Yaxın gələcəkdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması üçün bütün potensialı var

 

Azərbaycan 2020: təklif edirəm

 

Prezident İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci il tarixində imzalanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam ölkəmizin gələcək inkişafının istiqamətinin müəyyən edilməsində mühüm sənəddir. Sənəddə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Konsepsiyada layihənin açıq müzakirəyə çıxarılması üçün xüsusi bənd də var. Çünki bu sənədin geniş müzakirə olunması, cəmiyyətin bütün təbəqələrinin müzakirələrdə iştirakı vacib amillərdəndir.

Azərbaycanda ilk növbədə sənayeləşmə prosesi sürətləndirilməlidir. Bu məqsədlə ölkəmizə dünyada istifadə olunan qabaqcıl texnologiyalar gətirilməlidir. Dünyada mövcud olan kəskin iqtisadi rəqabətə tab gətirmək üçün mütləq bazara ucuz və keyfiyyətli məhsul çıxarılmalıdır. Başqa halda ənənəvi satıcı və alıcı münasibətləri formalaşan dünya bazarına daxil olub uğur qazanmaq mümkün deyil. Buna nail olmaq üçün yerli xammaldan istifadəyə üstünlük verilməlidir. Bu yolla məhsulun maya dəyərini aşağı salmaqla dünya bazarına keyfiyyətli məhsul çıxara bilərik. Keyfiyyətli və ucuz məhsulun isə dünya bazarında həmişə alıcısı olur. Məsələn, Azərbaycan neft ölkəsi olduğu üçün qeyri-neft ölkələri ilə müqayisədə neft-kimya sənayesini inkişaf etdirməkdə üstün mövqeyə malikdir. Belə imkandan ölkəmiz mütləq yararlanmalıdır.

Hazırda ölkənin ixrac potensialının böyük hissəsi neft məhsullarıdır. Lakin iqtisadiyyatın bütünlüklə neftdən asılı olması çox təhlükəlidir. Vəziyyətdən çıxmaq üçün qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır və qeyd edim ki, son vaxtlar bu sahədə ciddi irəliləyişlər var. Bu gün dövlət tərəfindən görülən tədbirlər nəticəsində qeyri-neft sektorunda iqtisadi artım 10 faizə çatıb. Ancaq ümumi daxili məhsulda və ixracda qeyri-neft sektorunun payı hələ aşağıdır. Bunu aradan qaldırmaq üçün yeni istehsal müəssisələri tikilməlidir. Həmin müəssisələrin yaradılması zamanı mütləq daxili tələbat ödənilməklə yanaşı, məhsulun ixrac imkanları da nəzərə alınmalıdır. Biz xaricə nə qədər çox məhsul satsaq, bir o qədər də valyuta qazanmaq imkanımız artar. Ölkəyə valyuta axınının artması isə maliyyə imkanlarının genişlənməsi və iqtisadiyyatın inkişaf etməsi deməkdir.

Ağır sənaye, maşınqayırma və dəzgahqayırma sənayesinin inkişafı hər bir dövlətin iqtisadi gücünün göstəricisidir. Güclü maşınqayırma sənayesinə sahib olan ölkələr iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək qüdrətinə malikdir. Bir sözlə, maşınqayırma sənayesi ölkə iqtisadiyyatında lokomotiv rolunu oynaya bilir. Azərbaycanda neft maşınqayırma sənayesinin yaşı bir əsrdən çoxdur. Bu sahədə ölkəmizin zəngin təcrübəsi və yüksəkixtisaslı kadrları var. SSRİ dövründə neft maşınqayırma sənayesi müəssisələrinin 70 faizi Azərbaycanda fəaliyyət göstərirdi. Biz dünyanın 21 ölkəsinə neft avadanlıqları ixrac edirdik. Təəssüf ki, müstəqillikdən sonra bu sahəyə biganə münasibət göstərildi, bir çox müəssisələr fəaliyyətini dayandırdı, qalanları da tam gücü ilə işləyə bilmədi. Neft maşınqayırma sənayesinin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün bir məsələni qeyd etmək istəyirəm. SSRİ dağılan kimi Rusiya Azərbaycandan bu sahədə asılılığını aradan qaldırmaq üçün qısa bir zamanda özünün güclü neft maşınqayırma sənayesini yaratdı.

