İtaliyada Azərbaycan mədəniyyəti günləri keçirilir

 

İtaliyada Heydər Əliyev Fondunun və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri keçirilir.

AzərTAc xəbər verir ki, bu dəfə Azərbaycan incəsənət ustaları Milan tamaşaçılarını C.Verdi adına Konservatoriyada heyrətləndirmişlər. Tədbirdə əvvəlcə rəsmi çıxışlar olmuşdur. Sonra səhnəyə xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət rəqs ansamblı çıxmışdır. Rəqs ustalarımızın ritmik rəqs hərəkətləri milanlıları öz təsiri altına almışdır. Əməkdar artist Elnarə Kərimovanın böyük əməyi sayəsində püxtələşmiş "Buta" kamera xorunun Azərbaycan və italyan dillərində ifalarından təsirlənməmək mümkün deyildir. Xalq artisti Nəzakət Teymurovaİlkin Əhmədov duetinin Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından səsləndirdikləri parça, Azər Rzazadənin Azərbaycan və italyan dillərində oxuduğu mahnılar tələbkar Milan tamaşaçılarını heyran etmişdir. Əməkdar artist Fidan Hacıyevanın məlahətli səsi və peşəkar ifası da böyük alqışlarla qarşılanmışdır. Milan səhnəsində sənətkarlarımızın bənzərsiz çıxışları bir-birini əvəz etmişdir. Müslüm Maqomayevin "Azərbaycan" mahnısı bu dəfə Cavid Səmədovun ifasında səsləndirilmişdir. Azərbaycan musiqiçiləri yüksək alqışlarla qarşılanmışlar.

 

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 2.