hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi, həm də hökumət tərəfindən olmalıdır. İşlər yüksək keyfiyyətlə aparılmalıdır".

Həqiqətən də, sosial-iqtisadi göstəricilərimiz, şəhərdə və şəhərətrafı yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işləri belə deməyə əsas verir. Bakıətrafı qəsəbə və kəndlərin görkəmi dəyişir, insanların sosial vəziyyəti yaxşılaşır, yerli infrastruktur, kəndarası və qəsəbələrarası yollar təzələnir, mövsümlə əlaqədar yolların ətrafına yaşıllıq ağacları əkilir, çəmən-çiçək zolaqları salınır, dənizkənarı sanatoriya və istirahət  evləri dünya standartlarına uyğunlaşdırılır, su-kanalizasiya, qazelektrik xətləri dəyişdirilir.

Bakının Sabunçu, Suraxanı rayonları, Zabrat qəsəbəsi, Xəzər rayonunun Mərdəkan qəsəbəsi və Binəqədi rayonunda görülən işlər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının əyani təzahürüdür. Keçən müddət ərzində görülüb, qəsəbələrdə məktəb, tibb məntəqələrinin tikintisi sürətləndirilib, elektrik enerjisi ilə təchizat, qazlaşdırma prosesləri aparılıb, kanalizasiya sisteminin yenilənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib, yolların təmirinə başlanılıb. Məsələn, Zabrat qəsəbəsinin "Teplitsa" adlanan yaşayış sahəsində 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib, qəsəbələrarası yollar boyunca işıqlandırma sistemi qurulub.

Mərdəkanda da qəsəbədaxili yolların əsaslı yenidən qurulması işlərinə başlanılıb. Yolların 20 min 500 kvadratmetr sahəsinə artıq yeni asfalt döşənib, əlavə olaraq 15 min kvadratmetr əraziyə isə asfalt salınması nəzərdə tutulub. Bu qəsəbədə suqaz xətlərinin yeniləri ilə əvəzlənəcəyi, kanalizasiya sisteminin qurulacağı Dövlət Proqramına salınıb. Burada işıqlandırma sistemi də tamamilə yenidən qurulacaq. Mərdəkanda 181 nömrəli orta məktəbin, 91 və 221 nömrəli körpələr eviuşaq bağçalarının, 26 nömrəli birləşmiş şəhər xəstəxanasının, 2 nömrəli vərəm sanatoriyasının binaları əsaslı şəkildə yenidən qurulacaq və ən müasir tələblərə cavab verən avadanlıq və inventarlarla təchiz ediləcək.

Ümumiyyətlə "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" üzrə təkcə ötən il 53 məktəb, 47 uşaq bağçası, 6 səhiyyə obyektinin təmir-tikinti işləri yekunlaşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda Zığ-hava limanı yolunun 13-cü kilometrliyindən Qala stansiyası istiqamətinə yeni dördzolaqlı yol çəkilir.

Bakıətrafı bir neçə qəsəbənin mərkəzlə nəqliyyat əlaqəsini yaxşılaşdırmaq məqsədilə çəkilən yeni 12,5 kilometrlik yol bu istiqamətdə yaranan tıxacların qarşısını alacaq. Bir sıra qəsəbələrin  mərkəzlə əlaqəsi asanlaşacaq, sürücülər aeroport şosesinə daxil olmadan şəhərə doğru rahat hərəkət edə biləcəklər.Yolda növbəli rejimi yaradılıb. Yolun bu ilin sonu, gələn ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub.

"Zığ-Hövsan, Hövsan-Türkan, Xocasən-Lökbatan, Rəsulzadə qəsəbəsi - Binəqədi və Novxanı qəsəbələrini birləşdirməklə dənizsahili istiqamətindəki yol Binəqədi şosesi - Biləcəri qəsəbəsindən keçməklə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyi təmir  edilir. Bakının ən böyük yaşayış məntəqələrindən olan Maştağa qəsəbəsi istiqamətində Sabunçu qovşağından Zabrat dairəsinədək olan yolun təmiri sürətləndirilib. Bunlarla yanaşı, paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində də təmir işləti həyata keçirilir, kommunikasiya xətləri, piyada səkiləri, qoruyucu maneələr təzələnir.

Şəhərətrafı  kənd və qəsəbələrin dinamik inkişafı yaxın illərdə Bakını dünyanın ən gözəl şəhərləri ilə müqayisə etməyə inkan verəcək. Bunun üçün Azərbaycan Prezidentinin fərman və sərəncamlarına uyğun olaraq ölkəmzin aidiyyəti qurumlarında "Böyük Bakının Regional İnkişaf Planı" hazırlanır.  Layihənin əsas əlaqələndiricisi Bakı Dövlət Lahiyə İnstitutudur. Layihə ilə bağlı ictimai dinləmələr keçirilmiş, tədbirdə şəhərin infrastrukturunun yeniləşməsində peşəkar mütəxəssislər, təşkilatlar və qurumlar iştirak etmişlər.  Əsas məqsəd şəhərsalmada və Bakı kəndlərinin inkişafında ictimai fikir və rəylərə xüsusi önəm verməkdir. "Böyük Bakının Regional İnkişaf Planı"na Bakının 11 rayonu ilə birlikdə Sumqayıt və Xırdalan şəhərləri də daxildir. Layihələndirilən ərazinin ümumi sahəsi 253 min hektar təşkil edir. Şəhərsalma layihələndirilməsi sahəsinə isə Anjela de Ursa (İtaliya), Erkal Keçe (Avstraliya) və Keya Miller (ABŞ) kimi tanınmış mütəxəssislər cəlb olunmuşlar.

Bu isə o deməkdir ki, Bakının, Bakıətrafı kənd və qəsəbələrin bu günü dünənkindən gözəl olduğu kimi, sabahı bugünkündən də gözəl olacaqdır.    

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 1.