Bir qalanın “sirri”
Hər dəfə yurdumuzun dilbər
guşələrindən olan Zaqataladan söz
düşəndə oradakı qalanın da
adı çəkilir. Həmin qala nə
vaxt, hansı məqsədlə tikilib. Bu barədə məlumat
verməyinizi xahiş edirəm.
Hörmətlə,
Yavər İbrahimova, Bakı şəhəri
1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasının tikintisində çay daşından və əhəngdən istifadə olunub. İşçi qüvvəsi kimi ətraf kəndlərin əhalisi çalışıb.
O dövrdə Zaqafqaziyadakı rus qoşunlarının komandanı, general-feldmarşal Paskeviçin təşəbbüsü ilə tikilən bu qala yerli əhalinin üsyanlarının yatırılmasında mühüm rol oynayırdı.
Üçbucaq şəklində ucaldılan qala mühafizə məqsədilə eni 10, dərinliyi 5 metr olan xəndəklə əhatə olunub. Qala divarlarının hündürlüyü 3-5, eni 2, uzunluğu 3000 metrdir. Qalanın üç böyük girişindən biri Şərq qapısı - Zabit qapısı adlanıb. Buradan rus ordusunun komandir heyəti istifadə edib. Qapı Zaqatala şəhərinə açılır. Əsgər qapısı adlanan Şimal girişindən hərbçilər təlim keçmək üçün qala düzünə çıxıblar.
Üçüncü Şimal-Qərb qapısı Nəqliyyat qapısı adlanıb. Buradan qoşun üçün lazım olan ərzaq, silah-sursat daşınıb.
Qalada daimi olaraq 2500, bəzən isə hərbi vəziyyət zamanı 8-10 minə qədər əsgər yerləşdirilib. Mühasirədən çıxmaq üçün qalanın altından iki istiqamətdə yeraltı yollar da çəkilib.
11,5 hektara malik qala ərazisində 15-ə yaxın müxtəlif tikili olub.
Şamil hərəkatı dövründə (1834-1859-cu illər) qala rus ordusunun hərbi məntəqəsi sayılıb. Çar hökuməti qaladan 1863-cü ildə baş verən Zaqatala üsyanının yatırılmasında da istifadə edib. Dağıstan Rusiyaya birləşdirildikdən sonra qala bir müddət öz hərbi əhəmiyyətini itirib.
Rus çarı II Nikolay 1905-1907-ci illər inqilabından sonra "Potyomkin" gəmisində tətil etmiş 400 matrosu Zaqatala qalasına sürgün etdirmişdi.
Sovet hakimiyyətinin ilk illərində qalada Zaqatala qəza inqilab komitəsi yerləşib. Sonralar bir çox təyinatlar üzrə, o cümlədən çətin tərbiyə olunan yeniyetmələr üçün təcridxana, şəhər mərkəzi xəstəxanası, Zaqatala Diyarşünaslıq Muzeyi, mebel fabriki, 1 nömrəli şəhər internat məktəbi, gənc texniklər stansiyası kimi də fəaliyyət göstərib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Daxili Qoşunların hərbi hissələrindən biri bu qalada yerləşib. "Yenilməz batalyon", "Cavad xan" kimi bədii filmlər də Zaqatala qalasında çəkilib.
Azərbaycan SSR Nazirlər Sovetinin 24 yanvar 1984-cü il tarixli 22 nömrəli qərarına əsasən Zaqatala qalası Tarix-Mədəniyyət Qoruğu elan olunub. Hazırda burada Zaqatala Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir.
Hümbət BAYRAMOV,
Zaqatala
Tarix-Mədəniyyət
Qoruğunun direktoru
Azərbaycan.- 2012.- 22 aprel.- S. 6.