Erməni faşizminin azərbaycanlılara qarşı iki əsr ərzində apardığı
soyqırımları bəşər tarixinin
ən qanlı cinayətlərindəndir
Azərbaycan xalqı XIX əsrdən başlayaraq ermənilərin havadarlarının köməyi ilə həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin ağrı-acısını yaşamışdır. Amma tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş bu hadisələrə obyektiv qiymət verilməmişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əsl həqiqətləri dünyaya yaymaq və hüquqi-siyasi qiymət vermək mümkün olmuşdur.
Dünya ictimaiyyətinin həqiqətlərdən xəbərdar olması üçün görülən işlər sırasında erməni şovinizminin və millətçiliyinin qanlı siyasətini faktlarla ifşa edən kitabların yazılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ideya rəhbəri Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev olan və "Azərbaycan" qəzeti redaksiyası tərəfindən hazırlanan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi ermənilərin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, soyqırımı cinayətləri ilə bağlı dolğun təəssürat yaradan müfəssəl vasitədir.
Bu günlər Şuşa Rayon İcra Hakimiyyətində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvlərinin iştirakı ilə "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının ictimai müzakirəsi keçirildi.
Tədbir iştirakçıları soyqırımı qurbanlarının, torpaqlarımızın müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir iştirakçılarını salamlayan "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram SƏFƏROV "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildiyi ilə bağlı qısa məlumat verdi.
Bildirdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə "Azərbaycan" qəzetinin kollektivi tərəfindən hazırlanan kitabın erməni faşizmi, xalqımızın əsrlər boyu məruz qaldığı soyqırımı və deportasiya cinayətləri, bu qanlı siyasətin baiskarları və təşkilatçıları haqqında əsl həqiqətlərin təkzibolunmaz faktlar əsasında geniş ictimaiyyətə çatdırılması baxımından müstəsna əhəmiyyəti vardır. Bu, vaxtında yazılmış ən mühüm kitablardan biridir. Belə mövzularda nəşr edilmiş kitabların sayı daha da çox olmalıdır.
Sonra Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildiyi barədə hazırlanan sənədli filmə baxış keçirildi.
İctimai müzakirəni giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
- Ötən əsrin sonlarında Azərbaycan yenidən müstəqillik qazananda ölkəmizin zəngin təbii sərvətləri, mühüm geosiyasi mövqeyi məlum dövlətləri narahat etməyə başladı. Ona görə də Dağlıq Qarabağ adlı problemi süni şəkildə yenidən ortaya atdılar və böyük dövlətlərin əlində alətə çevrilmiş erməniləri Azərbaycanın üzərinə yönəldərək ölkəmizi müharibəyə sövq etmək, torpaqlarımızı işğal etmək ssenarisinə yenidən rəvac verdilər.
Düşmənlərimiz uzun illər boyu bu prosesə hazırlaşmış, təşkilatlanmış, saxta sənədlər əldə etmiş, arxivlərdən özləri üçün yalançı "əsaslar" düzəltmiş və beləliklə də dünya ictimaiyyətini ermənilərin guya soyqırımına məruz qalması barədə inandırmışlar. Ancaq bu prosesin qarşısını almaq, dünya ictimaiyyətini əsl həqiqətlərdən agah etmək üçün Azərbaycan iqtidarı xeyli iş görüb. Bu posesi şərti olaraq 3 mərhələyə bölmək mümkündür.
Birinci mərhələ Azərbaycanın informasiya blokadasından çıxarılmasıdır. Bu dövr ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev böyük bir diplomat, təbliğatçı və jurnalist ordusunun görə biləcəyi işin öhdəsindən təkbaşına gəldi. Xarici dövlətlərə səfər edərkən əlində çubuq xəritədə Azərbaycan və Dağlıq Qarabağın mövqeyini, harada yerləşdiyini, necə işğal odunduğunu insanlara izah edirdi. Azərbaycan Avropa Şurasına qəbul olunduqdan sonra bu proses beynəlxalq təşkilatlar çərçivəsində davam etməyə başladı. Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verildi, 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" möhtəşəm fərman verildi ki, bu sənəd tarximizin ağ ləkələrdən təmizlənərək yenidən yazılmasına əsas yaratdı. Beləliklə, birinci mərhələdə biz əsasən dünya miqyasına çıxmağa müvəffəq olduq.
