Avropa Məhkəməsinin sədri Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına maraq göstərmişdir

 

 Böyük Britaniyanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində İngiltərənin Brayton şəhərində Avropa Məhkəməsinin fəaliyyətinə həsr olunmuş yüksək səviyyəli konfrans keçirilmişdir.

Qeyd olunmalıdır ki, son illər Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi diqqət yetirilir, məhkəməyə edilən şikayətlərin sayı həddindən çox olduğundan bu problemin həlli yolları araşdırılır. Belə ki, hazırda məhkəmənin icraatında olan 150 min şikayətə baxmaq üçün 20 il vaxt lazımdır. Hər il isə müxtəlif Avropa dövlətlərindən 60 mindən çox yeni ərizə göndərilir. Bütün şikayətlərin yarısından çoxu yalnız 4 ölkədən - Rusiya, Türkiyə, Ukrayna, Rumıniyadan daxil olur. Azərbaycandan daxil olan  ərizələrin sayı isə orta Avropa rəqəmindən 1,3 dəfə azdır. Şikayətlərin 90 faizi Konvensiyaya uyğun olmadığından icraata qəbul edilmir və məhkəmənin yükünün əsassız artımı ilə nəticələnir. Məsələ ilə bağlı 2010-cu ildə İsveçrənin İnterlaken şəhərində, 2011-ci ildə İzmirdə (Türkiyə) Avropa ədliyyə nazirlərinin konfransları təşkil olunmuşdur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Brayton konfransında Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ölkəmizin Avropa Şurasında daimi nümayəndəsi, səfir Arif MəmmədovAvropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, habelə Məhkəmə-Hüquq Şurasının üzvləri və Ədliyyə Nazirliyinin məsul əməkdaşları təmsil etmişlər.

Açılış mərasimində Böyük Britaniyanın ədliyyə üzrə lord kansleri Kennet Klark, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, AŞ PA-nın sədri Jan-Klod Minyon, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Nikolas Bratsa, İnsan hüquqları üzrə yeni təyin olunmuş Avropa Komissarı Nils Mujniyeks çıxış etmişlər.

Avropa Şurasının üzv dövlətlərinin ədliyyə nazirlərinin və digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi mötəbər konfransda Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması, bütün Avropada problemlər yaşayan məhkəmə sistemlərinin təkmilləşdirilməsi, bu zaman məhkəmənin presedent hüququnun geniş tətbiqi və bu kimi digər aktual məsələlər müzakirə edilmiş, üzv-dövlətlər arasında yaxşı praktikalar üzrə fikir mübadiləsi aparılmışdır.

Ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  məhkəmə islahatlarından danışmış, ədalət mühakiməsinin daha mükəmməl həyata keçirilməsi, bu məqsədlə hakimlərin sayının artırılması, onların Avropa Konvensiyası üzrə müntəzəm tədrisi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə, Avropada nümunə kimi dəyərləndirilən hakimliyə namizədlərin ən şəffaf qaydalarla seçilməsi barədə məlumat vermişdir.

Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla da vətəndaşların bir çox konvension hüquqlarının pozulması faktı konfrans iştirakçılarının diqqətinə xüsusi olaraq çatdırılmışdır.

İngilis dilində çıxışın, habelə onun rus dilində olan mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.

İclasın sonunda əlavə tədbirlərə dair Brayton Bəyannaməsi qəbul olunmuşdur.

Konfrans çərçivəsində Avropa Məhkəməsinin sədri, İnsan hüquqları üzrə yeni Avropa komissarı və AŞ-nin digər rəsmiləri ilə görüşlər keçirilmiş, ölkəmizdə aparılan məhkəmə islahatlarına maraq göstərilmişdir.

Eyni zamanda, bir sıra dövlətlərin ədliyyə nazirləri və nümayəndə heyətlərinin rəhbərləri ilə əməkdaşlığa dair faydalı danışıqlar aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 3.