Dayanıqlı və sabit inkişafa yol açan Heydər Əliyev ideyaları

 

Azərbaycanın özü qədər əbədi

 

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü uğurla qeyd edən Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz nailiyyətlər artıq dünyanın diqqətini cəlb edir, onun heyrətamiz iqtisadi, sosial və siyasi  qələbələri həm beynəlxalq təşkilatlar, həm də tanınmış siyasi xadimlər tərəfindən etiraf olunur. Respublikamızın dayanıqlı və sabit inkişafının səbəbləri öyrənilir, xüsusilə MDB ölkələrində bu təcrübədən bəhrələnməyə çalışırlar. Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.

Bu gün Azərbaycan öz təbii sərvətlərindən bəhrələnərək iqtisadi qüdrətini artırır və bununla da xalqının daha firavan yaşamasını təmin edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, indi Azərbaycanın iqtisadi və enerji siyasəti həmçinin ölkənin siyasi çəkisinə transformasiya olunur. Bu, onun beynəlxalq aləmdə, xüsusilə regionda söz sahibinə çevrilməsinə, əhalinin güzəranının gündən-günə yaxşılaşmasına, ən başlıcası, respublikanın daha yüksək inkişaf pilləsinə yüksəlməsinə və özünün gələcək inkişaf istiqamətlərini qətiyyətlə müəyyənləşdirməsinə imkan verir. Artıq Azərbaycan özünü modernləşən, ən müasir texnologiyaları tətbiq edən, dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə çatmağa can atan stabil, demokratik bir ölkə, bütün məsələlərdə etibarlı beynəlxalq tərəfdaş kimi tanıtmışdır.

Bu, bir həqiqətdir ki, Azərbaycanın bugünkü qələbələri ulu öndər Heydər Əliyevin başladığı əzəmətli işlərin davamıdır. Vaxtilə respublikaya rəhbərlik etdiyi dövrdən özünü çox uzaqgörən dövlət xadimi olduğunu təsdiq etmiş, gördüyü hər bir işlə, atdığı hər bir addımla bugünkü nailiyyətlərimizin  təməlini qoymuş Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  inamla həyata keçirilir. Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyaları rəhbər tutan, hazırda Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edən və adı dünyanın aparıcı siyasətçiləri ilə yanaşı çəkilən Prezident İlham Əliyev respublikaya rəhbərlik etməyə başladığı ilk gündən Heydər Əliyev ideyalarının, Heydər Əliyev siyasi xəttinin alternativi olmadığını və onun müəyyən etdiyi strategiyanı həyata keçirməklə Azərbaycanın sürətli inkişafını təmin edəcəyini bildirmişdir.

Keçdiyimiz qısa tarixi dövr, xüsusilə son 8 ildə görülən işlər sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir. Azərbaycanın Prezidenti İlham Əliyev də ulu öndərin yolunu davam etdirir, bu gün respublikada aparılan işlərin məqsədini, özünün əsas fəaliyyət prinsipini çox aydın ifadə edərək deyib: "Əgər gələcəyi düşünməsəm, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Bizim bu gün həll etdiyimiz problemlər gələcəyə yönəlibdir. Dünya tərəqqi edir. Biz ona çatmalıyıq".

Ölkə Prezidentinin bu mövqeyi onun keçdiyi Heydər Əliyev məktəbinin ənənələrinə və Heydər Əliyev ideyalarına sadiqliyinin bir nümunəsidir. Yəni, həmişə irəliyə can atmaq, həmişə gələcəyi düşünmək və gələcəkdə daha müsbət nəticələr verəcək məsələləri həll etmək, son nəticədə ölkənin sabit, dayanıqlı və dinamik inkişafını təmin etmək əsas məsələ kimi qarşıya qoyulur.

Azərbaycan xalqının dövlətçilik tarixinin ən parlaq simalarından biri olan Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir. Bu ideyalar bugünkü və gələcək Azərbaycan üçün kompas rolunu oynamış, bu gün də, sabah da, bir sözlə, Azərbaycan dövləti durduqca həmin ideyalar yaşayacaq və ölkəmizi, xalqımızı daha xoşbəxt, daha firavan gələcəyə aparacaqdır.

Ümumiyyətlə, dünyanın digər böyük şəxsiyyətləri kimi, Heydər Əliyevin də keçdiyi həyat yolu, yaşadığı ömür ona görə tarixə dönmüşdür, ona görə tarixdə yaşayır ki, Heydər Əliyev həmişə gələcəyi - xalqının, millətinin, dövlətinin taleyini düşünmüş, bu gələcəyin daha gözəl, daha parlaq olması üçün var gücü ilə çalışmış, öz ideyaları ilə bu işıqlı gələcəyə aparan yollara işıq salmış, yüzlərlə, minlərlə insanı, yəni bütün Azərbaycan xalqını vahid və nəcib amallar uğrunda mübarizəyə səfərbər edə bilmiş, öz xeyirxah işləri, qətiyyəti, xarakter bütövlüyü ilə insanları irəli apara bilmişdir.

