Azərbaycan nümayəndə heyəti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 13-cü sessiyasında iştirak etmişdir

 

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qətərin Doha şəhərində keçirilmiş BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 13-cü sessiyasında iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, "İnkişafa yönəlmiş qloballaşma: hərtərəfli və davamlı inkişafa doğru" devizi altında təşkil edilmiş sessiyada və tədbir çərçivəsində keçirilən müxtəlif forumlarda ümumilikdə 190-dan çox ölkənin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə yeni iqtisadi meyillər, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrin hərtərəfli və davamlı inkişafının təmin edilməsi məsələlərinə dair müzakirələr aparılmışdır.

Səfər çərçivəsində Şahin Mustafayev Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında əməkdaşlıq, qarşılıqlı ticarət və investisiya imkanları müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 1.