“Ankara həqiqətləri
gördü”
Prezident Administrasiyasının
şöbə müdiri, professor Əli Həsənovun
Türkiyənin "Cümhuriyyət" qəzetinə
müsahibəsi belə adlanır
Aprelin 22-də Türkiyənin nüfuzlu "Cümhuriyyət" qəzetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri professor Əli Həsənovun "Ankara həqiqətləri gördü" sərlövhəli müsahibəsi dərc edilmişdir.
Müsahibədə professor Əli Həsənov Ermənistan və Türkiyə arasında imzalanan protokollar, Azərbaycan-Türkiyə əlaqələri, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini qəzetin müxbiri Leyla Tavşanoğlu ilə bölüşmüşdür.
AzərTAc müsahibəni təqdim edir.
- Ermənistan ilə məlum sərhəd məsələsindən sonra Türkiyə-Azərbaycan əlaqələrində müəyyən qədər soyuqluq yaranmışdı. Azərbaycan "bir millət, iki dövlət" fəlsəfəsinə sadiq qalaraq Ankaranın Ermənistanla sərhədlərin açılması məsələsini özünə qarşı səhv addım kimi qiymətləndirdi. Bu gün əlaqələr nə vəziyyətdədir?
- O dövrdə yaşananlar Türkiyə ilə əlaqələrimizdə bir imtahan idi. Hər ikimiz də o imtahandan üzüağ çıxdıq. Türkiyə hökuməti də, Azərbaycan hökuməti də xalqlarımızın bizdən gözlədiklərini yerinə yetirdi. Xalqlarımız iki dövlətin kədərinin də, sevincinin də bir olduğuna inanır. Birimizin bir milyondan çox insanı pərişan bir vəziyyətdə yaşayarkən, o birinin həmin insanları pərişanlığa düçar edən dövlətlə əlaqələr qurması mümkün deyildir. Xalqlarımızın iradəsi belədir. Türkiyənin hörmətli Prezidenti və Baş nazirinin xalqın iradəsinə arxalanaraq sərhəd məsələsini birdəfəlik qapadıqlarına görə təşəkkür edirik. Ermənistan hələ də Azərbaycan torpaqlarının işğalını davam etdirir və sülhə gəlməyənədək Türkiyə də Ermənistan ilə sərhədlərini bağlı saxlamaqda davam edəcəkdir. Əslində sınağından çıxdığımız bu imtahan əlaqələrimizi daha da yaxşılaşdırmağa kömək etdi. Bu imtahanı keçdikdən sonra Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana daha çox etibar etməyə başladı. Ulu öndər Heydər Əliyevin dövründə başlanan əlaqələr və ikitərəfli layihələr olduğu kimi davam edir. Bu gün daha praqmatik bir vəziyyətə gəlmişik.
- Necə praqmatik?
- Azərbaycan bu gün Türkiyəyə böyük bir sərmayəçi dövlət olaraq gəlir. PETKİM-də ortaq işlərimiz vardır. Bizim SOCAR şirkəti Türkiyəyə böyük sərmayələr yatırır. On il ərzində biz Türkiyəyə on milyard dollardan çox sərmayə qoyacağıq. Sərmayə deyərkən biz bunlara sahiblənməyəcəyik. Türkiyədə on minlərlə yeni iş yeri açacağıq. Həmişə dostluqdan söhbət açılır, amma ortada bir iş görülməsə olmaz.
Bundan başqa, keçən il Azərbaycandan Türkiyəyə bir milyona qədər turist gəldi. Bunu da söyləməliyəm ki, azərbaycanlı turistlər Türkiyədə yaxşı pul xərcləyirlər. Bir də azərbaycanlı iş adamları Türkiyədə turizm obyektləri, otellər açırlar. Deyəcəyim odur ki, bugünkü əlaqələrimiz xalqlarımızın istəklərinə uyğun olaraq inkişaf edir.
- Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanmasından iyirmi ildən çox vaxt keçdi. Hələ də Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayon ilə bağlı məsələ həll olunmamışdır. Bundan sonra nələr baş verə bilər?
- Bu, əlbəttə, Azərbaycan hökumətinin iradəsindən kənarda inkişaf edir. 1991-1992-ci illərdə ermənilər bu torpaqları qonşu dövlətlərin köməyi ilə işğal etdilər. Həmin torpaqlarda etnik təmizləmə aparan ermənilər bir milyon azərbaycanlını ev-eşiklərindən qovdular.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının (ATƏT) Minsk qrupu illərdir bu məsələni
həll etməyə çalışır. Artıq
status-kvoya son qoyulmalıdır. Artıq ermənilər
torpaqlarımızın işğalını, bir milyondan
çox soydaşımızı məcburi
köçkünlüyə məhkum etməyi davam etdirə
bilməzlər. Biz bu iradəni ortaya qoymuşuq. Ya Minsk qrupu
sülh yolu ilə Azərbaycan torpaqlarının
işğalına son qoymalıdır, ya da biz o torpaqları
müharibə yolu ilə azad edəcəyik.