Heydər Əliyev ideyalarının gücü və əbədiyaşarlığı ondadır ki, bu ideyalar böyük vətənpərvər insanın, fenomenal liderlik istedadına malik dövlət rəhbərinin keçdiyi çətin, kəşməkəşli, siyasi burulğanlara davam gətirən çox şərəfli həyat yolunda əldə olunan zəngin təcrübəyə və yüksək erudisiyaya, dünyagörüşünə əsaslanır.

Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovetlər İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. Heydər Əliyevin Azərbaycan tarixinin az qala yarım əsrlik bir dövrünün güzgüsünə çevrilmiş məruzə və çıxışlarını, dünyanın nüfuzlu siyasi xadimləri ilə keçirdiyi saysız-hesabsız görüşlərdə söylədiklərini izlədikcə Azərbaycan xalqı üçün nə qədər zəngin bir siyasi irs qoyub getdiyinə heyran qalırsan.

Ulu öndər Azərbaycan Kommunist Partiyasının  Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.

Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Çox sonralar -  2000-ci il sentyabrın 5-də Moskvanın "Kommersant" qəzetinin müxbirinə verdiyi  müsahibədə həmin illəri xatırladaraq demişdi: "Mən istəyirdim ki, Azərbaycan müstəqil, ilk öncə iqtisadi cəhətdən müstəqil olsun. Çünki hər hansı bir müstəqilliyin əsasını iqtisadiyyat təşkil edir. Məsələn, mən çoxlu su elektrik stansiyası tikdirmişdim. Moskvada mənə deyirdilər, bu, sizin nəyinizə gərəkdir? İzah edirdilər ki, Sovetlər İttifaqının vahid enerji sistemi var və o, bütün ölkəni elektrik enerjisi ilə təmin edir. Bunun nə üçün lazım olduğunu mən onlara demirdim. Deyirdim, istəyirəm ki, bizdə yeni iş yerləri olsun və i.a. Mingəçevirdə hərəsi 250 meqavat gücündə 9 blokdan ibarət iri kompleks, Şəmkir Su Elektrik Stansiyasını tikdirdim. Yenikənd SES-in tikintisinə başladım. Sonra onun tikintisi dayandırıldı. Yeri gəlmişkən, mən qayıtdıqdan sonra Dünya Bankından kredit götürdüm, onu tikdirib başa çatdırdım və istismara verdim". Ulu öndərin bu fikirlərini izlədikcə  Prezident İlham Əliyevin nə üçün Azərbaycanda energetikanın inkişafına bu qədər böyük əhəmiyyət verdiyini daha asan dərk edir, bu gün Azərbaycanda enerji istehsalını 6,5 min meqavata çatdıran yeni-yeni elektrik stansiyalarının nə üçün inşa edildiyini daha yaxşı anlayırsan.

1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş, hazırda Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Toşiyuki Fucivaranın ötən il ulu öndərin 88-ci ildönümü ərəfəsində verdiyi müsahibəsində dediyi fikirlər maraq doğurur. O, Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayaraq qeyd edirdi ki, Azərbaycanın bugünkü sürətli inkişafının təməlində məhz onun müəyyən etdiyi strategiya dayanır, onun Azərbaycan Prezidenti kimi fəaliyyəti yalnız öz xalqı üçün deyil, eyni zamanda, beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xarici dövlətlər üçün də çox faydalı olmuşdur.

Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, onun arzuları artıq həqiqətə çevrilmişdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir.

Ulu öndərin adını daşıyan, nəinki Azərbaycanda, eləcə də dünyada çox böyük və xeyirxah işləri ilə tanınan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dediyi kimi, uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək Heydər Əliyevin bütün arzuları, ideyaları reallaşacaqdır.

Ümummilli lider Heydər Əliyevin ölməz ideyaları təkcə enerji siyasətimizi deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.

Ümummilli lider özünün qurub yaratdığı və ilk gündən respublikanın aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabrın 21-də keçirilən ikinci qurultayında Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: "Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir". Ulu öndərin böyük qürur və iftixarla dediyi bu sözlərin arxasında onun titanik  səyləri və qətiyyətli addımları dayanırdı. Özünün dediyi kimi, bu, öz-özünə yaranmamışdı: "Ancaq bunun üçün çox işlər görmək lazım idi. Təkcə elə deyəsən ki, biz dövlət müstəqilliyini möhkəmləndiririk... Nə cür möhkəmləndirirsən? Nə edirsən? Biz iftixar hissi ilə deyə bilərik ki, 1993-cü ilin o ağır böhran ilindən ölkəmizi çıxardıq və böhran vəziyyətini ləğv etdik, ictimai-siyasi sabitlik yaratdıq və onu qoruyuruq".

