Şahdəniz-2 ilkin mühəndis-layihə işlərinə başlayır

 

"Şahdəniz" layihəsinin ikinci mərhələsinin ilkin mühəndis-layihə işlərinin başlanmasına qərar verilib. Bu qərar Prezident İlham Əliyevlə layihənin operatoru - bp şirkətinin Bakıda işgüzar səfərdə olan baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edilib.

Beləliklə, "Şahdəniz" konsorsiumu mühüm bir irəliləyişə nail olub. Başlanması elan edilmiş bu növbəti mərhələ ilk qazın ixracına təxminən 2017-ci ilin sonlarında nail olmaq məqsədini qüvvədə saxlamağa imkan verir.

Xatırladaq ki, böyük perspektivləri olan "Şahdəniz" qaz-kondensat yatağı Xəzərin Azərbaycan sektorunda, sahildən təxminən 70 kilometr aralıda yerləşir. Layihənin birinci mərhələsi çərçivəsində 2006-cı ilin sonlarından qaz hasil olunur. Həmin vaxtdan 2011-ci ilin axırlarınadək yataqdan dünya bazarlarına 29 milyard 902 milyon kubmetr qaz və 8 milyon ton kondensat ixrac edilib. "Şahdəniz" qazı ölkəmizə, eləcə də BTC-yə, Gürcüstanın GOGC və Türkiyənin BOTAŞ şirkətlərinə verilir. Qazı Səngəçaldan Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri daşıyır. Azərbaycan qazını dünyaya aparan yollar da məhz qardaş Türkiyənin ərazisindən şaxələnir.

"Şahdəniz"in ikinci mərhələsi daha önəmli bir layihə olacaq. Hesablamalara görə, bu layihəyə 25 milyard dollar vəsait xərclənəcək. Əgər birinci mərhələ çərçivəsində ən yüksək hasilat dövründə ildə təxminən 9 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilirsə, növbəti mərhələdə bu həcmin üstünə daha 16 milyard kubmetr mavi yanacaq gələcək. Bu da onu göstərir ki, "Şahdəniz" dünyada işlənməkdə olan ən böyük layihələrdən biri, bp-nin portfelində isə ən iri layihədir.

"Şahdəniz-2"nin əhəmiyyəti həm də ondadır ki, o, "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyəyə və Avropadakı bazarlara qaz çatdıracaq. Layihənin ilkin mühəndis-layihələşdirmə işlərinin başlanması bu məqsədə çatmaq üçün mühüm bir addımdır. Belə ki, sözügedən mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri bağlanacaq. Eləcə də konsorsium Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Rəşid Cavanşir deyir: "İrəliyə atılmış bu mühüm addımı elan etməkdən məmnunuq. Ötən iki il ərzində biz bu meqa-layihənin bütün ayrı-ayrı komponentləri üzrə əsaslı irəliləyiş əldə etmişik. Mühəndis-texniki tədqiqatlar, kommersiya müqavilələri və Azərbaycan dövlətinin, həmçinin digər hökumətlərin dəstəyi "Şahdəniz" konsorsiumunda ilkin mühəndis-layihələşdirmə mərhələsinə daxil olmaq üçün inam yaradır".

R.Cavanşir vurğulayır ki, 30 trilyondan artıq kubfut qaz ehtiyatlarına malik olan "Şahdəniz" həqiqətən nəhəng yataqdır. 26-dan çox quyu, iki yeni platforma, Səngəçal terminalının genişləndirilməsi və Avropaya 4 min kilometrədək yeni boru kəmərləri ilə bu iri layihələr kompleksi dünyada ən böyük neft-qaz işlənmələrindən  olduğunu bir daha təsdiqləyir.

Odur ki, "Şahdəniz-2" üçün genişmiqyaslı inşaat işləri aparılacaq.  Yatağın ərazisində quraşdırılacaq iki hasilat platforması bir-birinə körpü vasitəsilə birləşdiriləcək. Suyun 550 metrədək dərinliyində ümumi uzunluğu 500 kilometr olan sualtı boru xətləri çəkiləcək. Qazı Azərbaycanın və Gürcüstanın ərazisi ilə Türkiyə sərhədlərinədək nəql edən Cənubi Qafqaz Boru Kəməri gücləndiriləcək. Səngəçal terminalında bu layihə üçün əlavə obyekt inşa ediləcək. Dənizdə qazma işləri isə iki yarımdalma qazma qurğusu ilə aparılacaq. Qaldı ki "Şahdəniz" qazının Türkiyə ərazisi ilə daşınması və Avropaya nəqlinə, bunun üçün də əlavə boru kəmərləri çəkiləcək, yaxud mövcud xətlər genişləndiriləcək.

"Şahdəniz" layihəsinin tarixində 2011-ci ilin 25 oktyabr günüxüsusi önəm daşıyır. Həmin gün Azərbaycanla Türkiyə arasında bir sıra mühüm ixrac sazişləri imzalanıb. Bu sənədlər Türkiyənin Azərbaycandan qaz almasına və mavi yanacağın qardaş ölkənin ərazisindən Avropaya tranzitinə imkan verir. Bunların hamısı Azərbaycan və Türkiyə tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir.

Həmin vaxtdan bəri Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans-Anadolu Boru Kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər də imzalanıb. Azərbaycan qazının Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir: bunlar İtaliya marşrutu olan Trans-Adriatik Boru Kəməri (TAP), Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə Qərbə aparacaq "Nabukko" kəməri və mavi yanacağı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa Boru Kəməridir (SEEP). Qazı dünya bazarlarına məhz hansı marşrutla çıxarmaq barədə seçimi "Şahdəniz" konsorsiumu gələn il edəcək.

Xatırladaq ki, "Şahdəniz" layihəsində bp (Böyük Britaniya), "Statoyl" (Norveç), ARDNŞ (Azərbaycan), "LUKoyl" (Rusiya), NİKO (İran), "Total" (Fransa) və TPAO (Türkiyə) şirkətləri tərəfdaşdırlar. 

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 3.