Dünya muzeylərindəki sənət incilərimiz bəzən başqa ölkələrin adı ilə təqdim olunur

 

  22 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür

 

  Tarix boyu Azərbaycan müxtəlif imperiyaların işğalına məruz qalıb, torpaqlarımız talanıb, varidatımız daşınıb. Hər dəfə işğal olunduqca da xalqımızın əməyi sayəsində yaranan sənət nümunələri, xalçalar, keramika və metal, gil qablar, qızıl-gümüş məmulatları, kaşı sənəti, tikmələr, şirli saxsı qablar, zərif oyma sənəti, şəbəkələr və yüzlərlə başqa sənət inciləri, bir sözlə, bütün qeyri-maddi mədəniyyət abidələri daşınıb xarici ölkələrə aparılıb, qiymətli əlyazmalar başqa kitabxanalara köçürülüb. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Vatikanın, Drezdenin, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin, Gürcüstanın zəngin muzeylərini gəzdikcə orada Təbriz, Naxçıvan, Qarabağ, Gəncə, Qazax, Quba, Şəki, Şamaxı ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olur. Şedevrlərimiz bu muzeylərdə bəzən dustaq kimi saxlanılır, bəzən də başqa adlar altında nümayiş etdirilir.

Bəşər mədəniyyətinin ilkin insan məskəni kimi tanınan Azıx mağarası dünya tarixşünaslığında Azərbaycanın ərazisində yerləşən düşərgə kimi qəbul edilib. Lakin işğalçı ermənilərin əsarətində qalan bu nadir abidə onların saxta tarixçilərinin gəlir mənbəyinə çevrilib. Tarixdən məlumdur ki, ərəb xilafəti zəiflədikdən sonra Azərbaycanda yaranan Şəddadilər dövlətinin hökmdarı (1048-1066) Şavirin göstərişi ilə sənətkar İbrahim Osmanoğlu Gəncə qalasının məşhur dəmir (1063) darvazasını düzəldib. Lakin 1139-cu ildə Gəncədə baş verən təbii fəlakət və zəlzələdən istifadə edən qonşu gürcü çarlığı dərhal bu əraziyə hücum edərək şəhəri çapıb talayıb, zəngin sənət nümunələrini, o cümlədən qızıldan düzəldilmiş həmin darvazanın hər iki tağını aparıb. Hazırda həmin darvazanın bir tağı Gürcüstanın Kutaisi şəhəri yaxınlığında yerləşən Gelati monastırının cənub hasarına, çar IV Davidin qəbrinin qarşısındakı divara bərkidilib, digər tağı isə monastırın təmiri zamanı dam örtüyündə istifadə olunub.

Dünya ədəbiyyatının qüdrətli ustadlarından olan Nizami Gəncəvinin "Xəmsə"sinin əlyazma nüsxələri (1479-1491-ci illərdə üzü köçürülmüşdür) Sankt-Peterburqda Saltıkov-Şedrin adına kitabxanada saxlanılır. Çox təəssüf ki, böyük Nizami Gəncəvi bir çox dünya şöhrətli kitabxanalarda, o cümlədən məşhur İsgəndəriyyə kitabxanasında da İran şairi kimi təqdim olunur. "Xəmsə"nin 1542-ci ildə üzü köçürülmüş başqa bir nüsxəsi isə Ermitajdadır. Qeyd edək ki, Azərbaycana məxsus ən çox sənət nümunələri Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Mütəxəssislər deyir ki, Ermitajda Azərbaycana aid sənət incilərinin sayı 300 mindən çoxdur. Onların arasında Azərbaycanın qədim həyat və məişətini ifadə edən qeyri-maddi mədəniyyət nümunələrinin hər biri var. Erkən orta əsrlərdə tuncdan hazırlanmış insan, heyvan, quş fiqurları, məişət əşyaları, dolçalar, tiyan, əmək alətləri, tunc silahlar, məişət əşyaları, tikmələr, naxışlar, şəbəkələr, yüzlərlə kaşı sənətinə aid nümunələr bu muzeyin eksponatları sırasındadır, onlar ekspozisiya zallarında nümayiş etdirilir. Lakin təəssüflər olsun ki, müəlliflik hüququnun təsdiqi kimi heç birinin üzərində Azərbaycana məxsus olduğu barədə qeyd yoxdur. Miladdan əvvəl II minilliyə aid abidələr içərisində tədqiqatlar zamanı Qarabağ ərazisindən tapılmış bürünc öküz başı fiquru hər zaman muzeyə gələnlərin diqqətini çəksə də, onlar hələ də bu fiqurun Azərbaycanın Qarabağ yaşayış məskəninə aid olduğunu bilmirlər.

Qazıməmməd rayonunda Pirsaatçay üzərindəki Pirhüseyn xanəgahından tapılmış 500-ə yaxın müxtəlif bəzəkli əşya Ermitajda saxlanılır, məxsus olduqları xalqın, millətin adı göstərilmədən, sadəcə "Kaşan" kimi təqdim olunur. Xalqımızın mədəni irsinə aid olan 2 ton ağırlığında 2,5 m diametri olan tunc tiyan vaxtilə Əmir Teymurun sifarişi ilə (1399) təbrizli sənətkar Əbdül Əziz ibn Şərafəddin Təbrizi tərəfindən hazırlanıb. Tiyan Teymurun göstərişi ilə  Türküstan, indiki Qazaxıstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yasəvi məscidinə verilib. Lakin sonralar hansısa yolla bu nadir sənət incisi Ermitaja satılır və indi orada nümayiş etdirilir. Hansı xalqa, millətə mənsub olduğu yazılmadan, kim tərəfindən hazırlandığı göstərilmədən.