Azərbaycan neft ölkəsidir. Biz hələ uzun illər neft istehsalı ilə məşğul olacağıq. Buna görə də mütləq neft maşınqayırma sənayesini müasir dövrün tələblərinə uyğun quraraq məhsul istehsalına başlamalıyıq. Heç kəsə sirr deyil ki, neft avadanlıqları dünya bazarında baha qiymətə satılır. Bu sahəni yenidən ayağa qaldırmaqla milyardlarla dollar xərcləyib xaricdən neft avadanlıqlarının alınmasından imtina edə bilərik. Uzun illər bu sahədə işlədiyim üçün əminliklə deyə bilərəm ki, Azərbaycan qısa bir zamanda neft maşınqayırma sənayesini dirçəltməklə həm özünü lazımi avadanlıqlarla təmin edə bilər, həm də onları xaricə ixrac etmək imkanı qazanar. Bunun üçün ölkəmizdə maşınqayırma sənayesində böyük təcrübəyə malik yüksəkixtisaslı kadr potensialı var.

Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə ölkəmizdə yüksək texnologiyalar əsasında fəaliyyət göstərən hərbi sənaye kompleksi yaradılıb. İstərdim bu sahənin istehsal gücü, maddi-texniki bazası və elmi potensialı daha da artırılsın. İndiki şəraitdə hərbi sənaye kompleksinin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Birincisi, ölkəmizin ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal olunmuş torpaqların düşməndən azad olunması üçün ordumuz müasir silahlarla təchiz edilməlidir. İkincisi, ötən illərin acı təcrübəsi göstərdi ki, bəzi düşmən qüvvələr ölkəmizin silahlanıb ərazilərimizin qorunmasına müxtəlif yollarla mane olurlar. Bir sözlə, bizi düşmən qarşısında silahsız qoyub çətin duruma salmaq istəyirlər. Buna görə də mütləq ölkəmizdə ordu üçün lazım olan silah-sursat istehsal edilməlidir. Üçüncüsü, hərbi sənaye kompleksi güclü olan ölkələr dünyada söz sahibinə çevrilir və onunla hesablaşırlar. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş hərbi sənaye kompleksinə malik güclü ordu formalaşdıran dövlətlərə təcavüz etməyə heç kəs cəsarət etmir. Biz bunu İsrailin timsalında açıq-aydın görürük. Dördüncüsü, hərbi sənaye kompleksinin inkişafı eyni zamanda elmi-texniki tərəqqiyə yol açır. Məsələn, ötən əsrin ən böyük nailiyyətlərindən biri olan internet hərbi sənaye kompleksi tərəfindən müdafiə məqsədli sifariş yerinə yetirilərkən kəşf olunub.

Hərbi sənaye kompleksini inkişaf etdirərkən dünyada baş verə biləcək hərbi-siyasi dəyişikliklər də nəzərə alınmalıdır. Sovet hərbi sənaye kompleksi ömrünün son illərində bu cür dəyişikliklərə hazır olmadığından, demək olar ki, tamamilə sıradan çıxmışdı. Analoji vəziyyətlə üzləşməmək üçün bu sahədə qeyri-hərbi təyinatlı məhsulların hazırlanması da nəzərdə tutulmalıdır. Belə olarsa sahə fosmajor hallarında öz gücünü qoruyub saxlaya bilər. Sovet hərbi sənaye kompleksinin ən böyük varisi olan Rusiya bu gün dağılmış müəssisələrini bərpa etmək üçün milyardarla dollar vəsait xərcləməyə məcbur olub. Biz Rusiyanın acı təcrübəsini mütləq nəzərə almalıyıq.