- Türkiyə xüsusilə Qərb dünyasında davamlı olaraq "erməni soyqırımı" törətməkdə günahlandırılarkən ermənilərin Xocalıda həyata keçirdikləri soyqırımından bəhs edən yoxdur. Sizcə niyə?
- Türkiyə və Azərbaycanın qarşısında soyqırımı ilə bağlı iki problem vardır. Bu problemlərdən biri olmayan 1915-ci il soyqırımı çərçivəsində bütün dünyanın ermənilər tərəfindən ayağa qaldırılması və Türkiyənin təhdid edilməsidir. Hər il Türkiyə ilə Azərbaycan bu məsələ ilə bağlı ciddi mübarizə aparmalı olur. Bir də ermənilərin Xocalıda törətdikləri həqiqi soyqırımı mövcuddur. 1992-ci ildə azərbaycanlılara qarşı törədilən bu soyqırımının üzərindən 20 il keçdi, amma heç kimin səsi çıxmır. Ermənilər iyirmi il əvvəl bir Azərbaycan şəhərini yerlə yeksan etdilər, 600-dən çox azərbaycanlını öldürdülər. Real soyqırımı budur.
Bizim problemimiz ermənilər tərəfindən törədilmiş bu real soyqırımını dünyaya tanıtmaqdan ibarətdir. Həm Türkiyənin, həm də Azərbaycanın soyqırımla əlaqədar Ermənistan ilə problemləri vardır. Biz artıq bütün dünyaya ermənilərə qarşı tarixdə heç bir soyqırımı olmadığını, ermənilərin özlərinin törətdikləri soyqırımı həqiqətini qəbul etdirəcəyik. Əlbəttə, işimiz çətindir. Çünki ermənilərin dünyada güclü havadarları, böyük diasporları vardır. Xristian olduqları üçün onları dünyanın bütün böyük xristian dövlətləri dəstəkləyir.
Deyirlər ki, "Türkiyə Ermənistana qucaq açsa, onlar bu soyqırımı iddialarından imtina edərlər". Bu, heç vaxt olmayacaqdır. Çünki 70 il birlikdə yaşadığımız dövrdə biz azərbaycanlılar onlara nə yaxşılıqlar etmədik? Amma onlar bizimlə necə davrandılar? Fürsət tapan kimi bizə qarşı namərdlik etdilər. Torpaqlarımızı yenidən işğal etdilər. Ermənilər tarixdə bizə qarşı dörd dəfə soyqırımı törətmişlər.
- Bunu şərh edərsinizmi?
-
Birincisi, XX əsrdən əvvəl olmuşdur. Sonra
1918-1920-ci ildə, 1948-1950-ci illərdə, son olaraq isə
1988-1992-ci illərdə baş vermişdir. Ermənilərin
xisləti belədir. Fürsət tapdıqları zaman hər
şey edə bilərlər. Mən bütün erməni
xalqını nəzərdə tutmuram. Amma erməni siyasətçilər
qonşularına qarşı həmişə namərdlik
etmişlər.
- Ermənistanın
Rusiyanın plasdarmı olması barədə nə deyərdiniz?
- Ermənistanın
gələcəyi Rusiyaya bağlıdır. Rusiyanın orada
strateji, geopolitik maraqları vardır. Ermənistan dövlətinin
yaradılmasına çar I Pyotr strategiyası deyilir. Ermənistan
kimi bir xristian dövləti qurub bölgə xalqı ilə
münasibətləri davam etdirmişlər.
Hazırda
Ermənistan dediyiniz kimi, Rusiyanın plasdarmıdır. Ermənistanın
Rusiyasız müstəqil siyasət yürütməsi
mümkün deyildir.
- Belə
görünür ki, bundan sonra iki plasdarm olacaqdır.
İkincisi Dağlıq Qarabağdır...
-
Qarabağı biz heç kimə verməyəcəyik.
Qarabağdakı ermənilər yaşamaq istəyirlərsə,
heç kimin plasdarmı ola bilməzlər. Ya bizim vətəndaşlarımız
olaraq qalarlar, ya da biz onlara plasdarm olmaq imkanı verməyəcəyik.
Hazırda Dağlıq Qarabağ təpədən-dırnağadək
ağır silahlarla təchiz olunmuş militarist bir bölgədir.
-
Dağlıq Qarabağda öz müqəddəratını
təyin etmək üçün referendum keçiriləcəyini
deyirlər. Amma bu bölgənin azərbaycanlı əhalisi məcburi
köçkün vəziyyətində ikən belə bir
referendumun qanuni əsası necə ola bilər?