İkinci mərhələ təxminən 2001-ci ildən başlayır. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. İkinci mərhələnin xarakterik xüsusiyyətləri budur ki, bir sıra beynəlxalq qurumlar Ermənistanın işğalçı dövlət olduğunu, Azərbaycan torpaqlarına təcavüz etdiyini artıq öz rəsmi sənədlərində göstərdilər. Eyni zamanda, Prezident İlham Əliyev informasiya savaşı və siyasi-ideoloji müharibə istiqamətində hücum diplomatiyası konsepsiyasını hazırladı. Bunun əsasında beynəlxalq miqyasda ardıcıl və məqsədyönlü proseslərə start verildi.
Növbəti mərhələ isə xeyli müddətdir başlayıb və Azərbaycan beynəlxalq təşkilatlarda başlamış olduğu işləri indi yeni müstəvidə davam etdirir. Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Eyni zamanda, artıq Meksika, Pakistan parlamentlərində Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub.
Bu mərhələnin ən böyük aksiyalarından biri 26 fevral 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən ümumxalq yürüşü oldu. Bu yürüşü bütün dünya izlədi və 60-dan çox xarici ölkədə Heydər Əliyev Fondu tərəfindən "Xocalıya ədalət!" kampaniyası təşkil olundu. Bu kampaniyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva rəhbərlik edir və çox möhtəşəm bir aksiyadır.
Azərbaycan dövləti bu sahələrdə məlum prosesləri dayanmadan, ardıcıl və effektiv şəkildə həyata keçirir. Çünki düşmən hiyləgər və məkrlidir, məlum dövlətlərin dəstəyinə arxalanır. Bu baxımdan Azərbaycanın sistemli şəkildə apradığı işlərin miqyası artır. Prezident İlham Əliyev erməni silahlı qüvvələri tərəfindən Şuşanın işğalının 20-ci ildönümünün qeyd edilməsi ilə bağlı 9 aprel 2012-ci ildə sərəncam imzalayıb. Sərəncamın mahiyyətində dayanan əsas məqamlardan biri də odur ki, biz siyasi-ideoloji cəhətdən daha da maariflənməli, tariximizin alt qatlarından xəbərdar olmalıyıq.
Bu prosesə öz töhfəmizi vermək üçün hörmətli akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə "Azərbaycan" qəzeti tərəfindən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı ikicidlik kitabı hazırlandı. Bu, elmi əsər deyil, amma Azərbaycan alimlərinin, tədqiqatçılarının son dövrlər apardıqları tarixi araşdırmalar və yazdıqları elmi əsərlər əsasında mükəmməl formada hazırlanıb. Akademik Ramiz Meydiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərinin ikicildliyə daxil edilməsi kitabın sanbalını və dəyərini daha da artırıb.
Birinci hissə ensiklopedik xarakterli məqalələrdən ibarətdir. Yəni iki əsr ərzində azərbaycanlıların başına gətirilmiş bütün soyqırımları haqqında yığcam məlumatlar öz əksini tapıb. Bu məlumatlar indiki və gələcək nəsil üçün ciddi bir sənəddir. Bütövlükdə bu materiallarla gənclərimizi silahlandırmalıyıq.
İkinci cilddə isə azərbaycanlıların iki əsr boyu üzləşdikləri faciələri, cinayətləri təsdiq edən tarixi sənədlər toplanıb. Ulu öndər Heydər Əliyevin 20 Yanvar 1990-cı il hadisələri ilə bağlı Moskvadakı Azərbaycan nümayəndəliyindəki məlum bəyanatından başlamış beynəlxalq qurumların sənədləri və qətnamələri, Prezident İlham Əliyevin nitq və çıxışlarından parçalar, arxiv materialları, ermənilərin cinayətkar mahiyyətini açan ayrı-ayrı dünya siyasətçilərinin, yazıçılarının fikrləri, erməni terrorunu sübut edən fotoşəkillər, fotofaktlar kitaba daxil edilib. İnanırıq ki, "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicidliyi ölkəmiz haqqında həqiqətlərin yayılması və dünya erməniliyinin ifşası yönündə əhəmiyyətli vasitə olacaqdır.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə müavini Vüsalə FƏTƏLİYEVA bildirdi ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya rəhbəri olduğu "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı yüzilliklər boyu məqsədli erməni məkrini, daşnakların xalqımıza qarşı hər cür təcavüzünü, pərdəli əməllərini, ərazi iddialarını bir daha elmi əsaslarla və faktlarla ifşa edən fundamental əsərdir:
- Torpağı, nəsli-kökü, dili, dini, mədəniyyəti, tarixi həyat yolu olmayan köçəri ermənilər onların məkrli iddialarına, istəklərinə rəvac verənlərlə bərabər XIX əsrdən başlayaraq məqsədləri naminə təşkilatlanmış, müqavilələr, bəyanatlar, uydurma sənədlər hazırlamışlar. Bunun davamı olaraq türklərə, azərbaycanlılara qarşı soyqırımı, terror, vəhşi, qəddar qətllər həyata keçirmişlər. Belə cinayətlər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Lənkəranda, Zəngəzurda və başqa bölgələrdə kütləvi şəkildə törədilmişdir.
