Səsin hərarəti,
sözün məharəti
Həsən Əbluc - 70
Səs
və söz! Hər ikisi də insan qəlbinin ritmlərindən
boylanır. Sözlər yaranmamışdan onların səsi
gəlir. Səsləri musiqi ilə müqayisə edirlər.
Musiqi notunda oktavalar arası səslər dəyişir (bəmdən
zilə və əksinə). İnsanlarda da zərif, məlahətli,
incə və qaba, cilalanmamış səslər mövcuddur.
Sözlərin cilası onların sahibinin sonradan
qazandıqları, səslərin zərif və incəliyi ilahidən verilənlər hesab edilir. Belə
səs sahiblərini bəxtəvərlər də
sayırlar. Çünki onların səsi musiqi kimi
ruhoxşayan, könülləri ovsunlayandır. Nə
yaxşı ki, xalqımızın incə, zərif, musiqili
dili var. Bir çox əcnəbilər sözlərimizin və
dilimizin zərifliyi haqqında az yazmayıblar. Sənət
xadimlərimiz olub ki, onların səsi ilahi vergi kimi qəbul
edilib. Belə səslərdən qidalanan sözlər
ruhoxşayan olur.
Haqqında
söz açmaq istədiyimiz səs sahibi Həsən Əblucun
adını eşidən hər kəsin yaddaşına məhz
belə - həzin, musiqili, nəğməli,
işıqlı səs gəlir. Bu səsin nurunda mayalanan sözlər onu hər
kəsə doğmalaşdırır, özününküləşdirir.
Həsən Əblucun səsində, belə demək
mümkünsə, texniki sözlər də bədiiləşir,
obrazlaşır, müəllifinin dilinə şirinlik qataraq
dinləyicisini isə xəyal dünyası ilə
baş-başa qoyurdu.
Peyğəmbər sevdalı Nizaminin "Söz"ü ilə məhəbbət aşiqi Füzulinin "Məni candan usandırdı" harayları haqq axtardığına görə dara çəkilmək nəsibi olan Nəsiminin "Məndə sığar iki cahan" qəzəlləri, yaxud sevimli şairimiz Səməd Vurğunun "Azərbaycan" şeiri bu səsin laylasına uyuyanda səslə sözün bir-birinə hansı məhəbbətlə qovuşduğunu hiss etməmək mümkün deyil.
Budur ilahinin bəxş etdiyi fitrət yaradana və yaradıcılığı ilə könülləri fəth etmək, ovsunlamaq, sevmək və sevdirmək! Bu fəlsəfi anlamların hər biri Həsən Əblucun qəlbindən dilinə və nitqinə süzülüb gəldiyi üçün səsi ilahi vergilidir.
Onun səsinin sehrinə düşənlər sayagəlməz qədərdir. Səslərin içindən seçilib gələn bu isti nəfəsdə qovrulan sözlər heç zaman boz rəngli olmayıb. Daha çox ağsəsli kimi qəbul edilən Həsən Əblucun həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün yalnız onun ömürnaməsini vərəqləmək kifayət etməzdi. Ona görə də hansı əsərə Həsən Əblucun səsi hopubsa, onu orada axtarmaq lazımdır.
Araz nisgilli Həsən Əbluc Azərbaycanın Cənubunda, daha doğrusu, 22 aprel 1942-ci il tarixində Təbrizdə dünyaya göz açıb. Bəlkə də o, doğma yurdu çox erkən, uşaq yaşlarından tərk etməyə məcbur olduğundan səsinə hopub bu nisgil, ayrılıq, kədər notları. Ailələri Bakıya köçdükdən sonra, yaşa dolub, ağlı kəsəndən doğma yurd həsrəti onu bir qədər də sıxıb. Bu sıxıntılardan canını qurtaran isə bütöv Azərbaycana bağlılığı və məhəbbəti idi. Azərbaycan Politexnik İnstitutuna (hazırkı Texniki Universitet) qəbul olub, bir il bu ali təhsil ocağında oxuyub. Sonra qəlbinin istək və arzularını nəzərə alaraq, valideynlərinin razılığı ilə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Həsən Əbluc tələbə ikən Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçısı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirən aktyor C.Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında (indiki "Azərbaycanfilm" kinostudiyası) film dublyajında çalışmaqla yanaşı, Mədəniyyət və İncəsənət İnstitutunda səhnə danışığı ixtisasından dərs deyib.