Ölkədə kosmik sənayenin inkişafına böyük önəm verilir. Bu sahəni inkişaf etdirməkdən ötrü dövlət tərəfindən xüsusi proqramlar hazırlanıb həyata keçirilir. Kosmik sənayenin inkişafı ölkəmizə dünyada öz iqtisadi, sənaye və elmi potensialını nümayiş etdirmək üçün bir vasitədir. Bu sahədə aparılan elmi tədqiqatlar eyni zamanda ölkəmizin iqtisadi, elmi və hərbi qüdrətinin artırılmasına təkan verə bilər. Ən başlıcası isə milli təhlükəsizliyimizin təmin edilməsi sahəsində kosmik sənaye müstəsna rol oynayar. Buna görə də hesab edirəm ki, dövlət qarşıdakı illərdə kosmik sənayenin inkişafına daha çox diqqət yetirməlidir.

Atom sənayesinin yaradılması da vacibdir. Söhbət, təbii ki, atomdan dinc məqsədlər üçün istifadə etməkdən gedir. Atom enerjisi ən ucuz və effektli enerji sayılır. Elmin inkişafı ilə əlaqədar hazırda atomdan təkcə enerji mənbəyi kimi istifadə edilmir. Atomdan hazırda sənayenin müxtəlif sahələrində, o cümlədən iqtisadiyyatda, hətta tibbdə geniş istifadə olunur. Ümumiyyətlə, atom sahəsində elmi tədqiqatlar aparmaq və ondan dinc məqsədlər üçün istifadə emək ölkəmizə uğur qazandırar. Atomdan istifadə həmçinin elmin inkişafına təkan verər.

Hər bir dövlətin iqtisadi inkişafında enerji təhlükəsizliyi mühüm rol oynayır. Bu istiqamətdə uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycanda enerji təhlükəsizliyi tam təmin edilib. İndi ölkəmizdə daxili tələbatı ödəmək üçün lazım olan qədər enerji istehsal olunur. Odur ki, bugünkü  əsas hədəfimiz enerji ixracını artırmaq olmalıdır. Bu məqsədlə ilk növbədə ölkədə olan təbii imkanlardan istifadə edilməlidir. Çayların üzərində kiçik və orta həcmli su elektrik stansiyaları tikməklə iki mühüm məsələni həll etmiş olarıq. Birincisi, ölkədə istehsal edilən elektrik enerjisini daha da artırmaqla enerjinin ixracını genişləndirə bilərik. İkincisi, həmin stansiyaların fəaliyyəti nəticəsində yığılan su ehtiyatlarını torpaqların suvarılmasına yönəldərək aqrar sektorun inkişafına əlavə imkan yaradarıq. Bunlardan əlavə, əhalinin içməli suya olan tələbatını da ödəmək mümkündür.

İqlim şəraitimiz alternativ enerji istehsalı üçün çox əlverişlidir. Azərbaycanda hava ilin çox vaxtı günəşli və küləkli olur. Bu təbii imkanlardan maksimum dərəcədə faydalanmalıyıq. Bərpa olunan enerji kompleksini genişləndirməklə həm enerji istehsalını artıra, həm də ekoloji tarazlığı qoruyub saxlaya bilərik.

Azərbaycan həm də dəniz ölkəsidir. Biz güclü neft donanmasına malikik. Bu da ölkəmizə enerji resurslarını dünya bazarına çıxarmağa imkan verir. İstərdim ki, neft donanmamızın imkanları daha da genişləndirilsin. Bununla bərabər, quru yüklərin daşınmasında istifadə olunan gəmi bərələrinin sayı da artırılsın. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Ələt limanından Avropadan Asiyaya və geriyə daşınan yüklərin həcmi milyon tonlarla ölçüləcək. Ona görə də indidən bu sahədə bütün hazırlıqları görməliyik.

