Muğam sənətinin bahadırları

 

Şuşanın işğalından 20 il ötür

 

Qarabağ muğamın beşiyi, Şuşa isə onun sarı simidir. Belə bir fikir var ki, Şuşada bülbüllər xanəndələrin avazını eşidən kimi öz səslərini kəsərmiş. Təbiətin bu qeyri-adi gözəlləri məlahətli səsə çox həssas olurlar. Hətta bəzən xiffət və həsəddən ürəkləri partlayır. Söyləyirlər ki, şuşalılar oxuyanda kolların dibində cansız bülbüllər tapılarmış. Şuşa xanəndələrinin səsləri Qala divarlarına, qayalara, dağların sinəsinə, dərələrə elə hoparmış ki, şaqraq zəngulələr uzun müddət əks-səda verərmiş. Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, Mirzə Muxtar, Bülbülcan, Keçəçioğlu Məhəmməd, Zabul Qasım, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Məcid Behbudov, Zülfü AdıgözəlovE Şuşaya şöhrət gətirən xanəndələrdən olublar. Şuşalı sənətkarlar təkcə Azərbaycan mədəniyyətini zənginləşdirməmiş, tarixini yaratmamış, onlar öz yaradıcılıqları ilə bütövlükdə müsəlman Şərqinin musiqi aləmini təmsil etmişlər. Elə bu səbəbdən də Şuşanı həmişə Qafqazın konservatoriyası adlandırıblar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyub çalanları Şuşada doğulmuşlar. Bu dilbər guşədən pərvazlanan xanəndələr öz sənətləri ilə yurdumuzda, Cənubi Qafqazda, Yaxın Şərqdə, hətta Avropada məşhurlaşıblar.

 

Milli musiqimizin parlaq ulduzu

 

Gözəl səslərdən, xanəndəlik sənətindən danışarkən ilk növbədə Cabbar Qaryağdıoğlu yada düşür. Çünki o, həm də Azərbaycan vokal sənətinin banisidir. Onun bu sahədəki xidmətləri əvəzedilməzdir. Təkcə opera sənətinin yaranmasında böyük rolu olmayıb. O, həm də opera səhnəmizin ilk aktyorudur. Yeganə ifaçıdır ki, heç bir xanəndə ilə müqayisə edilmir. Bülbül deyirdi: "Cabbar Qaryağdıoğlu iki oktava səs diapazonuna malik müğənnidir". Bu istedad isə hər kəsə qismət olmur. Elə klassik şairlərimiz var ki, onların qəzəllərini də ilk dəfə məhz Cabbar Qaryağdıoğlu oxuyub. İlk xanəndədir ki, İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət edilib. İlk sənətkardır ki, bir muğamı iki-üç saat, bəzən isə böyük məclislərdə dörd saat oxuyardı. Nəzəriyyəçilər yazırlar ki, muğamları beş dəqiqə, yarım saatüç saat da oxumaq olar. Bu, yalnız xanəndənin məharətindən, onun zil səsindən, bəmindən və muğamın texnikasına bələd olmasından asılıdır.

Azərbaycan musiqi tarixinin bir mərhələsi də məhz Cabbar Qaryağdıoğlunun adı ilə bağlıdır. Bəstəkar Süleyman Ələsgərov yazırdı: "Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdır. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın do kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzə idi".

Cabbar Qaryağdıoğlu 1861-ci ilin yazında Şuşanın Seyidli məhəlləsində boyaqçı ailəsində anadan olub. Xanəndə, bəstəkar, musiqi xadimi kimi şöhrətlənən bu sənət və səs sahibi Azərbaycan xanəndələrinin ən görkəmli simalarından biri idi. Deyilənə görə, atası Məşədi İsmayıl istəyirmiş ki, oğlu onun sənətini davam etdirsin. Lakin Cabbarın gözəl səsi, anadangəlmə istedadı yeniyetməni tamam başqa bir sahəyə istiqamətləndirib.

Cabbarın ilk müəllimi şuşalı şair Mirzə Zeynalabdinoğlu olmuşdur. O, ədəbiyyatı, eləcə də farstürk dillərini mükəmməl bilirdi, klassik Şərq muğamlarına dərindən bələd idi. O, Cabbarla ciddi məşğul olub, ona həm musiqi elmini, fars dilini öyrədib, həm də şeirə, sənətə həvəs yaradıb. Ömrünün 13-cü baharında oxumağa başlayan Cabbar Qaryağdıoğlu 16 yaşında ifa etdiyi "Şüştər", "Kürd Şahnaz" muğamları ilə məşhurlaşıb.