"Azərbaycan" qəzetinin yaradıcı kollektivi tərəfindən hazırlanan və ictimai müzakirəsini keçirdiyimiz bu salnamə kitabda erməni vəhşilikləri tarixi mənbələrə istinadən göstərilmişdir. Kitabda maraqlı faktlar diqqətimi çox çəkdi: A.Mikoyanın 1954-cü ildə İrəvana gəlməsi, öz qaniçənlərinə Qarabağı və Naxçıvanı Ermənistana birləşdirmək planını o zaman SSRİ-yə rəhbərlik edən Xruşşova təsdiqlətdirmək barədə söz verməsi, İrəvanda qədim bir məscidi sökdürərək yerində quldur Andranikin heykəlinin qoyulmasına köməyi, Sisyanda da bu heykəlin qoyulması ücün razılığını alması, yazıçı Əli Vəliyev və bir neçə ziyalının Moskvaya gedərək bu işlərə mane olması bir daha oxucu diqqətinə hakim kəsilir. Sovet Ermənistanının yaradılmasının 40 illiyində A.Mikoyanın N.Xruşşovdan aldığı razılıqla Arpa çayının suyunun SSPİ-nin külli miqdarda vəsaiti hesabına dağlardan çəkilən kanallarla Sevana tökülməsinə nail olması, bunun müqabilində isə Şərur torpağının susuz qalması kimi hadisələr ermənilərin hər sahədə xalqımıza qarşı müharibə elan etməsinin təzahürlərindəndir. Mikoyanın Naxçıvandan torpaq qoparmaq istəyinə Xruşşov "Sizə Sibirdə nə qədər torpaq istəsəniz verərik, gedin orda bir Ermənistan yaradın" demişdi. Bu kimi fitnəkarlıq faktları kitabda çox sadə dillə, əsaslı faktlarla təqdim edilmişdir.
Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına dair dəyərli fikirləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ölkə rəhbərliyinin bütün cəbhələrdə apardığı mübarizə ilə bağlı kitabda yer alan faktlar yaddaşımızı təzələyir. Ona görə bu kitab hər kəs tərəfindən oxunmalı və öyrənilməlidir. "Keçmişi unutma ki, gələcək səni qınayar" prinspindən çıxış edərək son iki əsrdə başımıza gələnləri dərindən öyrənməliyik ki, qanlı tarix bir daha təkrar olunmasın.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin ƏHMƏDOV dedi ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində "böyük Ermənistan" xülyasını reallaşdırmaq olmuşdur:
- Azərbaycanlıların üzləşdiyi kütləvi haqsızlıqlara, soyqırımlarına obyektiv qiymət Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra verilmişdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla erməni millətçilərinin etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verilmişdir. Bununla yanaşı, Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanı Ermənistan ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunmasına deyil, eləcə də Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması istiqamətində görülən işlərə böyük təsir göstərmiş, xalqımızın üzləşdiyi haqsızlıqlarla bağlı təqdiqatların aparılmasında, tarixin olduğu kimi dünyaya çatdırılmasında yeni mərhələ açmışdır. Son illərdə bu mövzuda nəşr edilən kitabların sayının artması dediklərimizin bariz göstəricisidir. Bu silsilədən olan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi erməni faşizmini, xalqımıza qarşı soyqırımı cinayətləri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından dəyərli vasitədir. Kitabın ideya rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərinin kitabda ön söz əvəzi kimi yer alması ikicildliyin dəyərini artırmışdır ki, bu da təqdim edilən nəşrin dərin təhlilə, eləcə də elmi əsaslara söykəndiyini göstərir.
Kitabın birinci cildində ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir, onların soyqırımı cinayətləri, Azərbaycana qarşı Qarabağda yenidən işğalçılıq siyasətinə rəvac vermələri, azərbaycanlıların deportasiyası, Sumqayıt hadisələri, 20 Yanvar faciəsi geniş təhlil edilir. İkinci cilddə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair BMT, AŞ PA, ATƏT, İƏT tərəfindən qəbul edilmiş sənədlər, ümummilli lider Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların toplantılarında çıxışları, nitqləri, qəbul etdikləri qərarlar toplanmışdır ki, bunun da çox mühüm tarixi, siyasi əhəmiyyəti vardır. Bu cilddə Türkmənçay müqaviləsinin mətni, 1918-ci ildə ermənilər tərəfindən dağıdılan kəndlərin, 1948-1953-cü, 1988-1989-cu illərdə əhalisi Ermənistan tərəfindən deportasiya edilmiş azərbaycanlı yaşayış məntəqələrinin siyahısı verilmişdir ki, bunlar da olduqca mühümdür.
"Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi tarix elmimizə böyük töhfədir. Xalqımızın üzləşdiyi deportasiya və soyqırımı cinayətlərinin, ərazilərimizin işğalı faktının dünyaya çatdırılmasında bu ikicildliyin çox mühüm rolu olacaqdır.
İkicildliyin dünya erməniliyinə tutarlı cavab verdiyini deyən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyevin sözlərinə görə, bu kitab regionda baş verən ictimai-siyasi proseslərə qiymət verilməsi baxımından da böyük əhəmiyyətə malikdir.
- Ulu öndər Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ədalətli mövqeyi çərçivəsində həlli istiqamətində həmişə öz qətiyyətli mövqeyini ortaya qoyurdu. Fərəhli haldır ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan kitabda ulu öndər Heydər Əliyevin xalqımızın başına gətirilən soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymətin verilməsi, ərazilərimizin işğaldan azad edilməsi istiqamətində gördüyü işlərə, bu məsələlərin beynəlxalq təşkilatlarda - BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında müzakirə olunmasına, o cümlədən bu siyasətin Prezident İlham Əliyev tərəfindən hücumçu diplomatiyaya söykənərək uğurla davam etdirilməsinə xüsusi diqqət yetirilib ki, bu da Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından çox mühümdür.
Tariximizin qan yaddaşını özündə əks etdirən bu qiymətli əsərin hazırlanıb ictimaiyyətə çatdırılmasında akademik Ramiz Mehdiyev başda olmaqla zəhməti olan hər kəsə, "Azərbaycan" qəzetinin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. Bu cür kitabların işıq üzü görməsi Azərbaycan və türk xalqlarına qarşı əsrlər boyu soyqırımı və deportasiya siyasəti yeridən erməni millətçilərinin məkrli niyyətlərinin ifşası və tarixi ədalətin bərpa edilməsi baxımından olduqca vacibdir.
İdeoloji mübarizəyə böyük töhfə olduğunu nəzərə alaraq, "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi cəmiyyətin bütün təbəqələrində, o cümlədən təhsil müəssisələrində müzakirə edilməli, təbliğ olunmalıdır.
Tədbirdə çıxış edən Şuşa Mərkəzi rayon xəstəxanasının baş həkimi, əməkdar həkim Ramiq Məhərrəmov və şair-publisist Əyyub Şirvanlı ermənilərin XIX əsrdən başlayaraq ən yeni tariximizə qədər xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq siyasəti, soyqırımı cinayətləri ilə bağlı dolğun təəssürat yaradan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyinin nəşrini yüksək qiymətləndirdilər, kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürlərini çatdırdılar.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram SƏFƏROV qeyd etdi ki, üzləşdiyimiz tarixi haqsızlıqlar, ermənilərin qanlı siyasətinin nəticələri barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin yazılması çox vacibdir:
- Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı cinayətlərinə verilən ilk siyasi-hüquqi qiymət olmaqla yanaşı, bu məsələlərlə bağlı əsl həqiqətlərin üzə çıxarılması və dünyaya çatdırılması istiqamətində görülən işlərə böyük təkan vermişdir. Unutmamalıyıq ki, çağdaş dövrümüz erməni yalanlarının ifşası istiqamətində daha fəal olmağı və səmərəli fəaliyyəti tələb edir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri erməni vəhşiliklərinin, cinayətlərinin bütün dünyada ifşası üçün hücumçu diplomatiyaya söykənən siyasəti uğurla davam etdirmək, ideoloji fəaliyyəti daha da genişləndirməkdir.
Bu baxımdan müzakirəsinə toplaşdığımız bu kimi kitabların ərsəyə gətirilməsi çəkilən zəhmətin hədər getməməsi baxımından olduqca aktualdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu və "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanmış "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyini vərəqlədikcə erməni xislətini və erməniliyin iç üzünü bir daha dərindən dərk edirirk. Kitab ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, sonradan azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımlarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və s. məsələlərin öyrənilməsi baxımından çox dəyərlidir. Bu qiymətli kitabın ərsəyə gəlməsində "Azərbaycan" qəzeti redaksiyası kollektivinin böyük zəhməti təqdirəlayiqdir.