Məlumdur ki, vaxtilə Azərbaycanda iri gəmiqayırma zavodları var idi. Bu gün biz həmin sənaye kompleksini də dirçəltməliyik. Bu sahədə xarici ölkələrdən asılılığa yol vermək olmaz. Bizim Xəzər dənizində böyük iqtisadi və hərbi maraqlarımız var. İqtisadi maraqlarımızı qorumaq üçün Xəzər dənizində ölkənin güclü hərbi dəniz donanması olmalıdır. Bir neçə dəfə qonşu dövlətlər Xəzər dənizindəki iqtisadi maraqlarımıza güc tətbiq etməklə təhdid edilməyimizin şahidi olmuşuq. Güclü gəmiqayrıma sənayesi həm də qüdrətli hərbi dəniz donanmasının yaradılmasına imkan verər. Bu da birbaşa ölkəmizin milli təhlükəsizliyinin qorunması deməkdir.

Müasir dünyada informasiya və kommunikasiya texnologiyaları (İKT) məhsulları həyatın bütün sahələrinə geniş daxil olub. İndi İKT-dən kənar heç bir sahənin inkişafı mümkün deyil. Ölkəmizdə də İKT vasitələrindən geniş istifadə olunur. Biz bu sahədə MDB-də lider olmaqla bərabər, həmçinin bir sıra inkişaf etməkdə olan ölkələrlə eyni sırada dururuq. Amma hələ tələbatımızı demək olar  idxal vasitəsilə ödəyirik. İstərdim ki, Azərbaycanda İKT sektoru daha geniş və daha sürətlə inkişaf etsin, istehsal etdiyimiz məhsullar ölkənin tələbatını ödədikdən sonra xarici bazara da çıxarılsın.

Regionların sosial-iqtisadi inkişafını təmin edən iki dövlət proqramı qəbul edilib. Birinci proqramın icrası nəticəsində bölgələrdə böyük həcmdə işlər görülüb. Rayon mərkəzləri abadlaşdırılıb, mühüm sosial-iqtisadi infrastruktur obyektləri tikilərək istifadəyə verilib. İndi növbə kəndlərin abadlaşdırılmasına çatıb. Bunun üçün kəndlərə yeni yollar çəkilməli, körpülər salınmalıdır. Eyni zamanda, kəndlərdə yeni təhsil və tibb ocaqları inşa edilərək əhalinin istifadəsinə verilməlidir. Kəndlərdə yerli xammaldan istifadə etmək üçün emal sexləri yaradılmalıdır. Belə olarsa fermer istehsal etdiyi məhsulu əlavə nəqliyyat xərclərini çəkmədən yaşadığı yerdə emal müəssisələrinə sata bilər. Bu müəssisələr həm də kəndlərdə yaşayan əhalinin işlə təminatına kömək edər. Dövlət kəndlərdə böyük şirkətlərin filiallarının açılmasına da dəstək verməlidir. Lazım gələrsə, həmin şirkətlərə kəndlərdə tikdikləri istehsal sahələrinə görə müəyyən güzəştlər də edilə bilər.

Azərbaycan iqtisadiyyatında aqrar sektor önəmli rol oynayır. Ölkədə iş qabiliyyətinə malik olan əhalinin 38-40 faizə qədəri bölgələrdə yaşayır. Deməli, aqrar sektorun inkişafı həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ərzaq təhlükəsizliyi dövlətlərin diqqət mərkəzində olan məsələlərdəndir. Yaxın gələcəkdə bu problemin daha kəskin xarakter daşıyacağı barədə alimlər müxtəlif proqnozlar verirlər. Bir çox dövlətlər ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik kontekstindən yanaşırlar və gələcəkdə ölkələrinin ərzaq qıtlığı ilə rastlaşmaması üçün indidən tədbirlər görürlər. İlk növbədə iqlim dəyişikliyinə uyğunlaşan məhsuldar sortların yetişdirilməsi və ildə iki dəfə məhsul götürmək sahəsində elmi tədqiqatlar aparılır. Bir neçə ölkədə bu sahədə uğurlu nəticələr də əldə edilib. Dövlət başçısı İlham Əliyev də ərzaq təhlükəsizliyinə xüsusi önəm verdiyi üçün müvafiq sərəncam imzalayıb. Ərzaq təhlükəsizliyinin təmin edilməsi isə aqrar sektorun inkişafından keçir.

