Azərinin mərkəzi

 

Təbiətin öz səxavətli əli ilə Azərbaycana bəxş etdiyi elə karbohidrogen yataqları var ki, əslində, onların özlərinin daxilində bir neçə yataq yerləşir. Məsələn, Xəzərin dayaz və dərin sulu ərazilərindəki "Günəşli" iki hissədən ibarətdir. "Şahdəniz" o qədər böyükdür ki, iki mərhələdə işlənməli olub. "Pirallahı", "Bibiheybət" yataqlarının həm dənizdə, həm quruda yerləşən hissələri var.

Xəzərin Azərbaycan sektorunda yerləşən, hazırda dünyada istismar olunan ən böyük neft yataqlarından biri sayılan "Azəri" isə üçhissəlidir. Bunların  hərəsi ayrı-ayrılıqda iri bir yataqdır. "Mərkəzi Azəri" 2005-ci ilin fevral ayından neft verir. "Qərbi Azəri"də hasilata 2006-cı ilin yanvarında, "Şərqi Azəri"də isə həmin ilin noyabrında başlanıb. Onlardan hasilat ahəngdarlıqla davam edir.

Keçən il "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından çıxarılmış 35,4 milyon ton neftin xeyli hissəsini "Azəri" verib. "Azəri"nin mərkəzi hissəsindən gündə orta hesabla 192  min barel neft hasil olunur. İlin əvvəlinə olan məlumata görə, burada 19 quyu istismar edilir. Onların 14-ü hasilat quyusudur.

"Mərkəzi Azəri"də yeni quyular da qazılır. Belə ki, 2011-ci ilin martında burada bir yanaqazma quyusu tamamlanıb. Onun ardınca daha bir quyu qazılıb oktyabr ayında istismara verilib. Dekabrda bir quyuda yanaqazma əməliyyatlarına başlanıb. Digər bir yanaqazma quyusu tamamlanıb o, cari ilin fevral ayında istismara verilib. İlin qalan ayları ərzində burada daha bir neçə quyuda qazma işləri aparılacaq.

Digər yataqlardan fərqli olaraq, "Mərkəzi Azəri"də Hasilat, Qazma Yaşayış Platformasından əlavə bir platforma da var. Bu, Kompressor Suvurma Platformasıdır (KvəSP) ki, qonşuluğundakı sözügedən qurğuya körpü vasitəsilə birləşdirilib. AÇG-dəki platformalardan hasil olunan səmt qazının bir hissəsi sualtı xətlərlə buraya çatdırılır. KvəSP-dən su qaz təzyiqi saxlamaq üçün yenidən laylara vurulur.

"Mərkəzi Azəri"nin neftini sualtı kəmərlər Səngəçal terminalına gətirir. Terminaldan isə neft Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulur. Yeri gəlmişkən: "Mərkəzi Azəri"nin neft tariximizdə öz yeri var. Bu həmin yataqdır ki, BTC ilk dəfə onun verdiyi nefti ixrac edib.

 

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 3.