Kolumbiya Senatında Azərbaycan ərazilərinin
işğalı ilə bağlı qərar qəbul edilmişdir
Kolumbiya Senatında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilmişdir. AzərTAc xəbər verir ki, bu barədə aprelin 23-də xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat vermişdir.
Bu qərarın yekdilliklə qəbul olunduğunu vurğulayan xarici siyasət idarəsinin sözçüsü qeyd etmişdir ki, bu sənədin əlavəsində ermənilər tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar siyasətin tarixi haqqında məlumat verilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyi əks olunmuşdur. Bundan əlavə, qərarda Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafındakı yeddi rayonun erməni hərbi birləşmələri tərəfindən təcavüzə məruz qaldığı və indiyə qədər işğal altında saxlanıldığı faktı əksini tapmışdır.
Kolumbiya Senatının qəbul etdiyi qərarda həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşadığı, onlara qarşı törədilmiş zorakılıq və insan hüquqlarının pozulduğu faktı barədə məlumat verilmiş və bu, qətiyyətlə pislənilmişdir.
Qərarda əsas diqqət çəkən məqam isə Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətlərin soyqırımı adlandırılmasıdır. Beləliklə, Latın Amerikasında Meksikadan sonra daha bir ölkə - Kolumbiya Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi qiymətləndirmişdir.
E.Abdullayev qərarın Senata çıxmamışdan əvvəl
Kolumbiyanın xarici işlər və
müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edildiyini vurğulamışdır. Xarici siyasət
idarəsinin sözçüsü 102 senatorun iştirakı ilə yekdilliklə qəbul
olunan bu qərarın
Azərbaycan diplomatiyasının Xocalı
soyqırımının dünya birliyi tərəfindən siyasi-hüquqi
qiymətin verilməsi istiqamətində növbəti uğurlu addımı kimi
qiymətləndirmişdir. E.Abdullayev
bundan sonra da bu sahədə işlərin
davam etdirilməsinin vacibliyini
vurğulamışdır.
Azərbaycan.- 2012.- 24 aprel.- S. 3.