Aqrar sektor bir-biri ilə sıx bağlı olan, eyni zamanda bir neçə fərqli sahələri özündə birləşdirir. Taxılçılıq və digər dənli bitkilərin məhsuldarılğının artması paralel olaraq heyvandarlıq və quşçuluğun inkişafına da təkan verir. Bitkiçilik heyvandarlıq və quşçuluq üçün alternativi olmayan yem bazasıdır. Belə olan halda bir sahənin inkişafı digər sahəni də inkişaf etdirir. Aqrar sektorda dövlət layihələri icra edilərkən bu amilə diqqət yetirilməlidir. Eyni zamanda ilkin məhsul istehsalı ilə son məhsul istehsalının uyğunlaşdırılmasına fikir verilməli, bölgələrdə güclü emal sənayesi yaradılmalıdır. Həmin müəssisələr müasir avandanlıq və texnologiyalarla təmin edilməlidir. Ona görə ki, istehsal olunan məhsul daxili tələbatı ödədikdən sonra xarici bazara da çıxarıla bilsin.

Sirr deyil ki, hazırda bizim aqrar sektorda məhsuldarlıq aşağı səviyyədədir. Lakin məhsuldarlığı bir neçə dəfə artırmaq mümkündür. Bunun üçün xaricdən daha məhsuldar toxum və damazlıq üçün cins mal-qara gətirilməsini genişləndirmək lazımdır. Eyni zamanda aqrar sahənin alimləri tərəfindən yeni məhsuldar sortlar yaradılmalıdır. Bu məqsədlə dövlət aqrar elmin maddi-texniki bazasını gücləndirməlidir.

Xarici ölkələrin, xüsusilə də Çin və digər Asiya dövlətlərinin təcrübəsi göstərir ki, aqrar sektorda kiçik emal müəssisələrinin fəaliyyəti böyük əhəmiyyətə malikdir. Birincisi, belə müəssisələr az vəsait xərcləməklə qısa müddət ərzində məhsul istehsal etmək imkanına malikdir. İkincisi, bu müəssisələrin yaradılması kiçik və orta sahibkarlığın inkişafına təkan verir. Üçüncüsü, həmin müəssisələrin fəaliyyəti bölgədə insanların işlə təminatına imkan yaradır. Dördüncüsü, aqrar sektorda məhsul istehsalını artırır. Məsələn, bölgələrdə meyvə-tərəvəz emal edən kiçik müəssisə yerli fermerin alıcısına çevrilir. Beləliklə, fermer məhsulu istehsal etdiyi yerdə sata bilir. Belə iş birliyi istehsalçı və emalçı üçün sərfəlidir. Son nəticədə bundan ölkə də qazanır.

Aqrar sektoru inkişaf etdirərkən iqtisadi zonaların və rayonların yerli xüsusiyyətləri nəzərə alınmalıdır. Həmin ərazilərdə yetişdirilən kənd təsərrüfatı məhsullarına uyğun olaraq bu ərazilərdə bir neçə güclü emal müəssisələri yaradılmalıdır. Bu yolla hazırda mövcud olan emal müəssisələrinin monopoliyasına son qoyulmalıdır. İndi bölgələrdəki emal müəssisələri öz monopoliya imkanlarından istifadə edərək fermerlərə şərtlərini diktə edirlər. Beləliklə, iqtisadi rəqabət sıfıra enərək iqtisadi inkişafın qarşısını alır, nəticədə fermerlərin məhsul istehsalına marağını azaldır.