Bədii qiraət ustası kimi Həsən Əbluc əvəzsiz nemət sayılan, təkrarsız səsi ilə klassik və çağdaş poeziya nümunələrini milyonlarla tamaşaçı və dinləyiciyə çatdırıb. Bəlkə də bu "çatdırıb" ifadəsi həmin ifanı olduğu kimi təqdim etmək imkanından çox-çox aşağıdır. Çünki Həsən Əbluc səsin imkanları ilə şeirə can verir, onu hərdən həzin meh, hərdən isə coşqun dağ çayları kimi könüllərə məlhəm edirdi. Səsinin işığında bizi klassiklərimizin dövrünə qaytaran Həsən Əbluc təkcə bədii qiraət ustası deyildi, onun bir rejissor kimi quruluş verdiyi televiziya tamaşaları da uzunömürlü sayılıb. Qardaşı Ənvər Əblucun rejissorluğu ilə "Həsən Əbluc" sənədli filmi də lentə alınıb.
Həsən Əbluc kimi istedadlı bir qardaş itirən rejissor Ənvər Əbluc xatirələrini çözələdikcə siması və duyğuları parlaq, səsi dəryalar kimi təlatümlü insanın görünən və görünməyən, zərif, incədən-incə xarakter keyfiyyətlərini gözlərimiz önündə canlandırır: "Ailəmiz Bakıya Cənubda demokratik hərəkat süquta uğrayandan sonra köçüb. Beş qardaş olmuşuq. Həsən hələ uşaq yaşlarından aktyorluğa böyük həvəs göstərirdi. O vaxtlar klublarda ədəbiyyat, musiqi, dram dərnəkləri fəaliyyət göstərirdi. Bakıda "26-lar sarayı"ında da Xalq Teatrı vardı. Lütfi Məmmədbəyov rəhbərlik edirdi. Onu da deyim ki, Həsən orta məktəbdə, daha doğrusu, 5-ci, 6-cı siniflərdə oxuyanda Pionerlər sarayındakı dram dərnəyinə gedirdi. Həmin dərnəyə isə Gənc Tamaşaçılar Teatrının o zaman müqtədir aktyorlarından biri sayılan Süleyman Ələsgərov rəhbərlik edirdi. Orta məktəbdə əlaçı idi. Üstəlik, çox yaşlı olan atama su satmaqda kömək edirdi. Atamın, nədənsə, aktyorluqdan xoşu gəlmirdi. Ona görə də Həsən orta məktəbi bitirəndə atam onu İncəsənət İnstitutuna sənəd verməyə və orada oxumağa qoymadı"...
Gənc Həsən atasının diktəsi ilə könülsüz olsa da, Politexnik İnstitutuna sənəd verib qəbul edilsə də, aktyorluq qabiliyyəti və həvəsi onun sənət yolunu dəyişməli olur. O zamanlar tələbələr təcrübə üçün istehsalata göndərilirdi. Həsən də Politexnik İnstitutunun 2-ci kursunda oxuyarkən Bakıdakı zavodların birinə aparılır. Dəmir doğramaqdan barmaqları kəsik-kəsik olan Həsənin əllərini görən atası onun bu əzabına dözməyərək, "İncinarlıq budumu, a bala", - deyə ondan soruşur. Onun "İndi ki belədir, hansı sənətə istəyirsən get" razılığı Azərbaycan incəsənətinə yeni bir səsin işığını gətirdi.
Arzusuna qovuşan Həsən Əbluc institutda məşhur aktyor və rejissor Rza Təhmasibin rəhbərlik etdiyi kursda ali təhsilini davam etdirib. Qardaşı Ənvər Əblucun tələbəlik illərində ona əsl qardaş qayğısı göstərən Həsən sanki bununla digərlərinə nümunə olub. Qardaşını Moskvada oxuduğu illərdə yaddan çıxarmayan, hətta evdən və ailədən gizli ona pul göndərməsi bu gün rejissor Ənvər Əblucun kövrək duyğularını titrədən xatirələrdəndir.
Rejissorluq ixtisasında oxuduğu illərdə Həsən Əbluc Tofiq Kazımov kimi bir dahi sənətkarın rəhbərlik etdiyi Dram Teatrında hazırladığı tamaşalarda ikinci idi. Həmin illərdə Ənvər Əbluc Moskvada oxuyurdu. Qardaşına yazdığı məktubların birində Həsən göstərirdi: "...Nəhayət, "Bir cənub şəhərində" filminin ekrana çıxmasına icazə verildi".
