Səmərqənd Dövlət Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş olmuşdur

 

  Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Hadi Rəcəbli, Eldar İbrahimov, Fəzail İbrahimli, Aydın Abbasov, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, QMİ sədrinin birinci müavini Salman Musayev, sədrin müavini, fəlsəfə elmləri doktoru Qəmərxanım Cavadlı, digər alimlər, din xadimləri və jurnalistlər daxildir.

Universitetin rektoru, professor Uluqbek Taşkenbaev qonaqları qədim Səmərqənd torpağında salamlamış, ali təhsil ocağının tarixi, elmi əlaqələri və Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığı barədə  məlumat vermişdir.

Qonaqpərvərliyə görə təşəkkür edən A.Paşazadə bildirmişdir ki, Özbəkistan, o cümlədən Səmərqənd və Buxara şəhərləri onun üçün çox əzizdir. QMİ-nin sədri vaxtilə Buxarada təhsil aldığını və burada onun çoxlu dostlarının olduğunu qeyd etmişdir.

Şeyxülislam vurğulamışdır ki, Azərbaycan və özbək xalqları dost və qardaş xalqlardır, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Bu əməkdaşlığın indiki səviyyəyə qalxmasında isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun xüsusi xidmətləri olmuşdur.

Akademik V.Məmmədəliyev qeyd etmişdir ki, Bakıda Özbəkistan Prezidenti İslam Kərimovun "Yüksək mənəviyyat və yenilməz güc" kitabının Azərbaycan dilində təqdimatı olmuşdur.

Daşkənddə isə Viktor Andriyanov və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabı özbək dilində nəşr edilmiş və təqdimatı keçirilmişdir. Bu isə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafının bariz nümunəsidir.

U.Taşkenbaev qonaqlara Səmərqəndin rəmzi olan hədiyyələr bağışlamışdır.

Sonra qonaqlar universitet ilə yaxından tanış olmuş, bu ali məktəbin nəzdindəki Arxeologiya Muzeyinə baxmışlar.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 2.