Azərbaycan
nümayəndə heyətinin Özbəkistana səfəri
başa çatmışdır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri başa çatmışdır.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Hadi Rəcəbli, Eldar İbrahimov, Fəzail İbrahimli, Aydın Abbasov, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, QMİ sədrinin birinci müavini Salman Musayev, sədrin müavini, fəlsəfə elmləri doktoru Qəmərxanım Cavadlı, professor Qulu Məhərrəmli, digər alimlər, din xadimləri və jurnalistlər daxil idi.
Səfərin sonuncu günü nümayəndə heyəti Buxaradakı Bahouddin Nəqşibəndi kompleksində olmuşdur. Onlara bu memarlıq abidəsinin tarixi barədə məlumat verilmişdir.
Qonaqlar "Mir Ərəb" mədrəsəsində də olmuşlar.
Qeyd edək ki, vaxtilə A.Paşazadə bu mədrəsədə təhsil almışdır. Şeyxülislam burada oxuduğu illərlə bağlı xatirələrini bölüşmüşdür.
Sonra nümayəndə heyəti Kalon məscidini ziyarət etmişdir. Qeyd olunmuşdur ki, Şərq memarlığının nadir incisi olan bu məsciddə əvvəllər eyni vaxtda on min insan namaz qılırdı.
Azərbaycan nümayəndə heyəti Buxaranın qədim abidələrindən olan Toki Sarofon, Toki Telpakfuruşon və Toki Zarqaran kompleksinə də baxmışdır. Qədimdən "Bazar meydanı" kimi tanınan bu kompleksdə indi də xalq tətbiqi sənət nümunələri, milli geyim və xalçalar, müxtəlif əl işləri satılır.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 24 aprel.- S. 3.