Səhnə danışığı fənnindən
ona dərs deyən Müxlis Cənizadə tələbəsinin
səsindən doymadığını dəfələrlə
söyləyib. Hətta müəllimi onu rəvan
danışığına, sənətinə, diksiyasına,
savadına görə özünə assistent də
götürüb. Hələ
institutun III kursunda oxuyarkən Akademik Dram Teatrına dəvət
olunub. 30 il Mədəniyyət və İncəsənət
İnstitutunda pedaqoji fəaliyyətlə məşğul
olan Həsən Əbluc bu müddət ərzində
yaddaqalan neçə-neçə
obrazlara can verib, səsinin hənirtisində qəlblərə
hərarət bəxş edib. Aktyor, rejissor, müəllim Həsən Əbluc həmçinin
bir neçə əsərin müəllifi kimi də
tanınıb: maraqlı hekayələri, dram əsərləri
olub.
Maraqlı
olduğu qədər də nisgilli daha bir xatirəni dilə gətirən
Ənvər Əblucun əfsanəyə dönmüş o
illəri Həsən Əbluc kimi bir qardaşla keçirməsindən
qürur duymaqla yanaşı, onu çox erkən itirməsindən
çəkdiyi qəhər də başadüşüləndir:
"Mən diplom filmimdə Həsəni çəkmək
istəyirdim. O zamanlar Adil İsgəndərov bədii
şuranın sədri idi. Mən "Dənizə
çıxmaq qorxuludur" filmini çəkməyə
hazırlaşırdım. Adil müəllim foto-sınaqdan
keçənlər arasında Həsənin əksini görəndə dedi ki,
onu çəkmə, deyərlər, öz
qardaşını çəkib. Adil müəllimə
çox böyük hörmətimiz var idi, cavab vermədim.
Amma görəndə ki altdan-altdan qımışır, cəsarətləndim.
Dedim ki, Adil müəllim, sınaq elədiyim
aktyorların hamısından Həsəni
daha yüksək hesab edirəm. Dedi, "onda get çək".
Amma mən çəkmədim. Rəhmətlik Rauf Qəniyevi
çəkdim. Lakin rolu Həsən səsləndirdi. Həsənin
gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi
var idi. O, radio tamaşalarında saysız-hesabsız baş
rollar yazdırıb. Dublyaj filmlərimdə bütün
rejissorlar kimi, mən də baş rolları Həsənə
verirdim. O vaxt artıq soruşan yox idi ki, niyə məhz onu
çəkirəm. Çünki Həsən dublyajda öz
möhürünü vurmuşdu"...
Azərbaycan
teatr sənəti 1994-cü il mart ayının 13-də daha
bir korifey sənətkarını, səhnə fədaisini Həsən
Əblucun simasında itirdi. Əslində, buna itirilmək də
demək olmazdı. Axı o dalğalı,
qırçınlı səs müəllifin
yazdırdığı lentlərdə, dublyajlarda ləpələnməkdə,
bahar nəsimi kimi qəlblərə bu gün də sərinlik
və təravət gətirməkdədir.
Bu itkini təkcə
teatr sənəti duymadı, sevimli ailəsini
yandırıb-yaxan o dəhşətli
tarixdən sonra sanki Əblucların ocağından qalxan
tüstü istisindən çoxdur. Ömür-gün
yoldaşı Firəngiz xanım Həsən müəllimin
tələbəsi olub. 1970-ci ildən sədaqətli həyat
yoldaşına bu ağır itkidən daha çox pay
düşüb. 1973-cü ildə dünyaya gələn
qızları Elnaz Əblucqızı ata yolunu davam etdirdiyi
üçün bir qədər təsəlli tapsa da, hərdən
doğma, ilıq ata səsindən və nəvazişindən
ötrü qəribsəyir və onda için-için
sızıldayır, göyüm-göyüm göynəyir.
Bunu duyğuları ilə baş-başa qaldığı
anlarda qəmli, nəmli baxışlarından hiss etmək
olar.
Xatirələr
göstərir ki, bir insan, ilk növbədə ailə
başçısı kimi o, həm tələbkar (bəzən
qəzəbli, bəzən ipək
kələfi kimi) olub, hərdən isə qeyri-ciddi: "Ən
çox xoşladığı yemək plov idi. Atam mənim sənətimə
heç vaxt qadağa qoymayıb. Gülləri çox sevərdi.
Ad günündə deyirdi ki, mənə hədiyyə
lazım deyil, yalnız gül gətirsinlər. Mən hər
ad günümdə öyrəşmişdim ki, atam mənə
gül alacaq"...
Səsində
də gül təravəti vardı onun. Qəhər və kədər
dolu bu səsdəki cazibədarlıq hələ də sirr
olaraq qalır. Nədən idi bu ovsun? Niyə Həsən Əblucun
səsi digər həmkarlarınkından bu qədər fərqli idi - ürəyəyatımlığı,
könül oxşaması ilə?! Bəlkə elə ilahi səsin
musiqisini bizə duydurmaq üçün göndərmişdi
onu yer üzünə?!.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 22 aprel.- S. 7.