Dubay hökumətinə məxsus ərəbdilli Əl-Bəyan qəzetində Bakıda keçiriləcək Eurovision – 2012 mahnı müsabiqəsindən bəhs edən maraqlı yazı dərc olunmuşdur

 

 Dubay hökumətinə məxsus ərəbdilli "Əl-Bəyan" qəzetinin 22 aprel tarixli nömrəsində Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) Azərbaycan Cəmiyyətinin keçirdiyi təbliğat kampaniyası əsasında bu ilin mayında Bakıda keçiriləcək "Eurovision -  2012" mahnı müsabiqəsindən bəhs edən maraqlı yazı dərc olunmuşdur.

BƏƏ-də fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin mətbuat xidməti həmin yazının mətninin tərcüməsini AzərTAc-a göndərmişdir.

 Məqalədə deyilir: "Qarşıdan gələn may ayında Azərbaycanın paytaxtı Bakıda "Öz məşəlini alovlandır!" devizi altında növbəti 57-ci Avropa musiqi müsabiqəsi - "Eurovision - 2012" keçiriləcəkdir. Bu müsabiqə Azərbaycanın paytaxtı Bakıda Xəzər dənizinin sahilində yerləşən, yeni inşa edilmiş "Baku Crystal Hall"da baş tutacaqdır.

Birləşmiş Ərəb Əmirliyindəki Azərbaycan diasporu dünya miqyasında yüksək fəallığı ilə seçilən bu beynəlxalq müsabiqəyə dəstək vermək və onu təşviq etmək üçün bütün səy və bacarığını səfərbər edərək bu gün dünyada ən böyük demoqrafik müxtəlifliyi olan və planetin hər tərəfindən yüz minlərlə turistin axışdığı BƏƏ-də tədbir və mətbuat konfransı keçirmişdir. Azərbaycan Cəmiyyəti təbliğat kampaniyasını "Bütün musiqisevərləri Bakıya dəvət edirik" adlandırmağı qərara almışdır.

BƏƏ-dəki Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov konfransda demişdir ki, bu il "Eurovision-2012" mahnı müsabiqəsində 42 ölkə iştirak edəcəkdir. O bildirmişdir ki, müsabiqədə Azərbaycanın ideal surətdə təmsil olunması üçün bu layihəni dəstəkləyən Heydər Əliyev Fondu mühüm rol oynayır.

S.İmanov geyd etmisdir ki, onun ölkəsi "Eurovision - 2012" mahnı müsabiqəsi vasitəsilə Azərbaycanın zəngin tarixini və mədəni irsini dünyaya təqdim edəcəkdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu tədbirə tam dəstəyini vermişdir. Heydər Əliyev Fondu istər Azərbaycanın daxilində, istərsə də xaricində sosial, xeyriyyə, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələr həyata keçirir.

Samir İmanov əlavə etmişdir ki, Azərbaycan yaxın günlərdə bütün musiqisevərlərə qucaq açaraq ölkəsinin tolerant dövlət olduğunu bir daha bütün dünyaya sübut edəcəkdir. Eyni zamanda, Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən bugünədək, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkənin qazandığı böyük uğurları dünyaya nümayiş etdirəcəkdir.

Azərbaycan Cəmiyyətinin sədri əlavə etmişdir ki, onun ölkəsinin müxtəlif dinlər, xalqlar və sivilizasiyalar arasında unikal dialoq təcrübəsi dünyanın diqqətini çəkir və belə göstəricilərin nəticəsidir ki, 2011-ci ildə 155 ölkə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının  üzvlüyünə namizədliyini dəstəkləmişdir. Azərbaycan bunu böyük qələbə kimi qeyd etmişdir.

"Eurovision - 2012" mahnı müsabiqəsinin təbliğat kampaniyası çərçivəsində dərin tarixi köklərə malik olan Sınıq Qala minarəsi, Şirvanşahlar Sarayı və Qız qalası kimi tarixi abidələr də diqqət mərkəzində saxlanılır".

 

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 4.