Heydər Əliyev çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və  möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə Yeni Azərbaycan Partiyasının üzvləri və xalq qarşısında belə hesabat verirdi: "Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına  yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur  bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir".

Keçmiş Sovetlər İttifaqında 70 il hökm sürən rejimin bütün ağırlıqlarını çiyinlərində daşımış bu müdrik insan bir daha Azərbaycanın həmin quruluşa qayıtmayacağını qətiyyətlə deyir və bunu cəmiyyətə təlqin edərək Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibəti ilə 2000-ci il iyulun 21-də keçirdiyi görüşdə bildirirdi: "Keçmiş quruluşa yol yoxdur, sosializmin, yaxud kommunizmin bərpasına yol yoxdur, totalitarizmə yol yoxdur, bunların heç birisinə yol yoxdur. Biz irəliyə gedirik, demokratiya, plüralizm, mətbuat azadlığı ilə gedirik və bu yolla da gedəcəyik. Bu, asan yol deyildir. Bu, çətin yoldur".

Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.

Heydər Əliyevi digər siyasi xadimlərdən fərqləndirən cəhətlərdən biri də bu idi ki, o, iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilir, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi.  Məhz onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulmuş, özəl sektor yaradılmış, respublikaya böyük xarici sərmayələr cəlb edilmiş, sahibkarlıq üçün geniş imkanlar açılmış, sovet dövründən qalma fabrik və zavodlar dünya bazarına çıxarıla biləcək məhsullar istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilmişdir. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanmışdır. Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır. 2002-ci ildə Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Cudi O Konnor ilə görüşdə Azərbaycanın tutduğu islahatlar yolunu səciyyələndirərək deyirdi: "Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik".

Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: "Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var".

Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdir ki: "Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik".

Doğrudan da, 1993-cü ildən sonra keçirilən islahatların miqyası və sürəti heyrətamizdir. Bunlardan təkcə kənd təsərrüfatı və torpaq islahatlarını göstərmək kifayətdir. Ulu öndər artıq 2001-ci ildə deyirdi: "Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995-1996-cı illərdə torpaq islahatı keçirdik. O vaxt bu bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır". Məhz Heydər Əliyevin bu cəsarətli addımları sayəsində Azərbaycan kəndlisi öz torpağının əsl sahibinə çevrilmiş və bunun böyük bəhrəsini bu gün də görməkdədir. Respublikanın kənd təsərrüfatında son illərdə qazanılmış qələbələr isə göz qabağındadır. Ulu öndərin bu sahədə başladığı işlər müstəqilliyimizin sonrakı illərində də uğurla davam etdirilmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi böyük kömək sayəsində artıq Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən bir dövlətə çevrilmişdir.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi  və tarazlı beynəlxalq siyasəti olmalıdır. Buna görə də öz çıxışlarında dönə-dönə qeyd edirdi: "...bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz".

Ulu öndər həmişə vurğulayırdı ki, Azərbaycan xalqı tarixin ona verdiyi böyük müstəqillik şansından ağıl və məharətlə istifadə etməli, dünyada yüzlərlə xalqın mövcudluğuna baxmayaraq, onlardan az bir hissəsinin müstəqil dövləti olduğunu dərk etməli, bir daha bu misilsiz nailiyyəti əldən verməmək üçün azərbaycançılıq kimi yüksək məfkurə ətrafında sıx birləşməli, millətlər içində öz imzasını əbədi qoruyub saxlamaq üçün daim səy göstərməli, ayıq-sayıq olmalıdır.

Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilmiş, Azərbaycanın iqtisadi və siyasi maraqlarını qoruyaraq  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olmuş, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açmışdır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan vermiş və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır". Doğrudan da, 2006-cı ildə bu kəmər işə başladı və  Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbir və  təmkinlə, eyni zamanda heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.

Ulu öndər Azərbaycanda sahibkarlığı, bir sözlə, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün bilavasitə yerli və xarici sahibkarların özü ilə vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. Həmin sorğuların  nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü.

