ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi sürətlə yüksəlir

 

  İlin əvvəlindən ötən üç ay ərzində adambaşına düşən pul gəlirləri 12,3 faiz artıb

 

Dövlət Statistika Komitəsi cari ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən hesabat açıqlayıb. Hesabatda bildirilir ki, bu dövrdə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər yüksəlmiş, əhalinin əməkhaqqı və gəlirləri artmış, inflyasiya minimum səviyyədə qalmışdır.

İlin əvvəlindən keçən üç ay ərzində ölkə üzrə ümumi daxili məhsul istehsalı 0,5 faiz artaraq 12,3 milyard manata çatmışdır. Əlavə dəyərin 61,3 faizi sənaye, 4,9 faizi tikinti, 4,5 faizi nəqliyyat, 2,4 faizi kənd təsərrüfatı, 7,9 faizi ticarət və pullu xidmət, 1,6 faizi rabitə, 10,9 faizi digər sahələrdə istehsal olunmuş, 6,5 faizini isə məhsula və idxala vergilər təşkil etmişdir. Bu dövrdə orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1346,1 manata (1711,9 ABŞ dollarına) bərabər olmuşdur. İlin əvvəlindən ötən üç ay ərzində ÜDM istehsalı qeyri-neft sektorunda 7,7 faiz artmış, neft sektorunda 4,7 faiz azalmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əlavə dəyərin yarıdan çoxu yaradılan sənaye sahələrində hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 9,4 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 0,3 faiz azdır. Bununla belə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 16,5 faiz artaraq ümumi məhsulun 17,1 faizini təşkil etmişdir.

Hesabatda bildirilir ki, sənaye məhsulunun 78,3 faizi mədənçıxarma, 15,9 faizi emal, 5,3 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülüməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Mədənçıxarma bölməsində keçən illə müqayisədə məhsul istehsalı 3,6 faiz azalmışdır. Başqa sözlə desək, birinci rübdə ölkə üzrə 11,3 milyon ton əmtəəlik neft, 4,6 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir.

Emal bölməsinə gəldikdə isə, statistikaya görə, ümumilikdə məhsul istehsalı 21,9, o cümlədən qida məhsulları istehsalı 1,5, toxuculuq sənayesi məhsulları istehsalı 67,7, poliqrafiya fəaliyyəti 6,5, kimya sənayesi məhsulları istehsalı 1,6, maşın və avadanlıqların istehsalı 2,2, tikinti materialları istehsalı 9,4 faiz, eləcə də hazır metal məmulatları istehsalı 2, kompyuter və digər elektron avadanlıqlar istehsalı 37, elektrik avadanlıqları istehsalı 4,9, mebel istehsalı 3,4 dəfə artmışdır. Elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə sənaye məhsulu istehsalında artım isə 10,4 faiz olmuşdur.

Hesabata əsasən, birinci rübdə ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2099,4 milyon manatya əvvəlki ilin müvafiq dövründəkindən 16,5 faiz çox vəsait yönəldilmişdir. Bu vəsaitin 47,1 faizi məhsul istehsalı obyektlərinin inşasında istifadə edilmişdir. Sözügedən dövrdə tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş investisiyanın həcmi 4,2 faiz artaraq 1103,7 milyon manat olmuşdur. Əsas kapitala yönəldilən vəsaitin 72,2 faizi daxili, 27,2 faizi xarici investisiyaların hesabına formalaşmışdır.

Bu sektor üzrə digər fakta nəzər salaq: ilin əvvəlindən ümumi sahəsi 331 min kvadratmetr olan yaşayış evləri, 15 çarpayılıq xəstəxana, 140 yerlik klub, Gəncədə alüminium zavodu kompleksi, Qusarda Mərkəzi Xəstəxana və Şahmat Mərkəzi, Masallıda soyuducu anbaristixana kompleksləri, Astarada Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolları tikilib başa çatdırılmışdır.

İqtisadi sahədə qazanılan bu uğurlar əhalinin əməkhaqqının və pul gəlirlərinin artımına da müsbət təsir göstərmişdir. Belə ki, cari ilin birinci rübündə orta hesabla ölkənin hər bir sakininin gəlirləri 792,1 manata çatmışdır ki, bu da 12,3 faiz artım deməkdir. Muzdla işləyənlərin orta əməkhaqqı isə yanvar-fevral aylarında 8,5 faiz artaraq 368,5 manat təşkil etmişdir. Bununla belə, orta aylıq əməkhaqqı bir çox sahələrdə daha yüksəkdir. Məsələn, bu göstərici sənayenin müxtəlif sahələrində 540,3, tikinti sektorunda 532, nəqliyyatda 452,8 manatdır.

Bu artımın əhəmiyyəti birondan ibarətdir ki, sözügedən dövrdə ölkədə inflyasiyanın səviyyəsi aşağı olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, mart ayında əvvəlki aya nisbətən ümumilikdə qiymətlər cəmi 0,3, o cümlədən ərzaq 0,7 faiz bahalaşmışdır. Əvəzində isə qeyri-ərzaq məhsullarının qiyməti 0,1 faiz ucuzlaşmış və xidmət tarifləri dəyişməz qalmışdır. 2011-ci ilin birinci rübü ilə müqayisədə isə istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,1, o cümlədən ərzaq məhsulları 3,9, qeyri-ərzaq malları 1,3, xidmət tarifləri 2,5 faiz qalxmışdır ki, bu da əhalinin pul gəlirlərinin 12,3 faizlik artımı fonunda elə də böyük rəqəm deyil.

 

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 3.