O, təkcə xanəndəliklə məşğul olmurdu. Cabbar Qaryağdıoğlu Azərbaycan mədəniyyətinin ilk aktyorlarından biri idi. Azərbaycanda ilk Şərq konserti 1901-ci ildə Şuşada təşkil edilib. Həmin konsertdə Cabbar Qaryağdıoğlunun oxuduğu qəzəllər bütün sənətkarları, muğamsevərləri, adi tamaşaçıları heyrətə gətirib. Xüsusilə də 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən hazırlanan "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyində Cabbar Qaryağdıoğlunun yaratdığı Məcnun rolu Azərbaycan səhnəsinin ilk Məcnunudur.

1911-ci ildə Bakıda "Nikitin qardaşlarının teatrı"nda isə "Fərhad və Şirin" operasının ilk tamaşası olub. Maraqlıdır ki, bu tamaşada Fərhad rolunun ifaçısı Cabbar Qaryağdıoğlu olub. O dövrün qəzetlərində yazırdılar: "Qaryağdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu".

Cabbar Qaryağdıoğlu ilk azərbaycanlı xanəndədir ki, səsi qrammofon valına yazılıb. O, 1906-1912-ci illərdə Kiyev, MoskvaVarşava şəhərlərinə dəvət alıb, orada səsi qrammofon valına yazılıb. O, həm də şair idi. Gözəl qəzəllər yazırdı. Bəstəkarlıq istedadına da malik olan Cabbar Qaryağdıoğlu "İrəvanda xal qalmadı" (illər uzunu el nəğməsi kimi təqdim edilsə də) mahnısının müəllifidir. Sözləri də, musiqisiunudulmaz Cabbara məxsusdur. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olan Cabbar Qaryağdıoğlu uzun illər bu mədəniyyət ocağında klassik musiqidən dərs deyib. Onun min bir əziyyətlə topladığı 270-dən artıq xalq mahnısı mənəvi sərvətimizin əbədiyaşar inciləridir. O, tarzən Qurban Pirimovun müşayiəti ilə 300-ə yaxın mahnı və təsnif oxuyub.

Cabbar Qaryağdıoğlunun sevdiyi, dəyərləndirdiyi xanəndələr də var idi. O öz şagirdlərinin adlarını ehtiramla çəkər və tərifləyərdi. Tədqiqatçılar yazırlar ki, Cabbar Qaryağdıoğlunun Azərbaycan xanəndələri arasında ən çox sevdiyi Seyid Şuşinski olub. Xatirələrin birində oxuyuruq ki, 1913-cü ildə Bakı milyoneri Şəmsi Əsədullayevin qızının toyunda Tiflisdən dəvət olunan 24 yaşlı Seyid Şuşinski necə oxuyubsa, Cabbar Qaryağdıoğlu öz qiymətli və məşhur qavalını ona bağışlayaraq alqışlayıb.

 

 Muğamlarımızın çırpınan ürəyi

 

Dövrünün çox sevilən, nüfuzlu, xanəndəlik aləmində misli-bərabəri bilinməyən yeniliklər edən geniş diapazonlu və qüdrətli sənətkar Seyid Şuşinski haqqında dünya şöhrətli bəstəkar Fikrət Əmirov yazırdı: "Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idisə, Seyid Şuşinski çırpınan ürəyi olub. Mən fəxrlə deyə bilərəm ki, "Şur" və "Kürd ovşarı" simfonik muğamlarını yazarkən Seyid Şuşinskinin mənə yaxından köməyi olmuşdur. Seyid Şərq musiqisinə bələd olmaqla həm də qayğıkeş müəllim və gözəl insan idi".

Seyid Şuşinski əslində xüsusi musiqi məktəbi bitirməmişdi. Həm özünün fitri istedadı, həm də ona müəllimlik edən insanların mükəmməl olması Seyidi ustad xanəndə səviyyəsinə çatdırmışdı. O, məşhur tarzənlərlə birgə çıxış edirdi. Tarzən Məşədi Cəmil Əmirov Seyidi Gəncə şəhərinə apararaq bir çox məclislərdə iştirak edirdilər. Gəncədə elə bir toy tapılmazdı ki, Seyidi ora dəvət etməsinlər.  Seyid Şuşinskinin şöhrəti nəinki Azərbaycanı bürümüşdü, hətta qonşu ölkələrə də gedib çatmışdı.