Azərbaycan Tarix Muzeyindən bildirdilər ki, xüsusən Moskvanın və Sankt-Peterburqun muzeylərində xalqımıza aid olan sənət incilərinin altından "Qafqaz", "İran" bəzən də "Ermənistan" mədəniyyət abidələri yazırlar. Etnoqrafiyamızın nümunəvi sənət növlərindən olan xalçaçılıq sahəsində ustalarımız dünya mədəniyyətinə nadir incilər bəxş edib. Belə nadir incilərdən olan "Şeyx Səfi" xalısı bu günAvropada tamaşaçıların marağına səbəb olur. 1539-cu ildə Təbrizdə toxunan bu xalı Şeyx Səfiəddinin Ərdəbildəki məscid-türbəsinə verilib və 350 ildən artıq bu xalı həmin məsciddə saxlanılıb. Sonralar hansısa nadanların ucbatından bu inci 1893-cü ildə Londonun ViktoriyaAlbert muzeyinə satılıb. Xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə çox böyük çətinliklər hesabına xalçanın foto-eskizi Azərbaycana gətirilərək mahir xalça ustalarımız tərəfindən toxunub. Hazırda bu qeyri-adi sənət incisinin yenidən toxunmuş variantı xalça muzeyində nadir eksponat kimi nümayiş etdirilir. Bu muzeydə Azərbaycanın Təbriz, Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları da saxlanılır. Viktoriya və Albertdə saxlanılan ən qədim sənət incimiz isə 1319-cu ildə bürüncdən hazırlanmış, hələ də gözəlliyini itirməyən camdır. Ən qədim metal sənəti nümunəmiz isə hazırda ABŞ-ın Nyu-York şəhərindəki Metropoliten və San-Fransiskodakı Asiya İncəsənət Muzeyindədir. Nə yazıq ki, bu nadir sənət incilərinin də altından sahib olduğu xalqın adı yazılmayıb.

Mədəni irsimizin acı taleyi yazarlarımızın əsərlərindən də yan keçməyib. Tiflisdə vəzifəsini yerinə yetirən alman Fridrix Bodenştedt Şərq mədəniyyətinə və ədəbiyyatına maraq göstərdiyi üçün Mirzə Şəfidən Azərbaycan dilini öyrənir və onunla dostluq edir. Bu "dostluqdan" istifadə edərək böyük Azərbaycan şairinin ən gözəl şeirlərini dəftərinə köçürür və 1850-ci ildə onu "Şərqdə min bir gün" adı altında çap etdirir. Çox keçmədən şeirlər dünyada şöhrət qazanır, kitab əl-əl gəzir. Bundan həvəslənən Bodenştetd iddia edir ki, şeirlər onun özünə aiddirbundan sonra Mirzə Şəfi Vazehin əsərlərini öz adı ilə çap etdirir. Azərbaycan Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlı  bildirib ki, dünya muzeylərində Azərbaycana məxsus nadir incilər həddən artıq çoxdur. Moskvada İnqilab muzeyinin fondunda inqilabi dövrü təmsil edən çoxlu sayda eksponat Azərbaycandan aparılıb: "Biz yüzə qədər nadir eksponatın siyahısını tutub əməkdaşımızı Moskvaya ezam etmişdik. Muzeydən bizə cavab verdilər ki, onlarda belə eksponatlar yoxdur. Lakin bizdə olan məlumatlara görə, Şərqə aid olan əsərlər Sankt-PeterburqMoskva şəhərlərinin muzeylərində saxlanılır".            

Respublika Müəllif Hüquqları Agentliyinin direktoru professor Kamran İmanov məsələyə münasibət bildirərkən dedi ki, dünya muzeylərinin hansını gəzsək, xalqımıza aid kifayət qədər qeyri-maddi mədəniyyət abidələri, şedevrlərimizlə rastlaşarıq. Bunların çoxu həmin muzeylərə müxtəlif tarixi şəraitdə, müharibələr zamanı aparılıb, bəzən də nadan insanların tamahı nəticəsində satılıb. Biz agentlik olaraq dəfələrlə həmin sənət nümunələrinin üzərində Azərbaycana məxsusluğunun qeyd olunması ilə bağlı müxtəlif ölkələrin muzeylərinə məktubla müraciət etmişik, mövqeyimizi bildirmişik. Lakin hələ ki bunları reallaşdırmaq mümkün olmayıb, muzeylərin çoxu özəldir.

Göründüyü kimi, yadellilər təkcə musiqilərimizə deyil, qədim abidələrimizə, sənət incilərimizə, əlyazmalarımıza, dilimizə, nəsrimizə, poeziyamıza da sahib çıxırlar. Fikrimizcə, maddi və mənəvi varidatımıza sahib çıxmanın zamanıdır.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 7.