Erməni
mifomaniyası və həqiqət
Tarixi faktlar sübut edir ki, Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə, "erməni kartı"nı işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etmişdir. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman vermişdir. 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdir: "Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".
Bu, Azərbaycan torpaqlarının işğalının başlanğıcı olmuş, Rusiya ilə İran arasında bağlanan 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirmişdir. Türkmənçay müqaviləsindən dərhal sonra - 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" təşkil edilmişdir. Bu bədnam fərmanla tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli qoyulmuşdur.
Azərbaycanlılara qarşı həyata
keçirilən soyqırımı siyasəti planlı şəkildə
aparılmışdır
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti planlı şəkildə aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "böyük Ermənistan" dövləti qurmaq xülyasına düşmüş ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), "Daşnaksütyun" (1890, Tiflis), "Erməni Vətənpərvərləri İttifaqı", (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramlarında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyalarını həyata keçirmək məramı əsas yer tuturdu.
Böyük Sovet Ensiklopediyasında (20-ci cild, 1930) "Daşnaksütyun"la bağlı məlumatda deyilir: "Daşnaksütyun"un 1894-cü ildə qəbul olunmuş birinci proqramı vulqar marksizmin, liberalizmin, xalqçılığın və xırda burjua millətçiliyinin qarışığından ibarət idi. Proqramın mərkəzində "Türkiyə Ermənistanı"nı azad etmək ideyası dururdu. 1903-cü ildən partiya, demək olar ki, yalnız Türkiyə ərazisində fəaliyyət göstərirdi".
Rus diplomatı və yazıçısı A.S.Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər... Onlar yavaş-yavaş müsəlman əhalini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmçinin müsəlman əhalini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər onlara müvəqqəti yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar".
Tarixi mənbələrə nəzər saldıqda, ermənilərin Azərbaycan torpaqlarına gəlmə olduqları bir daha təsdiqini tapır.
Paskeviç "Erməni vilayəti"nin idarəsinə 1828-ci il iyulun 4-də göndərdiyi məktubda yazmışdı ki, müharibə zamanı xanlığın ərazisində rus komandirlərinin məktubunu gəzdirdiyinə görə Astvatsaturovanın ərini öldürmüş, rus generalı Benkendorfun dəstəsinə bələdçilik etdiyinə görə isə Hovhannes Əsliyanın gözlərini çıxarmış, burnunu və dilini kəsmişdilər. Arxiyepiskop Nersesin təqdimatı ilə hər üç ailəyə 10 çervon qızıl verilmiş, onların ailəsinə 30 manat təqaüd kəsilməsi qərara alınmışdı.
Rus ordusu İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə, müsəlman cəlali kürdləri isə Muşa qaçmışlar. Qarapapaqlardan digər 800 ailə isə Arazı keçib Həsən xanın (İrəvan xanı Hüseyn xanın qardaşı) dəstəsinə birləşmişlər. Onlarla birlikdə cəmədinli kürdləri (700 ailə), birukilər (400 ailə), dovmanlılar (400 ailə), çobankərəlilər (200 ailə), Zilanlı kürdləri (1000 ailə) sərhəddən o taya - Türkiyəyə keçmişlər.
İrəvan xanlığının ərazisində yeni rus üsuli-idarəsi tətbiq etmək üçün Paskeviçin əmri ilə İrəvan müvəqqəti idarəsi yaradılır və yerli qoşunların komandanı general Krasovski rəis təyin edilir. Arxiyepiskop Nerses Aştarakesi idarənin üzvü olur. Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla əlaqədar Paskeviç baş qərargah rəisinə göndərdiyi məktubunda yazırdı: "Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq". Yerli müsəlmanlar arasında narazılığın artması əhalini yaşadıqları yerlərdən köçüb sərhədin o tayına keçməyə vadar edirdi. Rusiyadan narazı əhalinin sərhədin o tayında cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə də o, Nersesi İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaşdırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini rəis vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çəkməyən Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.