Belə görüşlərdən biri də xarici sahibkarlarla keçirdiyi görüş idi. Həmin görüşdə o, üzünü xarici sahibkarlara tutaraq deyirdi: "Azərbaycanda özəl sektorun fəaliyyətinə, biznesin inkişafına maneələrin, əngəllərin bir qismini biz bilirik və lazımi tədbirlər görürük. Bugünkü görüş də Azərbaycan Prezidentinin biznes nümayəndələri ilə daha yaxın münasibətlər yaratması məqsədi daşıyır. Bu münasibətlər də yalnız və yalnız biznesin inkişafını təmin etməkdən, xarici sərmayəni daha çox cəlb etməkdən və ölkəmizin iqtisadiyyatını inkişaf etdirməkdən ibarətdir".

Hələ sovet dövründə öz prinsipiallığı və neqativ hallarla barışmazlığı ilə tanınmış Heydər Əliyev yaxşı bilirdi ki, sahibkarlığın genişlənməsində, ümumiyyətlə, cəmiyyətin inkişafında ən böyük bəlalardan biri korrupsiya hallarıdır. Buna görə də korrupsiyanın kökünün kəsilməsini, buna imkan yaradan səbəblərin aradan qaldırılmasını, ən başlıcası, bütün sahələrdə şəffaflığın təmin edilməsini ön plana çəkirdi. Bu barədə açıq və kəskin danışmaqdan çəkinməyərək deyirdi: "Korrupsiyanı inkar etmək mümkün deyildir. Korrupsiya ilə mübarizə etmək lazımdır. Mübarizə də Azərbaycanda gedir və gedəcəkdir. Buna heç kəsin şübhəsi olmasın. Bizim iqtisadi tədbirlərimizin də çoxu - əgər onları yaxşı həyata keçirə bilsək - məhz korrupsiyanın qarşısını ala biləcəkdir. Başqa vasitələrdən də istifadə olunacaqdır. Bunu hamı bilməlidir".

Heydər Əliyev bunu real surətdə həyata keçirmək üçün ilk növbədə hüquqi bazanın və işlək mexanizmlərin yaradılmasını təmin etmişdi, bu mexanizm və strukturların səmərəli fəaliyyət göstərməsinə ciddi nəzarət edirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Neft Fondunun şəffaf fəaliyyəti buna əyani misaldır. Həmin prinsiplərin və ənənələrin bu gün ölkəyə rəhbərlik edən dövlət başçısı İlham Əliyev tərəfindən daha qətiyyətlə davam etdirildiyini heç kəs inkar edə bilməz. Azərbaycan Prezidenti bu məsələləri daim nəzarətdə saxlamaqla yanaşı, korrupsiyanın və bürokratiyanın aradan qaldırılmasının daha müasir vasitələrindən istifadə edir. Bu vasitələr ilk növbədə elektron hökumətin yaradılmasına yönəldilmiş tədbirlərdir. Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə Heydər Əliyevin informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində müəyyən etdiyi strategiyaya uyğun olaraq bu sahəni ən müasir səviyyəyə qaldırmaqla məmur-vətəndaş təmaslarının get-gedə azaldılmasını, bilavasitə əhalini narahat edən belə təmasların elektron formada həyata keçirilməsini təmin edir.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla  zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir.

Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə başçılıq etdiyi son 8 ildə Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz  çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.

Dövlət başçısının hazırlayıb həyata keçirdiyi çoxsaylı proqramlarla yanaşı, indi Azərbaycan 2020-ci ilə qədər olan dövr üçün inkişaf konsepsiyasının işlənməsi barədə qəbul etdiyi qərar onun ölkə qarşısında daha böyük vəzifələr qoymasından xəbər verir. Bu il yanvarın 27-də Nazirlər Kabinetinin geniş iclasında Prezident qeyd etmişdir ki, 2023-cü ilədək Azərbaycanda ümumi daxili məhsulun həcmi iki dəfə artırılacaqdır. İlk baxışda fantastik görünən bu ideyanın uğurla reallaşacağına heç bir şübhə yoxdur. Çünki Heydər Əliyev ənənələrini inamla davam etdirən İlham Əliyevin indiyədək verdiyi heç bir vəd kağız üzərində qalmamış, onun qəbul etdiyi bütün proqramların çoxu həqiqətə çevrilmiş, qalanları da hazırda həqiqətə çevrilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin 88-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə indiki şəraitdə Azərbaycanı dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkə kimi səciyyələndirmiş, güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılmasını, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsini, azərbaycançılıq ideologiyasının gücləndirilməsini bu gün üçün prioritet məsələlərdən hesab edərək, Azərbaycanın bütün uğurlarının təməlinin 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmiş və bir daha qeyd etmişdir: "Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik. Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq".

 

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Sənədlərlə və

vətəndaşların müraciətləri ilə iş

şöbəsinin müdiri, YAP Siyasi

Şurasının üzvü

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 5.