Azərbaycan ilə
İsrail arasında beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın daha da genişləndirilməsi
məsələləri müzakirə olunmuşdur
Aprelin 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan israilli həmkarı Aviqdor Liberman ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmışdır.
Azərbaycanın iqtisadi inkişafının göz qabağında olduğunu deyən A.Liberman ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycan ilə İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti də vurğulandığı görüşdə israilli nazir ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən məmnun olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir.
E.Məmmədyarov israilli həmkarına Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli prosesi istiqamətində atılan addımlar barədə
ətraflı məlumat vermişdir. Görüşdə həmçinin
qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə
bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 24 aprel.- S. 8.