Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik qazanılan uğurların əsasıdır

 

 Aprelin 21-də Səbael Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

AzərTAc xəbər verir ki, müşavirədə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış etmişdir.

Ə.Əhmədov demişdir ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın və beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir. Ona görə də ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılması olduqca vacibdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşmasına və Azərbaycanın dünyada layiqli yer tutmasına yönəldilmişdir. Bu siyasət artıq öz bəhrələrini verməkdədir. Azərbaycanda hər il əməkhaqları, pensiya və müavinətlər artırılır, geniş abadlıq-quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır ki, bunlar da insanların həyat  şəraitini yaxşılaşdırır. Bütün bunlarla yanaşı, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi onun beynəlxalq aləmdəki siyasi nüfuzunun artmasından xəbər verir.

Ə.Əhmədov bildirmişdir ki, cəmiyyətin aparıcı və ən böyük sosial bazaya malik siyasi qüvvəsi olan YAP-ın müasir Azərbaycanın inkişafında danılmaz xidmətləri vardır. Partiya konstruktiv mövqeyi ilə siyasi həyatda fəal rol oynayır və öz fəaliyyətini daha da gücləndirməlidir.

Sonra YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri çıxış etmişlər. Toplantıda ötən müşavirədən keçən müddətdə görülən işlərə nəzər salınmış və qarşıda duran məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 2.