Dövlət aqrar sektoru inkişaf etdirmək üçün yeni əkin sahələrini dövriyyəyə daxil etməlidir. Həmin ərazilərdə iri aqrar kompleksləri tikilməli və bu komplekslərdə eyni vaxtda istehsal və emal müəssisələri yaradılmalıdır.  Məsələn, heyvandarlıq üzrə ixtisaslaşan aqrar kompleksin özünün ət və süd emalı müəssisəsi ola bilər. Belə halda istehsalçı yetişdirdiyi məhsulunu son məhsula çevirməklə bazara çıxarmaq imkanı qazanar. Bu da sahibkarı məhsul istehsalını daha da artırmağa sövq edər. Nəticədə həm məhsuldarlıq artar, həm də keyfiyyət. Belə qaydanı pambıqçılıq, üzümçülük və aqrar sektorun digər sahələrinə də tətbiq etmək mümkündür.

Ərzağa olan tələbatın artması, sürətli urbanizasiya və iqlim dəyişiklikləri dünyanın su tələbatı sisteminin həddən artıq yüklənməsinə gətirib çıxarır. Bu məsələ beynəlxalq miqyasda ciddi problemə çevrilib. Birləşmiş Millətlər Təşkilatının dünyadakı su ehtiyatlarından istifadədə yaranan problemlərə həsr olunmuş məruzəsində qeyd edilir ki, 2050-ci ildə dünyada ərzağa, xüsusən də heyvandarlıq məhsullarına tələbat 70 faiz artacaq. Ərzaq məhsulları istehsalının genişləndirilməsi nəticəsində kənd təsərrüfatında qlobal su istehlakı ən azı 19 faiz çoxalacaq.

Ölkəmizdə bu istiqamətdə xeyli işlər görülüb. Prezident İlham Əliyevin göstərişi ilə hazırda Taxtakörpü və Şəmkirçay su anbarları tikilir. Həmin  anbarların istifadəsi aqrar sektorun inkişafına xidmət göstərəcək. Təklif edirəm ki, ölkəmizin suya olan tələbatını ödəmək üçün bölgələrdə olan çayların üzərində kiçik və orta həcmli su elektrik stansiyaları tikilsin. Yuxarıda qeyd etdiyim kimi, bu, həm elektrik enerjisi istehsalını, həm aqrar sektorun suya olan tələbatının ödənilməsində mühüm rol oynaya bilər. Eyni zamanda, bölgələrdə yaşayan əhalini içməli su ilə təmin etmək mümkündür. Bununla yanaşı, həmin dəryaçaylarda əmtəə balıqçılığını inkişaf etdirməklə əhalinin balıq məhsullarına olan tələbatını da ödəmək olar.

Xəzər dənizində balıq artımı azaldığı üçün onun ovu kəskin şəkildə aşağı düşüb. Əhalini belə faydalı ərzaq növü ilə təmin etməkdən ötrü daxili su höfzələrində, süni göllərdə əmtəə balıqçılığın daha da inkişaf etdirilməsi vacibdir. Bu sahədə sahibkarlıqla məşğul olmaq istəyənlərə dövlət güzəştli şərtlərlə kreditlər verməlidir. Azərbaycanda əmtəə balıqçılığını inkişaf etdirmək üçün kifayət qədər təbii imkanlar mövcuddur və bu imkanlardan mütləq istifadə olunmalıdır.

Dünyanın bir çox ölkələri xüsusi iqtisadi zonalar yaratmaqla böyük inkişafa nail olub. Ölkəmiz də belə imkandan istifadə edib bir neçə xüsusi iqtisadi zona yaratmalıdır. Azərbaycan bu işin öhdəsindən asanlıqla gələ bilər. Buna ölkəmizin yerləşdiyi coğrafi məkan, Avropa ilə Asiyanın nəqliyyat qovşağı üzərində yerləşməsi, sürətlə inkişaf edən iqtisadiyyat və siyasi sabitlik imkan verir. Ölkəmiz beynəlxalq aləmdə etibarlı iqtisadi tərəfdaş və biznes mühitinin münbitliyinə görə nüfuz qazanıb. Təklif edirəm ki, bizdə bir neçə azad iqtisadi zona yaradılsın. Bu zonaların bölgələrdə fəaliyyət göstərməsi daha məqsədəuyğundur.