- Minsk
qrupunun toplantılarında referendum mövzusu da müzakirə
olunur. Amma bunun həyata keçirilməsindən əvvəl
Ermənistan silahlı qüvvələri işğal
altındakı Azərbaycan torpaqlarından çəkilməli,
bu torpaqlar azad edilməlidir. Azərbaycanlı məcburi
köçkünlər bu torpaqlara qayıtmalıdırlar.
Ermənistan ilə Azərbaycan arasında sülh təmin
olunmalıdır. Bundan əvvəl orada referendum keçirilə
bilməz. Hazırda məsələnin bir nöqtəyə gəlməsinə
mane olan tərəf Ermənistandır.
-
Türkiyə ilə Azərbaycan arasında bir çox enerji
layihəsi davam etdirilir. Bir də vaxtilə "Nabukko"
adlı bir enerji layihəsi ortaya atıldı. Sonra da aradan
qaldırıldı. "Nabukko"ya nə oldu?
-
"Nabukko" Avropa İttifaqının Xəzərin təbii
qazını Avropaya birbaşa olaraq nəql edilməsi layihəsidir.
Bu, Azərbaycan, Türkmənistan, İraq və mümkün
olsa İran qazını Avstriyadakı paylama nöqtəsindən
Avropaya çatdıracaq alternativ layihədir.
- Yəni,
Avropa ölkələrinin Rusiya qazının inhisarından
çıxarılması məqsədini daşıyır?
- Hər
halda belədir. Onsuz da "Nabukko"ya alternativ boru kəməri
deyirlər. Bizim "Nabukko"ya nə həvəsimiz, nə
də onun reallaşdırılmasına vəsait yatırmaq
niyyətimiz vardır. "Nabukko"nun təşəbbüskarı
olan Avropa İttifaqı bizim artıq qazımızı istədi.
Amma hazırda bizim artıq qazımız yoxdur. Həqiqətən,
"Nabukko"nun reallaşacağını bilsək, əlavə
olaraq beş-altı quyu açarıq, onlara lazım olan
qazı satarıq. Amma təkrar edirəm, "Nabukko"nun təşəbbüskarı
Avropa İttifaqıdır. Bu boru kəmərini Azərbaycana
qədər gətirsinlər, Türkmənistan qazını
da təmin etsinlər. Amma Türkmənistan qazını Azərbaycana
ancaq Rusiya gətirə bilər. Hazırda Azərbaycan beş
ölkəyə təbii qaz satır. Bunlar Gürcüstan,
Rusiya, İran, Türkiyə və Yunanıstandır. Bizim
Türkiyə ilə imzalanmış "Transanadolu" boru kəməri
müqaviləmiz vardır. Bunun mənası budur: Bakı-Ərzurumun
nəql edə bilmədiyi təbii qazı biz Gürcüstan
sərhədinə qədər gətiririk. Daha sonra boru kəməri
Gürcüstan-Türkiyə sərhədindən Ədirnə
sərhədinə qədər uzanır. Türkiyə ilə
tranzit daşınmasına dair müqaviləmiz vardır.
Artıq qazımızı Avropaya satırıq. Yeri gəlmişkən
onu da deyim ki, Türkiyə bu gün ən ucuz qazı Azərbaycandan,
ən baha qazı isə İrandan alır.
-
Dünya qiymətlərinə görə, Türkiyə Azərbaycan
qazını neçəyə alır?
-
Dünya qiymətlərindən 50 faiz daha ucuz alır. Amma bu
qazın hamısı deyildir. Türkiyə üçün
müəyyən kvota vardır. Türkiyə bu kvotadan
artıq qaz istəyərsə 30 faiz, daha çox istəyərsə
10 faiz daha ucuz qaz verə bilərik.
Biz
artıq Türkiyədə PETKİM-i işlədirik.
Türkiyə bizim qardaşımızdır. PETKİM-i
işlətməklə Türkiyənin Azərbaycana vergi
ödəməsinin qarşısını alırıq. Beləliklə
də, Türkiyə büdcəsinə fayda veririk.
- Azərbaycan
Türkiyənin qardaşı, strateji müttəfiqi
olduğunu deyir, amma heç bir vəchlə Şimali Kipr
Türk Respublikasını tanımır. Səbəb nədir?
- Şimali
Kiprin tanınması bizim Türkiyə ilə
qardaşlığımızdan asılı deyildir. Baxın,
Qarabağ problemi vardır. Dağlıq Qarabağı
dünyada heç kim tanımır. Amma biz sabah Şimali Kipri
tanısaq, Ermənistanın müttəfiqləri də
Dağlıq Qarabağı tanımağa başlayarlar.
Qarabağ
problemi həll edilsə, bizim Şimali Kipr üçün
çox şey etmək planlarımız vardır. Biz
Türkiyədən sonra ən çox tələbə
qrupumuzu Şimali Kiprə göndəririk. Türkiyədən
sonra ən çox turistimiz Şimali Kiprə gedir.
Azərbaycan.- 2012.- 24 aprel.- S. 4.