Onu Tiflis məclislərinə tez-tez dəvət edərdilər. Tiflis ədəbi mühiti Seyid Şuşinskinin həyatında mühüm rol oynadı. O, burada Azərbaycanın tanınan ədib və məşhur ziyalıları ilə tanış olaraq onlarla dostluq edib. Cəlil Məmmədquluzadə, Əli Mirzə Nərimanov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi Ruhulla və başqaları ilə yaxın münasibətinin Seyid Şuşinskinin aktyor kimi də yetişməsində böyük təsiri olub. Azərbaycan sənətkarları Tiflisdə Üzeyir Hacıbəylinin operamusiqili komediyalarını tamaşaya qoyublar. Maraqlıdır ki, bu əsərlərdə Seyid Şuşinski baş rolları ifa edib.

1913-1914-cü illərdə Seyid Şuşinski Kiyev şəhərində səsini vala yazdırıb. Onun qrammofon vallarında oxuduğu "Çahargah", "Bayatı-İsfahan", "Humayun", "Rast", "Mahur", "Zabul", "Mənsuriyyə", "Arazbarı" muğamları xalq tərəfindən həmişə məhəbbətlə qarşılanıb.

Fərəhlə demək olar ki, Azərbaycan xanəndələrinin bütöv bir nəsli bu böyük ustaddan dərs almışdır. Əlbəttə, Seyid Şuşinski böyük Cabbar Qaryağdıoğlunun davamçısı idi. Seyidin yolunu saxlayanlar arasında Xan Şuşinskinin öz yeri vardı.

 

 Sənətin Xanı

 

 Qarabağ xanəndəlik məktəbinin nadir simalarından sayılan Xan Şuşinski 1901-ci ilin avqustunda Şuşada anadan olmuşdur. Deyilənə görə, 16 yaşında ikən məclislərin birində "Kürd Şahnaz" muğamını elə qüdrətli və heyrətamiz tərzdə ifa edib ki, ustad xanəndə İslam Abdullayev ona Xan Şuşinski adını verib. Xanın bir xanəndə kimi yetişməsində, şöhrətlənməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskininböyük təsiri olub. 19 yaşında Bakıya gələn Xan Şuşinski ifaçılıq fəaliyyətini daha da genişləndirib. Qeyri-adi ifaçılıq məharəti və səsi ilə dinləyici ürəyini fəth edən Xan Şuşinskinin repertuarı da zəngin idi. O, "Mahur-hindi", "Bayatı-Qacar", "Qatar", "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı", "Zərb" muğamları ilə yanaşı, xalq mahnılarını və təsnifləri də böyük şövqlə oxuyardı. Onun təqdim etdiyi muğamlarda, mahnılarda qəribə səs çalarları vardı. Həqiqətən də sənətin Xanı idi. Tale ona hər şey bağışlamışdı. Qeyri-adi səs, oxumaq tərzi və yaraşıqlı boy-buxun.

1934-cü ildə Tiflis şəhərində keçirilən incəsənət olimpiadasında iştirak edən Xan Şuşinski birinci mükafata layiq görüldü. Zəngin və çoxcəhətli musiqi yaradıcılığına malik olan bu böyük sənətkar 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam" studiyası yaradaraq öz sənətini gənclərə həvəslə öyrədirdi. Xanın sinəsində Şuşanın təmiz havası, dağlarının məğrurluğu qaynayırdı. Bu səbəbdən də özünün möhürünü vurduğu "Qəmərim", "Şuşanın dağları" mahnıları sevilərək dillər əzbərinə çevrilmişdi.

Muğam, əslində, ağırtaxtalığı sevən bir sənət növüdür. Könlünü musiqiyə bağlayan gündən ömrünün sonuna kimi Xan Şuşinski çox məsuliyyətli bir insan olub. O, səsinin qədrini də bilirdi. Ona olan sevgi və pərəstişi də dəyərləndirirdi. Bütün ömrü boyu da hər şeyi öz həddində qorumağı bacarırdı. Bu səbəbdən də gəncliyindən qazandığı rəğbəti ömrünün sonunadək üzərində hiss etdi.

Geniş səs diapazonuna malik olan Xan Şuşinski "Mirzə Hüseyn segahı" ilə "Qarabağ şikəstəsi"ni xüsusi məharət və yanıqla oxuyardı. İndionun lent yazılarına qulaq asanda istər-istəməz gözlərimiz qarşısında Qarabağın dağları, düzləri, Turşsu, İsa bulağı, Ərimgəldi qayası, Qarqar çayı, Cıdır düzü, Topxana meşəsi canlanır. Özünü Şuşanın dar küçələrində hiss edirsən. Səməd Vurğunun böyük məhəbbətlə yazdığı bir şeirin misraları qulağımızda səslənir: "Havalansın Xanın səsi, "Qarabağın şikəstəsi". Doğrudan da, Xanın səsi Qarabağın ab-havası, Şuşanın nəfəsi idi!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 5.