1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün "Erməni vilayəti" yaradılması haqqında fərman verilir. Fərmanda deyilir: "İranla bağlanmış müqaviləyə əsasən, İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra "Erməni vilayəti" adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanları öz vaxtında alacaqdır".
İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı Aleksandr Çavçavadze təyin edilmişdi.
1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollej assesoru İ.Şopen "Erməni vilayəti"ndə kameral siyahıyaalma keçirmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən "Erməni vilayəti"nin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi" əsərində verilmişdir.
İ.Şopenə görə, "Erməni vilayəti"ndə 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində, 52-si Ordubad dairəsində olmuşdur. Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü.
İ.Şopenin hesablamasına görə, xanlıqların işğal edilməsinədək "Erməni vilayəti"nin ərazisində təxminən 23.730 ailə (İrəvan əyalətində 17.000 ailə, Naxçıvan əyalətində 4.600 ailə, Ordubad dairəsində 2.130 ailə) yaşamışdır. Orta hesabla hər ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər təşkil edir.
Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdı. Bu siyahıyaalmanın üstün cəhəti ondadır ki, ayrı-ayrı yaşayış məntəqələri üzrə İrəvandan və Türkiyədən köçürülən erməni ailələrinin sayı və onların hansı yaşayış məntəqəsində məskunlaşdırıldıqları göstərilmişdir.
1840-cı ildə "Erməni vilayəti" buraxılır. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid - Yeni Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalır.
Ermənilərin Osmanlı
imperiyasında türklərə qarşı törətdikləri
soyqırımı
Son iki əsrdə "dənizdən-dənizə böyük Ermənistan" xülyasını milli məqsədə çevirən bədxah qonşularımız ərazi ilhaqı siyasətini həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş ən dəhşətli cinayətləri özləri törətsələr də, insanlığa sığmayan bu vandalizm aktlarını, bir qayda olaraq, türklərin və azərbaycanlıların adına yazmağa çalışmışlar. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün bu qondarma soyqırımı iddialarının ayrı-ayrı ölkələrdə tanınmasına yönəlmiş genişmiqyaslı kampaniya aparırlar. 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsinin guya "1,5 milyon nəfər ermənini milli-etnik zəmində qətlə yetirməsi" kimi iftira xarakterli kampaniya da erməni mifomaniyasının real təhlükəlilik dərəcəsini aşkar nümayiş etdirir.
Acınacaqlısı həm də budur ki, özləri haqqında daim "məzlum millət" obrazı yaratmağa çalışan ermənilər bu çirkin iddialarını Türkiyəyə və Azərbaycana xoş münasibətdə olmayan bəzi dövlətlərə və təşkilatlara qəbul etdirə bilmişlər. Məsələyə siyasi motivlərlə yanaşan, özlərinin merkantil maraqları naminə ikili standartlara yol verərək ermənilərin qondarma iddialarını dəstəkləyən, bunu əldə bəhanə edən həmin dövlətlər və təşkilatlar, əslində, tarixi həqiqətin nədən ibarət olduğunun qətiyyən fərqində deyillər. Tarixən "erməni məsələsi"ndən Türkiyəyə qarşı "təzyiq vasitəsi" kimi yararlanmış həmin qüvvələr bu gün də rəsmi Ankaraya təsir göstərmək üçün qondarma erməni soyqırımı iddialarından bəhrələnirlər. Açıq demək lazımdır ki, məsələnin mahiyyətində bəzi dövlətlərin ermənilərə rəğbəti deyil, daha çox türk və islam dünyasına olan kin-küdurəti, aşkar qərəzi dayanır.
Pataloji baxımdan yalançılıqla üzvi surətdə bağlı olan xəstəlik psixologiyada mifomaniya kimi səciyyələndirilir. Məkrli xislətləri ilə yalanı və böhtanı dövlət siyasətinə çevirmiş ermənilərin 50 ildən çox müddətdə dünyanı qondarma soyqırımı kampaniyası ilə çaşdırmaq cəhdləri onların məhz belə bir psixoloji vəziyyətdə olduqlarına şübhə yeri qoymur. Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər yığcam yaşadıqları bütün dövlətlərdə "soyqırımına məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarını zehinlərə yeritmək üçün dəridən-qabıqdan çıxırlar. Tarixi faktlar isə göstərir ki, ötən əsrin əvvəllərində ənənəvi olaraq havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər qonşu xalqların əzəli əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırımı və terror aktları törətmişlər. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi barədə yayılan informasiyaların da cəfəngiyat olduğunu təsdiqləyir.