Kitabın ən böyük məziyyətlərindən biri ermənilərin Azərbaycan xalqına qarşı XIX əsrdən başlayaraq həyata keçirdikləri cinayətlərin - soyqımınının, deportasiyanın, işğalçılıq siyasətinin yığcam formada təqdim edilməsidir. İndiyədək bu sahədə kifayət qədər tədqiqatlar aparılmışdır. Lakin bunların hamısını bir yerə toplamaq olduqca mühümdür. Bu mənada kitabın belə bir formatda hazırlanması, iki cilddə bütün faktların toplanması çox ciddi məsələdir.
Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin kitaba ön söz kimi daxil edilməsi ikicildliyin tarixilik baxımından dəyərinin artmasına səbəb olmuşdur. Tarixi Azərbaycan torpağı olan Zəngəzur mahalının Gorus şəhərində absurd yalanların yer aldığı teatra bənzər məzhəkədə Ermənistan prezidenti S.Sarkisyanın dilə gətirdiyi "uydurma tədqiqatları" akademik Ramiz Mehdiyev öz əsərində elmi əsaslarla ifşa etmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin dəfələrlə "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır" fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha da artırmışdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə fevralın 26-da Xocalı soyqırımının 20 illiyi münasibətilə verdiyi sərəncam, bu soyqırımı ilə əlaqədar keçirilən izdihamlı ümumxalq yürüşünün önündə getməsi və aprelin 9-da Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında müvafiq sərəncam imzalaması ulu öndərin Qarabağ məsələsinin həlli üçün gördüyü işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə sübutdur.
Biz də hər zaman olduğu kimi, Prezident İlham Əliyevin apardığı bu siyasətə arxalanaraq Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətini daha da canlandırmaq məqsədilə Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməliyik. Əminik ki, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət və prinsipial mövqe öz bəhrəsini verəcək, tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız üçün müqəddəs olan üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşamızda yenidən dalğalanacaqdır.
İctimai müzakirədə kitab haqqında səslənən dəyərli fikirlərə görə təşəkkürünü bildirən Bəxtiyar SADIQOV dedi:
- Şuşa Azərbaycanın yalnız musiqi beşiyi və mədəniyyət mərkəzi deyil. Şuşa Azərbaycanın mənəviyyat mərkəzidir. Biz xalq olaraq bunu belə qiymətləndiririk. Şuşanın işğalının Azrbaycana vurduğu zərbəni ulu öndər Heydər Əliyevdən dəqiq ifadə edən şəxsiyyət yoxdur: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Əslində, bu o deməkdir ki, Şuşasız Azərbaycan yoxdur. Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində bu rayonun, şəhərin Azərbaycanın tarixində, mədəni-siyasi həyatında, ictimai mühitində, ədəbi yaddaşında tutduğu yeri ehtiramla xatırlayırıq.
İndi Azərbaycanla təcavüzkar dövlət arasında savaş hərb meydanında deyil, ideoloji sahədə, inorfmasiya cəbhəsində aparılır. Akademik Ramiz Mehdiyevin ideya rəhbəri olduğu "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının qayəsi həm də ondan ibarətdir ki, bu sahə ilə məşğul olan insanları, xüsusən də gənclərimizi tarixilik baxımından məlumatlandıraq, ideoloji sahədə silahlandıraq. Həmvətənlərimiz hər bir erməni yalanının qarışısına əsl tarixi faktları qoysun, hər bir erməni təxribatını real sənədlərlə ifşa etsin!
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rolu gündən-günə artır. 2010-cu ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlı icması üçün mənzil-qərargahın istifadəyə verilməsi icmanın fəaliyyətində yeni mərhələnin başlanğıcı olmuşdur. Həmin mərasimdə Prezident İlham Əliyev demişdir: "Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Dağlıq Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır".
Azərbaycan dövləti istənilən zaman öz torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir. Müharibə üçün güclü ordu, güclü iqtisadiyyat lazımdır. Bizim güclü ordumuz da var, güclü iqtisadiyyatımız da! Sadəcə, zamana ehtiyac duyuruq. Bu zamanı hamımız birgə səylə yaxınlaşdırmalıyıq. Cənab Prezident Nazirlər Kabinetində keçirdiyi sonuncu müşavirədə dedi ki, biz hər ay, hər gün qələbəyə yaxınlaşırıq! Biz də buna inanırıq və bilirik ki, Azərbaycan da gec-tez işğal altında olan ərazilərini azad edəcəkdir!
Azərbaycan.- 2012.- 24 aprel.- S. 7.