Azərbaycan ilə
Avstraliya arasında əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 16-dan 21-dək Avstraliyada səfərdə olmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində X.Xələfov Sidney hava limanının infrastruktur rəhbəri Con Dordano, Azərbaycan icmasının üzvləri, Avstraliya hökuməti ticarət komissiyasının beynəlxalq əməliyyatlar üzrə baş meneceri Davis Landers, bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) baş katibi Dennis Richardson, İnfrastruktur və Nəqliyyat Nazirliyinin katibi Mike Mrdak, Neft İstehsalı və Tədqiqatı üzrə Assosiasiyanın rəhbərliyi, ehtiyatlar, enerji və turizm naziri Martin Ferguson, "Vorley Parsons" enerji və sərvətlər şirkətinin, Avstraliya Milli Universitetinin Avropa Araşdırma Mərkəzinin rəhbərliyi və digər rəsmi şəxslər ilə görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycan ilə Avstraliya arasında münasibətlərin bütün sahələr üzrə inkişaf perspektivləri, qarşılıqlı sərmayələrin yatırılması, enerji sahəsində əməkdaşlıq, iki dövlət arasında birbaşa hava daşımaları üzrə əlaqələrin yaradılması, Azərbaycanın Avstraliyada səfirliyinin təsis edilməsi və qarşı tərəfin ölkəmizdə diplomatik nümayəndəliyinin açılması məsələsi, mədəniyyət, turizm, səhiyyə və təhsil sahələrində əməkdaşlıq imkanları, müəllim və tələbə mübadiləsi barədə geniş müzakirələr aparılmışdır. Qarşılıqlı təkliflərin müvafiq qurumlar arasında baxılması ilə əlaqədar razılıq əldə olunmuşdur.
Məsləhətləşmələr çərçivəsində regional və beynəlxalq məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 22 aprel.- S. 2.