Həmin dövrün hadisələri ilə ümumi tanışlıq deməyə əsas verir ki, hələ XIX əsrin sonlarında Türkiyədə yaşayan ermənilər müxtəlif iddialarla bu ölkədə üsyanlar təşkil etmiş, məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Anadolunun Şərqində sıx şəkildə yaşayan ermənilərin ilk üsyanı 1890-cı ildə baş vermiş, Van, Sason, Adana ərazilərini əhatə etmişdir. 1905-ci ildə hətta türk sultanına qarşı sui-qəsd planlaşdıran ermənilər çirkin niyyətlərini həyata keçirməyə müvəffəq olmamışlar. Həmin vaxt bölgədə fəallaşan və təşkilatlanan erməni komitələri mülki əhaliyə qarşı xüsusi zorakılıq və amansızlıq nümayiş etdirmişlər.
1914-cü ildə Birinci dünya müharibəsinin başlanması ilə ermənilərin Türkiyə əleyhinə daha geniş və fəal iş aparmasına əlverişli tarixi şərait yaranmışdır. 1915-ci ilin əvvəllərində Çar Rusiyası Türkiyəyə müharibə elan edərkən məhz ermənilərdən vasitə kimi yararlanmış, Anadolu vilayətinin şərqində yaşayan erməni əhalisini yağlı vədlərlə aldadıb öz tərəfinə çəkməyə nail olmuşdur. Çar II Nikolay türklərə qarşı vuruşmaq istəyən erməni əsgərlərinin digər cəbhələrdən ayrılıb Qafqaz cəbhəsinə gəlmələri üçün xüsusi dekret də imzalamışdı. Türkiyədə yaşayan erməniləri silahlandırıb müharibəyə hazırlamaq, bu ölkənin daxilində üsyanlar təşkil etmək, türk ordusunun arxa cəbhə ilə əlaqəsini kəsmək, rus ordusunun geriyə hərəkətini asanlaşdırmaq üçün daşnak ideoloqlarına külli miqdarda maliyyə vəsaiti ayrılmışdı. Çar Rusiyası Osmanlı imperiyasını diz çökdürüb hakimiyyəti ələ alacağı təqdirdə erməniləri ali vəzifə kürsülərində əyləşdirəcəyi, onlara azadlıq və geniş səlahiyyətlər verəcəyi, habelə regionda müstəqil erməni dövlətinin yaranmasına kömək göstərəcəyi ilə bağlı üzərinə müəyyən öhdəliklər də götürmüşdü. Bu vədlərdən şirniklənən Anadolu erməniləri isə sürətlə silahlanaraq dinc əhaliyə qarşı kütləvi qırğınlara başlamış, Çar Rusiyasının Türkiyə ilə müharibədə qalib gəlməsinə çalışmışlar. Erməni terror təşkilatlarından xüsusi təlimat almış, silahlanmış ermənilər həmin dövrdə Türkiyənin bir çox yaşayış məntəqələrini dağıtmış, türklərlə yanaşı, kürdləri də qətlə yetirmiş, dinc insanlara divan tutmuşlar.
Anadoludan və Qafqazın bəzi vilayətlərindən gətirilmiş 5 diviziyalıq könüllülər dəstəsi Andranikin rəhbərliyi altında yüz min nəfərdən çox günahsız türkü öz doğma ata-baba torpaqlarında ağır işgəncələrlə qətlə yetirmişdir. Türkiyədə fəaliyyət göstərən müxtəlif erməni partiyalarının liderləri, çoxsaylı özək rəhbərləri, həmçinin Eçmiədzin kilsəsinin din xadimləri bu qətliamlar zamanı öz soydaşları olan daşnaklara hər cür kömək göstərmişlər.
