Erməni yalanlarını ifşa edən dəyərli əsər

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbəri olduğu "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində işıq üzü görməsi yerinə düşdü. Bu kitab erməni faşizminin mahiyyətini, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların baiskarlarını və təşkilatçılarını, soyqırımı haqqında əsl həqiqətləri təkzibolunmaz faktlar əsasında göstərmişdir.

Adıçəkilən kitab bundan əvvəl nəşr olunmuş və erməni yalanlarını əsaslı faktlarla ifşa edən "Azərbaycanlılara qarşı soyqrımı gerçəklikləri", "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "XXI əsrdə milli dövlətçilik", "Yeni siyasət: inkişafa doğru", "Gorus-2010: absurd teatrı mövsümü" kitabları kimi son dərəcə zəngin tarixi faktları özündə əks etdirən sanballı elmi əsərdir.

"Azərbaycan" qəzeti redaksiyasının həmin kitabın Xocavənd rayonunda ictimai müzakirəsini keçirməsi  bir ziyalı kimi məni də çox təsirləndirdi.

 Ömrümün demək olar ki, böyük bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bir müəllim, torpaqlarımızın müdafiəsi uğrunda övladını şəhid verən bir ata kimi qeyd etmək istərdim ki, bu gün torpaqlarımızın işğalı, uşaqlarımızın işgəncələrə məruz qalması, insanların öz doğma yurdlarından didərgin salınması, sağlamlığını, əmək qabiliyyətini itirimiş vətəndaşlarımızın ah-naləsi, yüzlərlə şəhid ruhu  bizdən tələb edir ki, xalqımıza qarşı edilən bu vəhşilikləri gənc nəslə öyrədək və ona qarşı barışmaz ruhda tərbiyə edək. Bu mənada hesab edirəm ki, dəqiq tarixi faktlarla əsl həqiqəti əks etdirən bu əsər hər bir azərbaycanlının, hər bir gəncin stolüstü kitabına çevrilməlidir.

Yaxşı olar ki, erməni xisləti və cinayətlərinin bütün dünya xalqlarına çatdırılması üçün "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi xarici dillərə tərcümə edilib yayılsın. Kitabın proqramlaşdırılaraq orta məktəblərdə əlavə dərs kimi keçirilməsi də gələcək nəsillərə çox şey öyrədərdi.

 

 

 Məhərrəm NƏSİROV

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 6.