Nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı tədbirlər davam edir

 

Vergilər Nazirliyində pos-terminal və nəzarət kassa aparatlarının tətbiqinə və istifadəsinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış xüsusi qərargahın növbəti iclası keçirilmişdir. Toplantıda Vergilər,  İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri iştirak etmişlər.

Vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, müvafiq infrastrukturun yaradılması istiqamətində Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərə toxunmuş, dövlət başçısının müvafiq strukturlar qarşısında müəyyənləşdirdiyi vəzifələr barədə danışmışdır. İ.Əhmədov bu tapşırıqlara uyğun olaraq sözügedən qərargah tərəfindən nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermiş, Bakı şəhəri üzrə proseslər xəritəsinin hazırlandığını, paytaxtın 11 rayonunun 60 sahəyə ayrıldığını, hər sahə üzrə 2 işçi qrupunun müəyyən olunduğunuonlara müvafiq treninqlərin keçirildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, əhali ilə nağdsız hesablaşmaların aparılması istiqamətində görülən işlərin qısa müddət ərzində başa çatdırılması məqsədilə bu işə əlavə qüvvələr cəlb edilib. Pos-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifə, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli üçünbütün zəruri işlər görülüb. Pos-terminalların quraşdırılması işlərini həyata keçirən əməkdaşları elektron ərizələrin daha çevik göndərilməsi üçün bütün zəruri proqramlarlainternet rabitəsi ilə təchiz olunub. Bu, istənilən obyektdə pos-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına ünvanlanmış elektron ərizənin operativliyini təmin edir.

İ.Əhmədov həmçinin bildirmişdir ki, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında sürətli elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün zəruri proqramlar sistemə yüklənib və pos-terminalların vergi orqanlarında onlayn qeydiyyata alınması təmin olunub. Artıq nəqliyyat sektorunda da pos-terminalların quraşdırılmasına başlanıb. Taksilərdə, eləcə də London Taksi TX4 avtomobillərində pos-terminallar quraşdırılır. Eyni zamanda ölkənin bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə də pos-terminalların quraşdırılması təmin edilir. Hazırda respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir. Paytaxtın mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında pos-terminal quraşdırılmalı obyektlərin 90 faizində artıq bu proses yekunlaşıb.

Toplantı iştirakçıları nağdsız ödəmələrin aparılması üçün infrastrukturun qurulması prosesinin əhali arasında maarifləndirmə aparılması ilə paralel şəkildə getməsinin zəruriliyini də qeyd etmişlər. Pos-terminalların tam işləməsini təmin etmək məqsədilə Vergilər Nazirliyində yaradılan qərargahın üzvləri və nazirliyin mərkəzi aparatının əməkdaşları tərəfindən paytaxt ərazisində pos-terminalların tətbiqinə və istifadəsinə dair monitorinqlər keçirilir. Bu monitorinqlər zamanı aşkar edilən texniki problemlər aradan qaldırılır, vergi ödəyiciləri arasında maarifləndirmə tədbirləri aparılır. Monitorinqlər göstərmişdir ki, pos-terminalların mövcudluğunu görən vətəndaşlar tədricən nağdsız ödəmələrin aparılmasına maraq göstərirlər.

Toplantı iştirakçıları vurğulamışlar ki, pos-terminalların normal qaydada işləməsi üçün ticarət obyektlərinin sahibləri nağdsız əməliyyatları aparan işçilərini qısamüddətli treninqlərə cəlb etməli, vətəndaşlar arasında nağdsız ödəmələrin aparılması qaydaları ilə bağlı geniş təbliğat işləri aparılmalıdır.

Qeyd olunan məsələlərə daha çevikoperativ qaydada nəzarət edilməsi məqsədilə qərargah üzvlərinə İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, Nəqliyyat Nazirliyi, eləcə də digər qurumların əməkdaşları ilə işlərin koordinasiyalı şəkildə qurulması tapşırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 9.