Yaranmış ağır vəziyyətdə Ənvər paşanın rəhbərlik etdiyi Türkiyə hökuməti ölkədə azğınlıq edən bəzi erməni dəstələrinin Rusiya ilə iş birliyinin qarşısını almaq və tərksilah etmək, habelə dinc əhalinin təhlükəsizliyini qorumaq üçün onları müharibə zonalarından uzaqlaşdırmaq qərarına gəlmişdi. Osmanlı dövlətinin 1915-ci il 27 may tarixli "Köç" qərarı da ermənilərin müharibə olan bölgələrdən sabit regionlara köçürülməsinin şərtlərini, qaydalarını, mal-mülkün haqqının ödənilməsini, köçürülmə karvanlarının hərəkət istiqamətlərini, onların yollarda qorunmasını, dayanma məntəqələrini, hərəkət xəttini və digər məsələləri özündə əks etdirmişdir.
Osmanlı dövləti heç zaman milli-etnik zəmində soyqırımı
aktı törətməmişdir
Həmin dövrdə Osmanlı dövləti ermənilərlə müsəlmanlar arasında müəyyən toqquşmaların qarşısını almaq üçün müvafiq tədbirlər də görmüşdü. Ermənilərin ağlasığmaz vəhşiliyindən dəhşətə gəlmiş Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa dövlətçilik əleyhinə təxribatla məşğul olan 2345 nəfər cinayətkar erməninin həbsi barədə sərəncam vermişdi. Bundan sonra türk təhlükəsizlik qüvvələri ermənilərin ruslarla iş birliyinə son qoymaq məqsədilə 1915-ci il aprelin 24-də 2345 nəfər erməni təxribatçısını - "Qnçaq", "Daşnaksütyun", "Ramqavar" kimi terrorçu təşkilatların fəallarını həbs etmişdir. Həmin şəxslərə qarşı milli-etnik zəmində hər hansı soyqırımı aktı həyata keçirilməmiş, onlar, sadəcə, xəyanətlərinə və dinc əhaliyə divan tutduqlarına görə qanun qarşısında cavab vermişlər. Ermənilərin dünyaya car çəkərək "soyqırımı" adlandırdıqları bu hadisə, əslində, Osmanlı dövlətinin fərmanı əsasında ruslarla iş birliyinə gedən 2345 nəfər erməni terrorçusunun tutulub saxlanmasıdır.
Bu hadisədən dərhal sonra Eçmiədzin katolikosu Gevork Türkiyədə ermənilərə qarşı guya kütləvi qırğınlar törədildiyi barədə ABŞ Prezidentinə teleqram göndərmiş, erməni terrorçularının cəzalandırılmasını "soyqırımı aktı" kimi qələmə vermişdir. O, təcili surətdə "günahsız və əzabkeş" erməni xalqına kömək əlinin uzadılmasını xahiş etmiş, Çar Rusiyasının ABŞ-dakı səfiri isə Amerika hökumətini bu qondarma soyqırımı barədə məlumatlandırmışdır. Həmin mərhələdən etibarən "Daşnaksütyun" və digər erməni terror təşkilatları, Eçmiədzin kilsəsi, bütövlükdə erməni ictimaiyyəti "dənizdən-dənizə böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün qondarma erməni soyqırımı iddialarını dünya xalqlarının beyninə yeritmək istiqamətində geniş təbliğat kampaniyasına start vermişlər. O vaxtdan bəri 24 aprel tarixinin Ermənistanda qondarma soyqırımı qurbanlarını anma günü kimi qeyd olunmasına başlanılmışdır.
Professor Anar İsgəndərov özünün "Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı" adlı silsilə məqalələrində bu məsələyə toxunaraq yazır: "Erməni ideoloqları dünyanı inandırmaq istəyirlər ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdi. Bu günə qədər erməni millətçiləri həmin sənədin əslini fakt kimi heç kəsə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur... Hətta 1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi barədə heç bir sənəd və əmr tapılmayıb. Əksinə, Avropadan gələn məmurlar belə bir faktla rastlaşıblar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir".
