Bakıda İsrail dövlətinin müstəqillik gününə və Azərbaycan-İsrail diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş mərasim keçirilmişdir

 

Aprelin 23-də "Yaxt klub"da İsrail Dövlətinin yaradılmasının 64-cü ildönümü və Azərbaycan-İsrail diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.

Mərasimdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman çıxış edərək bildirmişdir ki, Azərbaycan ilə İsrail arasında dostluq əlaqələri günbəgün inkişaf edir və möhkəmlənir. Biz 20 ildir ki, diplomatik münasibətlərimizdən danışırıq, amma xalqlarımız arasındakı əlaqələrin çox qədim tarixi vardır. Əlaqələrimizin bu gün qarşılıqlı hörmət, inamehtiram əsasında inkişaf etməsində dövlətlərimizin başçılarının xüsusi xidmətləri olmuşdur.

Yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanan sənədlər nəticəsində münasibətlərimiz bütün sahələrdə uğurla inkişaf etmişdir.  Əgər biz 20 il bundan əvvəl cəmi 15-20 milyon dollarlıq ticarət dövriyyəsindən danışırdıqsa, son illər ərzində ticarət dövriyyəmiz 4 milyard ABŞ dollarından artıqdır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan nazir demişdir ki, rəsmi Bakının beynəlxalq aləmdə də mövqeləri daha da möhkəmlənir.  A.Liberman ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırmış və demişdir ki, bu, Azərbaycana olan inamın, hörmətin və etibarın bariz nümunəsidir.

İsrailin xarici siyasət idarəsinin rəhbəri Azərbaycandakı siyasi sabitlikdən, tolerantlıqdan da məmnunluqla söz açmış, ölkəmizdə yaşayan yəhudilərin özlərini çox rahat və təhlükəsiz hiss etdiklərini bildirmişdir. Nazir Azərbaycanda yaşayan bütün xalqlar üçün   yaradılmış şəraiti, tolerantlığı yüksək qiymətləndirmişdir.

Sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edərək İsrail Dövlətinin yaranmasının 64-cü ildönümü münasibətilə qonaqları təbrik etmişdir. O, qeyd etmişdir ki, İsrail ilə Azərbaycan arasında həmişə sıx əlaqə olmuşdur. Ölkələrimiz arasında bu 20 ildə çox böyük uğurlar qazanılmışdır, dostluğumuz  daha da möhkəmlənmişdir.

Nazir demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox böyük inkişaf yolu keçmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının çox böyük rolu vardır. Xüsusilə də qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər bu əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. İsrail yeni texnologiyaları ilə dünyada böyük nüfuz qazanmışdır. Azərbaycan da inkişaf edərək ixracatçı ölkəyə çevrilmişdir. Bütün bunlar mövqelərimizin daha da möhkəmlənməsinə və nüfuzumuzun artmasına səbəb olmuşdur. İnanıram ki, bu əlaqələrin inkişafı hər iki ölkə üçün böyük gələcəkdən xəbər verir.

Sonra tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Mərasimdə hər iki ölkənin dövlət və hökumət üzvləri, deputatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 8.