Xüsusi iqtisadi zonalarla yanaşı, xarici və daxili investisiyalar hesabına sənaye şəhərcikləri də yaradılmalıdır. Prezidentin göstərişi ilə Sumqayıtda müasir texnologiyalara əsaslanan belə bir sənaye şəhərciyi fəaliyyət göstərir. İstərdik ki, belə sənaye şəhərciklərinin sayı çox olsun. Sənaye şəhərciklərinin bölgələrdə salınması isə yerli xammaldan istifadəni artırar. Belə hal məhsulun maya dəyərini aşağı salmaqla yanaşı, daha çox adamın işlə təmin olunmasına imkan yaradar.

Turizm dünyada ən gəlirli sahələrdən biridir. Elə ölkələr var ki, onların dövlət büdcələri turizmdən gələn gəlirlərlə formalaşır. Prezident İlham Əliyev turizm sektorunun inkişafına xüsusi qayğı göstərir. Dövlət başçısı ötən ili "Turizm ili" elan etdi və ölkədə çoxlu işlər görüldü. Turizm eyni zamanda bölgələrin inkişafında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayır. Bu sektorun inkişafı həmçinin ölkənin mədəniyyətinin təbliğində və müsbət imicin formalaşmasında böyük əhəmiyyətə malikdir. Ölkənin maddi imkanlarından istifadə edilməklə turizm sektoru daha da genişləndirilməlidir.

Heç bir dövlətin inkişafını elm və təhsilsiz təsəvvür etmək mümkün deyil. Buna görə də ölkəmizdə təhsil sistemində ciddi islahatlar aparmaqla onun  maddi-texniki bazası genişləndirilməlidir. Ali təhsil ocaqlarında kadr hazırlığında kəmiyyətə yox, keyfiyyətə fikir verilməlidir. Universitetlər təkcə təhsil verməklə kifayətlənməməli, fundamental elmi-tədqiqat işləri aparmalı, onların qazandıqları elmi nailiyyətlərdən isə istehsalatda geniş istifadə olunmalıdır. Bunun üçün universitetlərin özlərinin istehsal sahələrinin olması da vacibdir.

Dövlət gənclərin xaricdə ali təhsil almasına qayğı göstərir. Bu çox təqdirəlayiq haldır. İstərdim ki, gəncləri xaricə dövlət hesabına təhsil almağa göndərərkən ölkənin hansı ixtisaslara ehtiyacı olduğu nəzərə alınsın. Bütün sahələr üzrə yüksək ixtisaslı kadrların olması bizim üçün çox önəmlidir.

Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Onların fəaliyyətini canlandırmaq üçün dövlət bu institutlara konkret layihələr üzrə sifarişlər verməli və onun icrasını  maliyyələşdirməlidir. Bir sözlə, elmi axtarışların dəyəri onun nəticələri ilə hesablanmalıdır.

Bu gün dövlət əhalinin rifah halının yaxşılaşması istiqamətində çox işlər görür. İstərdim ki, əhalinin sağlamlığında önəmli rol oynayan icbari tibbi-sığorta sistemi həyata keçirilsin. Belə olarsa, səhiyyə xidmətlərinin keyfiyyəti daha da yaxşılaşar və bu sahədə olan neqativ hallar aradan qalxar.

Bir sözlə, Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncam ölkəmizin gələcək inkişafını müəyyən edən mühüm sənəddir. Verilən təkliflər əsasında onun icrası Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında layiqli yer tutmasını təmin edəcək.

 

 

Vahid ƏHMƏDOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 6.