1914-cü ildə Türkiyənin Birinci dünya müharibəsinə qoşulması ilə ermənilər belə bir fakt qarşısında qaldılar: "böyük Ermənistan" yaratmaq istədikləri ərazilərin bir hissəsi Türkiyədə, o biri hissəsi almanlara və türklərə qarşı vuruşan Rusiyada idi. Çox düşünmədən onlar özlərini antitürk qüvvələrin yanında gördülər.
Hərbi əməliyyatlar başlayan kimi Türkiyə Böyük Millət Məclisinə Ərzurumdan deputat seçilən Qaro Basdırmacan əsasən ermənilərdən ibarət hərbi hissələr ilə birlikdə rusların tərəfinə keçdi. Yeri gəlmişkən, türklər heç vaxt ermənilərin səmimiyyətinə inanmadıqları üçün tarix boyu onları orduya götürməzdilər. Sultanlıq zəiflədiyi son dövrlərdə isə məcbur olub onları da əsgəri xidmətə çağırırdılar. Bu da tezliklə öz acı nəticələrini verdi...
Qaronun başçılıq etdiyi dəstələr getdikcə daha da azğınlaşaraq türk kəndlərini dağıdır, əhalini amansızcasına qırırdılar. XIX əsrin sonu - XX əsrin əvvəllərində Türkiyədə baş verən bu qanlı hadisələrlə əlaqədar ingilis tarixçisi Filip Prays yazırdı: "Müharibənin başlaması ilə bu rayonların erməni əhalisi (şərq vilayətləri nəzərdə tutulur) Qafqazdakı rus hakimiyyət orqanları ilə xəlvəti əlaqələr qurdular və hamıdan gizli türk vilayətlərindən rus ordusu üçün könüllülər toplamağa başladılar... Şərq vilayətlərində hərbi xidmətdən yayınmalar kütləvi xarakter almışdı. Rus zabitlərinin rəhbərliyi altında erməni dezertirlərdən ibarət xeyli alaylar yaradılmışdı. Türk parlamentinin iki erməni deputatı Rusiyaya qaçmışdı. Ermənilərin buraxdığı qəzetlər qisasa, türkləri əzabla öldürərək analarını ağlatmağa çağırırdı. Ermənilərin etdiyi cinayətlər heç kəsdə şübhə doğurmur".
Tək bir gündə - 21 fevral 1914-cü ildə Qarsda və Ərdəhanda erməni quldur dəstələri tərəfindən 30 min türk qətlə yetirilmişdi. Körpələri tonqala atır, insanlara vəhşicəsinə əzablar verirdilər. Bu qətllərin bilavasitə başında "Qnçak" erməni terror təşkilatının ideoloqu, türk parlamentinin deputatı Stepan Ter-Danielyan dururdu. Ermənilərin düşünülmüş fəaliyyət planı haqda o vaxt Bitlis vilayətinin qubernatoru Mustafa bəy 3-cü Ordunun komandanına yazırdı: "Erməni liderlərin qərarına əsasən, hərbi əməliyyatlar başlayan halda erməni əsgərlər əldə silah düşmən tərəfə keçməlidirlər. Türk qoşunları uğur qazansa, ermənilər hərəkət etməyəcək, əksinə, əgər ordumuz geri çəkilsə, onların yaratdıqları partizan dəstələri qoşunların hərəkətinə maneələr törətməlidirlər".
Elə bu vaxtlar Sivas qubernatoru məlumat verirdi ki, "ələ keçənlərin verdiyi məlumata görə, ermənilərin vilayətdə 30 000 nəfər silahlısı var ki, onların da yarısı artıq rus ordusu ilə birləşib. O biri yarısına isə arxadan türk qoşunlarına zərbə endirmək tapşırığı verilib".
(Ardı
var)
Azərbaycan .- 2012.- 24 aprel.- S. 10.